Gəncləri zərərli vərdişlərdən qoruyaq

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Səhiyyə Nazirliyi Respublika  QİÇS-lə Mübarizə Mərkəzi Gəncə şəhərindəki 24 və 25 nömrəli tam orta məktəblərdə “Sağlam gələcək sənin əlindədir” adlı maarifləndirmə aksiyası təşkil edib. Aksiyanın məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onları maarifləndirmək olub.

Maarifləndirici tədbir Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən fəaliyyət planına uyğun olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarçı mübarizəyə dair 2026–2030 -cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar İİV/QİÇS, narkomaniya və onun fəsadları ilə bağlı həyata keçirilib. 

Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional Laboratoriyasının baş mütəxəssisi Ülkər Qurbanova xüsusi hazırlanmış təqdimatla çıxış edib. Baş mütəxəssis çıxışında insanın İmmunçatmazlığı Virusu (İİV) və qazanılmış İmmun Çatışmazlığı Virusu (QİÇS) barədə ətraflı məlumat verib.  O, həmçinin narkomaniya və onun fəsadları barədə iştirakçıları maarifləndirib.

Çıxış zamanı İİv infeksiyasının yoluxma yolları, ondan qorunma üsulları, eyni zamanda, müalicə imkanları barədə məlumat verilib. Gənclərə, xüsusilə məktəblilərə sağlam həyat tərzi keçirməyə üstünlük verməyə, məsuliyyətli olmağa çağırış edilib.

Tədbir interaktiv formada davam edib. Daha çox şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda iştirakçılara  narkomaniya kimi ağır bəlanın, ümumiyyətlə, zərərli vərdişlərdən asılılığın sonrakı fəsadlarına həsr olunmuş maarifləndirici broşür və bukletlər paylanıb.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat