Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsindəki 6 nömrəli orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndici görüş keçirilib.
Məktəblərdə mütaliənin təşviqi, uşaqların yazıçı və alimlərlə birbaşa ünsiyyətinin qurulması, şagirdlərə oxu mədəniyyətinin aşılanması məqsədilə təşkil edilən toplantıda qonaqlar əvvəlcə məktəblilərin rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq olublar, öz kitablarını məktəb kitabxanasına hədiyyə ediblər.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli görüşdə Azərbaycan maarifçilik tarixindən, maarifçi ziyalıların xalqımızın elm və tərəqqiyə qovuşmasında müstəsna xidmətlərindən söz açıb. Akademik ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi diqqətdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirilməsindən konkret faktlar əsasında bəhs edib.
AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, Milli Məclisin deputatı Elnarə Akimova isə rəhbəri olduğu “Məktəb, elm və ədəbiyyat” layihəsi barədə məlumat verib. Milli Məclisin deputatı Mehriban Vəliyeva, Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə, yazarlardan Rafiq Yusifoğlu, Reyhan Yusifqızı, Sevinc Elsevər, Əziz Sultan, İbrahim İlyaslı və Elvin Əlizadə mütaliənin məktəblilərin yüksək elmi-mədəni dünyagörüşü qazanmaqda mötəbər mənbə olduğundan danışıblar.
Məktəbin direktoru Qönçə Səftərova görüşün şagirdlərin davamlı mütaliəyə təşviqində təsirli hadisə olduğunu söyləyib.
Ə.ƏLİYEV
XQ

