Azərbaycanın rəqəmsal suverenlik strategiyası

post-img

Kiberhücumların qarşısının alınması milli sabitliyin tələbidir

İyunun 4-də Bakı şəhərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı çərçivəsində 4-cü Milli Kibertəhlükəsizlik Forumu öz işinə başlayıb. Forumun məqsədi respublikada milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, dövlət aparatının aidiyyəti qurumları ilə qeyri-dövlət sektoru arasında tərəfdaşlığı möhkəmləndirmək, habelə qlobal miqyasda qəbul edilən qabaqcıl idarəetmə təcrübələrinin, innovativ yanaşmaların paylaşılmasını təşviq etməkdir. Rəqəmsal müstəvidə yaranan təhdidlərin dövlətlərin suverenliyinə göstərdiyi təsir prizmasından yanaşdıqda, mövcud tədbirin siyasi analizi milli təhlükəsizlik doktrinasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Kiberhücumlar informasiya manipulyasiyaları və rəqəmsal kəşfiyyat əməliyyatları asimmetrik müharibənin təməl alətləri hesab edilir. Qlobal güc mərkəzləri arasındakı qarşıdurmalar mütəmadi olaraq kritik infrastrukturların rəqəmsal idarəetmə mərkəzlərinə yönəlir. Həmin reallıq fonunda Azərbaycanın milli informasiya infrastrukturunun kənar təsirlərdən mühafizə olunması və beynəlxalq standartlara cavab verən ekosistemin qurulması strateji zərurət qismində çıxış edir. Forum çərçivəsində kibertəhlükəsizlik sahəsində tanınmış beynəlxalq ekspertlərin, qlobal informasiya texnologiyaları korporasiyalarının rəhbər nümayəndələrinin iştirakı ölkənin qlobal rəqəmsal siyasət arxitekturasındakı yerini möhkəmləndirmək niyyətini nümayiş etdirir.

Süni intellekt mexanizmlərinin dövlət idarəçiliyinə inteqrasiyası ənənəvi siyasi qərarların qəbulu prinsiplərini əsaslı şəkildə dəyişdirib. Avtomatlaşdırılmış kiberhücumlar vasitəsilə ictimai rəyin manipulyasiya edilməsi, seçki proseslərinə müdaxilə cəhdləri, eləcə də dövlət sirlərinin ələ keçirilməsi riskləri müasir siyasi elmlərin əsas tədqiqat obyektlərindəndir. Tədbirdə regional əməkdaşlıq imkanlarının və kibermüdafiə sahəsindəki müasir yanaşmaların müzakirəyə çıxarılması rəsmi Bakının beynəlxalq təhlükəsizliyin qorunması prosesinə rəqəmsal müstəvidə də aktiv şəkildə qoşulduğunu təsdiqləyir.

“Milli Kibertəhlükəsizlik Ekosistemi” mövzusunda təşkil olunacaq sessiya çərçivəsində ölkənin əsas kibertəhlükəsizlik altqurumlarının rəhbər şəxslərinin çıxışları proqrama daxil edilib. Ekosistemin formalaşdırılması anlayışı siyasi leksikonda çoxsaylı subyektlərin – dövlət strukturlarının, tədqiqat mərkəzlərinin, müstəqil analitik institutların və texnoloji korporasiyaların vahid ideologiya ətrafında cəmləşməsini ehtiva edir. Qurumlararası koordinasiya milli qüdrətin təzahürü sayılmaqla bərabər, böhran vəziyyətlərində idarəetmənin iflic olmasının qarşısını alır.

