Əkinçilikdə bol məhsulun sirri təkcə torpağın bərəkətində deyil, həm də vaxtında və düzgün aparılan aqrotexniki qulluqda, ən başda isə suvarma suyundadır. Torpağın suya, fermerin isə bol məhsula olan ümidini gerçəkləşdirən qurumlardan biri də Tərtər Su Meliorasiya Sistemləri İdarəsidir.
İdarənin rəisi Murad Zeynalov bildirdi ki, bu gün rayonda 29 min 133 hektar əkin sahəsi məhz rəhbərlik etdiyi qurumun fəaliyyəti sayəsində canlanır.
Regionun su təminatından danışarkən idarə rəisi qeyd etdi ki, Suqovuşan su anbarının işğaldan azad edilməsi bölgənin taleyində köklü bir dönüş nöqtəsi oldu. Bu tarixi hadisədən sonra Tərtər düzünə sanki yeni nəfəs gəldi. İndi yerli fermerlər də dövrlə ayaqlaşır. Suyun hər damlasına qənaət etmək və keyfiyyətli məhsul götürmək üçün müasir damcılama və çiləmə sistemlərinə üstünlük verilir.
Tərtərin münbit torpaqlarını 4 böyük mənbə qidalandırır. Hər damla suyun arxasında isə böyük bir infrastruktur dayanır. Tərtərçay – 14 min 996 hektarın canı bu çayla bağlıdır. İncəçay və Qarabağ kanalı isə müvafiq olaraq 400 və 237 hektar sahəni su ilə təmin edir. Görülən işlər təkcə mövcud resurslarla kifayətlənmir. Hazırda tarlalara 3 böyük nasos stansiyası xidmət edir, yaxın günlərdə isə Borsunlu nasos stansiyasının istismara verilməsi ilə suyun həcmi bir qədər də artacaq.
İdarənin balansındakı 607 subartezian quyusu gecə-gündüz işləyir. Quyulardan 37-si birbaşa əhalinin içməli su ehtiyacına, 570-i isə suvarma və məişət işlərinə yönəldilib. Sudan itkisiz istifadə etmək üçün “Qaynaq” və “Qapanlı” kanallarının bir kilometrlik hissəsi beton üzlüklərlə əvəzlənib. Eyni zamanda, 385 kilometrlik suvarma arxı lildən təmizlənib, hidrotexniki qurğular yenilənib.
Ümumiyyətlə, Tərtər Su Meliorasiya Sistemləri İdarəsinin fəaliyyəti təkcə tarlalarla məhdudlaşmır. Qurum həm də rayon sakinlərinin fasiləsiz içməli su təminatçısıdır. Bu gün idarə 7 min 394 abonentə xidmət göstərir. Bundan başqa, rayonda 36 şəhid bulağı və 343 ictimai bulaq da bu şəbəkədən su alır.
Müasir şəhərin əsas göstəricilərindən biri də onun kanalizasiya və su təmizləyici sistemləridir. Tərtərçayın sağ sahilində yerləşən, sutkalıq gücü 7 min 500 kubmetr olan müasir tullantı sutəmizləyici qurğusu və 82 kilometrlik mərkəzi kanalizasiya şəbəkəsi ekoloji təmizliyin keşiyində durur. Borularda yaranan hər hansı problem isə qəza xidmətinin çevik müdaxiləsi ilə dərhal aradan qaldırılır.
Qeyd edək ki, Tərtərdə quruculuq işləri sürətlə davam edir. Şəhərin içməli su şəbəkəsi olmayan yerlərinə yeni xətlər çəkilir. Məsələn, Vüqar Həsənov küçəsində sakinlər artıq 2 kilometrlik yeni su xəttinin rahatlığından yararlanırlar. Seyidimli və Mamırlı kəndlərində də yeni xətlər çəkilib.
Planlar isə daha böyükdür. Qarşıdakı dövrdə Evoğlu və Poladlı kəndlərində yaşayış evlərinə yeni su xətlərinin çəkilməsi, Cəmillidə yeni bulaqların quraşdırılması və yararsız subartezian quyularının əsaslı təmiri nəzərdə tutulur. Çünki su həyatdır, Tərtərdə isə bu həyat hər gün daha da gözəlləşir və yenilənir.
Yeri gəlmişkən, 5 iyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür. Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1996-cı il iyunun 5-də ulu öndər Heydər Əliyev tərəfindən “Meliorasiya və irriqasiya haqqında” qanun imzalanıb. Prezident İlham Əliyevin 2007-ci il mayın 24-də imzaladığı sərəncamla 5 iyun - “Meliorator günü” peşə bayramı təsis edilib.
Vəli VƏLİYEV
XQ

