Azərbaycanın daha bir ilki

post-img

Ölkəmiz MDB məkanında birinci olaraq süni intellekt əsaslı şəbəkə alyansına qoşulub

“Azerconnect Group” şirkəti MDB regionunda ilk dəfə süni intellekt əsaslı yeni nəsil radio şəbəkələrinin inkişafı üzrə alyansa – AI RAN Alyansına qoşulub. NVIDIA, Nokia, Samsung və digər nəhəng şirkətlərin də üzv olduğu qlobal platforma mobil şəbəkə infrastrukturunun süni intellekt texnologiyaları əsasında təkmilləşdirərək daha ağıllı, çevik və səmərəli şəbəkə arxitekturalarının formalaşdırılmasını həyata keçirir.

Alyansa qoşulmaqla “Azerconnect Group” süni intellekt əsaslı mobil şəbəkə sahəsində qlobal və qabaqcıl texnologiyalara çıxış imkanlarını daha da genişləndirəcək. NVIDIA-nın Qrafik Prosessor Modulu əsaslı radio emalı və süni intellekt dəstəkli RAN alqoritmləri kimi innovativ həllərin tətbiqi şəbəkə dayanıqlılığının və spektr səmərəliliyinin artırılmasına töhfə verəcək. Bu şəbəkələr müxtəlif süni intellekt tətbiqlərinin rahat istifadəsini də təmin edəcək.

Eyni zamanda, “ağıllı” enerji optimallaşdırma həllərinin tətbiqi şəbəkə əməliyyatlarında daha yüksək səmərəliliyin təmin olunmasına və şirkətin dayanıqlılıq hədəflərinin dəstəklənməsinə xidmət edəcək. “Azerconnect Group”un AI-RAN Alyansına üzvlüyü 6G texnologiyalarına hazırlıq strategiyasında mühüm mərhələnin başlanğıcıdır. Platforma çərçivəsində “Azerconnect Group” əməkdaşları beynəlxalq ekspertlərdən ibarət işçi qrupları ilə birbaşa əməkdaşlıq edəcək, həmçinin müxtəlif texniki sessiya və təcrübə mübadiləsi platformalarında aktiv iştirak edəcəklər.

Xatırladaq ki, AI-RAN Alyansı telekommunikasiya sənayesində Radio Giriş Şəbəkələrinə (RAN) süni intellekt texnologiyalarının inteqrasiyasını sürətləndirmək məqsədilə yaradılmış qlobal əməkdaşlıq platformasıdır. 2024-cü ildə təsis olunan alyans telekommunikasiya ekosisteminin aparıcı iştirakçılarını bir araya gətirərək innovasiyaların təşviqinə, qabaqcıl təcrübələrin formalaşdırılmasına və RAN infrastrukturlarının məhsuldarlığını, əməliyyat səmərəliliyini və çevikliyini artıran yeni nəsil süni intellekt həllərinin inkişafına töhfə verir.

XQ

İqtisadiyyat