Qafqaz və Anadoludan keçən Avrasiya marşrutu

post-img

Bakı–Tbilisi–Qars dəmir yolu 3 ölkənin dostluq və inkişaf arteriyası olacaq

Azərbaycan, Gürcüstan və Türkiyə arasında uzun illər formalaşmış üçtərəfli əməkdaşlıq Şərq və Qərbin qlobal geoiqtisadi platformasına çevrilib. Son 30 ildə bu 3 qonşu ölkə arasında ən yüksək səviyyədə qurulan siyasi və iqtisadi koordinasiya, nümayiş etdirilən iradə nəticəsində həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri, bütövlükdə Avrasiya qitəsinin logistika xəritəsinin yenidən formalaşdırıb. Bu çoxşaxəli əməkdaşlığın reallığa çevirdiyi ən mühüm və qlobal xarakterli nümunələrindən biri, şübhəsiz, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttidir.

BTQ hazırda sadəcə texniki və ya iqtisadi infrastruktur layihəsi olmayıb, həm də regionda uzunmüddətli siyasi sabitliyin, təhlükəsizliyin və qarşılıqlı etimadın rəmzidir. Eyni zamanda, bu nəqliyyat arteriyası Asiya və Avropa qitələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə, qitələrarası ticarət xərclərinin əhəmiyyətli dərəcədə azalmasına və tədarük zəncirində marşrutların diversifikasiyasına birbaşa xidmət edir. Layihənin inkişafında və logistik imkanlarının genişləndirilməsində ən mühüm tarixi mərhələlərdən biri isə Gürcüstan ərazisində yerləşən Marabda–Kartsaxi marşrutunun və xüsusilə Axalkalaki stansiyasının genişmiqyaslı yenidənqurma işlərindən sonra modernləşdirilmiş hissəsinin rəsmi istifadəyə verilməsidir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu infrastruktur layihəsinin rəsmi açılış mərasimindəki çıxışında bu addımın ölkəsi üçün daşıdığı həyati strateji əhəmiyyəti xüsusi vurğulayıb. Bildirib ki, rəsmi Tbilisi özünün tranzit potensialını maksimum dərəcədə artırmaq və regional bağlantıları inkişaf etdirmək siyasətini bundan sonra da qətiyyətlə davam etdirəcək. Onun qənaətinə görə, Azərbaycan və Türkiyə ilə qurulan çoxşaxəli əməkdaşlıq əlaqələri Gürcüstanın milli iqtisadi inkişaf strategiyasının əsas sütunlarından biridir.

Baş nazir İrakli Kobaxidzenin rəsmi mövqeyinə və hadisələrə geosiyasi baxışına görə, Bakı–Tbilisi–Qars dəmir yolu təkcə üç qonşu ölkə arasında mövcud olan iqtisadi-ticari əlaqələri gücləndirmir, eləcə də Avropa və Asiya arasında ən qısa və etibarlı quru körpü rolunu oynayaraq regionun transmilli sistemində mövqeyini və diplomatik çəkisini strateji səviyyəyə qaldırır. Xüsusilə müasir dövrdə Orta Dəhlizin qlobal logistikada getdikcə daha çox önəm qazandığı və aparıcı qüvvəyə çevrildiyi bir şəraitdə, bu dəmir yolu xəttinin modernləşdirilməsi və ötürücülük qabiliyyətinin illik 5 milyon tona çatdırılmasını vurğulayıb. Qeyd edib ki, BTQ Avrasiya məkanında yükdaşımaların daha sürətli, təhlükəsiz və səmərəli təşkilinə misilsiz imkanlar yaradır. Bu reallıq isə tərəfdaş region ölkələrinin tranzit gəlirlərini bir neçə dəfə artırmaqla yanaşı, onların daxili iqtisadi dayanıqlılığını və qlobal təsirlərə qarşı müqavimətini əhəmiyyətli dərəcədə möhkəmləndirir.

Şübhəsiz ki, BTQ dəmir yolunun geosiyasi əhəmiyyəti qlobal ticarət sistemində və təhlükəsizlik arxitekturasında baş verən köklü dəyişikliklər fonunda özünü daha qabarıq şəkildə büruzə verir. Müasir dövrün reallıqları sübut edir ki, irimiqyaslı nəqliyyat marşrutları artıq, sadəcə kommersiya xarakteri daşımır, onlar dövlətlərin milli və strateji təhlükəsizlik konsepsiyalarının ayrılmaz, fundamental hissəsinə çevrilib. Dünyada cərəyan edən geosiyasi böhranlar şəraitində alternativ, təhlükəsiz və funksional logistik xətlərə malik olan və bu xətlərə nəzarət edən ölkələr beynəlxalq iqtisadi-siyasi proseslərdə hər zaman daha dayanıqlı, müstəqil və təsirli mövqe qazanırlar. Bakı–Tbilisi–Qars layihəsi bu baxımdan Azərbaycan, Gürcüstan və Türkiyənin regional güc mərkəzinə çevrilməsini, onların qlobal qərarların qəbulundakı iştirak payını sürətləndirən ən əsas hərəkətverici infrastruktur layihələrindən biridir.

