IV Milli Kibertəhlükəsizlik Forumu

post-img

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə iyunun 4-də Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu uğurla keçirilib.

Açılış mərasimində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov çıxış edərək, ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafı, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, insan kapitalının formalaşdırılması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini Allahverən İsmayılov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev kibertəhlükəsizliyin milli təhlükəsizliyin mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini vurğulayıblar.

“Milli Kibertəhlükəsizlik Ekosistemi” adlı ilk sessiyada Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov, Moldova Kibertəhlükəsizlik Agentliyinin direktoru Mihai Lupașcu və “Huawei Technologies” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə baş kibertəhlükəsizlik və məxfilik direktoru Corey Deng çıxış edərək, milli kibertəhlükəsizlik strategiyaları, kritik infrastrukturun qorunması, kibercinayətkarlıqla mübarizə və beynəlxalq təcrübələr haqqında təqdimatlar ediblər.

Forum “Regional təcrübə və əməkdaşlıq” və “Rəqəmsal transformasiyada kiberçağırışlar” sessiyaları ilə davam edib.

XQ

Son xəbərlər