***

Hazırda Bakı–Tbilisi–Qars dəmir yolu Xəzər dənizindən Qara dənizə, oradan isə birbaşa Avropanın mərkəzi bazarlarına uzanan fasiləsiz, multimodal nəqliyyat zəncirinin ən etibarlı və strateji halqasını təşkil edir. Bu nəqliyyat xətti yalnız ticari malların və konteynerlərin mənzil başına çatdırılmasını təmin etmir, eyni zamanda, region ölkələri arasında iqtisadi-ticari inteqrasiyanın dərinləşməsinə, birgə biznes platformalarının yaradılmasına, iri investisiya qoyuluşlarına və xalqlar arasında humanitar-mədəni əlaqələrin yeni müstəviyə keçməsinə əlverişli şərait yaradır. Orta Dəhlizin ana komponentlərindən və əvəzedilməz sütunlarından biri kimi BTQ Avrasiya qitəsində yeni bir iqtisadi əməkdaşlıq və regional tərəqqi modelinin formalaşmasında mühüm missiya yerinə yetirir.

Beynəlxalq ekspert dairələrinin və strateji araşdırma mərkəzlərinin yekdil rəyinə görə, bu meqalayihənin qazandığı böyük uğuru yalnız quru statistik göstəricilərlə və ya daşınan yüklərin tonajı ilə qiymətləndirmək tam mənzərəni ifadə etmir. Bu layihənin əsl uğuru onun regionda və beynəlxalq arenada yaratdığı uzunmüddətli siyasi-iqtisadi etimad mühitidir.

Məsələyə daha geniş geostrateji prizmadan yanaşan Türkiyənin Qaziantep Universitetinin professoru Ali Fuat Gökçe Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilərək yenidən tam gücü ilə istifadəyə verilməsini Azərbaycanın uzaqgörənliklə həyata keçirdiyi nəqliyyat, logistika və xarici siyasət strategiyasının böyük uğurlarından biri kimi dəyərləndirir.

Professorun sözlərinə görə, Çin ilə Avropa arasında qitələrarası yükdaşımalarının həcminin durmadan artması, qlobal logistika marşrutlarının təhlükəsizlik baxımından şaxələndirilməsi zərurəti və ənənəvi su yollarında geosiyasi risklərin yüksəlməsi fonunda Orta Dəhlizə tələbat artıb. Bu çərçivədə, Ümid burnu üzərindən həyata keçirilən dəniz daşımalarının uzun zaman aparması və yüksək maliyyə xərcləri tələb etməsi fonunda, BTQ qlobal ticarət və böyük korporasiyalar üçün daha sürətli, təhlükəsiz, iqtisadi baxımdan effektiv və rəqabətqabiliyyətli alternativ kimi ön plana çıxır.

Mövzu ilə bağlı politoloq Rizvan Hüseynov bildirib ki, qlobal ticarət və logistika sistemində baş verən dəyişikliklər Orta Dəhlizin əhəmiyyətini artırır:

“Mövcud geosiyasi şəraitdə Rusiya üzərindən Çindən və Türküstandan Avropaya daşınan yüklər ciddi məhdudiyyətlərlə üzləşir. Bunun əsas səbəbi Rusiyaya qarşı tətbiq olunan sanksiyalardır. Digər tərəfdən, İran da sanksiyalar altındadır və bölgədə davam edən gərginlik nəqliyyat marşrutlarının sabitliyinə mənfi təsir göstərir. Alternativ marşrut kimi Orta Dəhliz ən etibarlı və perspektivli quru nəqliyyat marşrutlarından birinə çevrilir”.

Beləliklə, Bakı–Tbilisi–Qars dəmir yolu xətti bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın, sağlam qonşuluq münasibətlərinin və ortaq inkişaf modelinin ən uğurlu nümunəsidir. Layihə sübut edir ki, qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlıq yalnız region dövlətlərinə deyil, bütövlükdə, Avrasiya məkanına fayda verə bilər.

BTQ-nin uğuru bir daha göstərir ki, Azərbaycan, Gürcüstan və Türkiyənin yaratdığı əməkdaşlıq modeli gələcəkdə də yeni layihələrin, yeni iqtisadi imkanların və yeni strateji təşəbbüslərin əsasını təşkil edəcək. Bu gün BTQ ilə hərəkət edən qatarlar təkcə yük daşımır, onlar üç ölkənin dostluq, tərəfdaşlıq və birgə inkişaf iradəsini də daşıyaraq Avrasiyanın gələcəyinə doğru yol alırlar.

Pünhan ƏFƏNDİYEV
XQ





Siyasət