Sessiyada beynəlxalq vendorlarla əlaqələrin rəsmiləşdirilməsi istiqamətində növbəti addımların atılması, habelə qlobal miqyasda böyük nüfuza malik “Huawei” şirkətinin nümayəndəsinə Məşvərət Şurasının sertifikatının təqdim edilməsi diplomatiyanın rəqəmsal qolunun inkişafını nümayiş etdirir. Beynəlxalq texnoloji nəhənglərlə əməkdaşlıq yalnız avadanlıq təminatı ilə bitmir, həm də dövlətlərarası etimadın, strateji tərəfdaşlığın səviyyəsini səciyyələndirir. Qərb və Şərq mənşəli texnologiya şirkətləri ilə bərabərhüquqlu işgüzar münasibətlərin qurulması tərəflərin maraqlar balansını qorumağa kömək edir.

Forum iştirakçılarının xüsusi sərgi zonası vasitəsilə yeni texnoloji avadanlıqlarla tanışlıq imkanı qazanması müstəsna əhəmiyyətə malikdir. Sərgidə yerli və beynəlxalq şirkətlərin innovativ məhsullarının nümayiş etdirilməsi milli kiber potensialın gücləndirilməsi siyasətinin məntiqi davamıdır. Asılılıq dərəcəsini azaltmaq istəyən hər dövlət, ilk növbədə, kadr potensialına diqqət ayırmalıdır. Təqdim olunan startap həlləri milli təhlükəsizliyə xidmət edən strateji alətlərdir. Texnoloji yeniliklərin mənimsənilməsi kəşfiyyat və əks-kəşfiyyat əməliyyatlarında məlumatların analiz sürətini artırır, qərarların qəbulunda obyektivliyi təmin edir. Daxili mənbələrə əsaslanan texnoloji bazanın yaradılması milli müstəqilliyin zəmanəti qismində dəyərləndirilir. Beləliklə, innovasiya amili qlobal arenada dövlətin rəqabət qabiliyyətini və siyasi çəkisini artıran vacib komponentə çevrilir.

***

Müasir dünya nizamında informasiya müharibəsi anlayışı ənənəvi hərbi doktrinaları üstələməyə başlayıb. İnformasiya məkanında aparılan mübarizələr, kütləvi şüurun manipulyasiyası, dövlət institutlarına olan etimadın azaldılması kimi hədəflərə xidmət edir. Bu səbəbdən kibertəhlükəsizlik platformasında aparılan müzakirələr aktuallıq kəsb edir. Rəqəmsal müstəvidə fəaliyyət göstərən düşmən qüvvələrin əsas məqsədi vətəndaşların siyasi iradəsini idarə etmək, daxili vəziyyəti sabitsizləşdirməkdir. Məsələnin analizi göstərir ki, mühafizə olunmayan rəqəmsal ekosistem istənilən an kənar qüvvələrin alətinə çevrilmək təhlükəsi yaşayır. Mövcud vəziyyət fonunda dövlət qurumları ilə qeyri-dövlət strukturunun sıx əməkdaşlığı önəm daşıyır. Milli maraqların müdafiəsi yalnız sərhədlərdə dayanmır, həm də optik-lifli kabellərin, peyk rabitə şəbəkələrinin və verilənlər bazalarının tam təhlükəsizliyini tələb edir.

Strateji hədəflərin ancaq elmi, texnoloji, institusional resursların səfərbərliyi ilə həyata keçdiyi inkarolunmaz həqiqətdir. Beynəlxalq təcrübələrin və uğurlu praktiki nümunələrin paylaşılması bilavasitə kiber-diplomatiyanın aktivləşdirilməsi deməkdir. Mütəxəssislərin regional əməkdaşlıq çərçivəsində müştərək toplanması ümumi məqsədlərə xidmət edən hibrid müdafiə zolaqlarının yaranmasına töhfə verir. Hökumətlərarası rabitə kanallarının kiber cinayətkarlardan qorunması məqsədilə xüsusi protokol mexanizmlərinin tətbiqi, dövlət sirlərinin sarsılmazlığını qarantiyaya alır. Forumda alınan hər qərar, yaranan hər yeni tərəfdaşlıq gələcək onilliklərin siyasi arxitekturasında güclü mövqe tutmaq istəyini təcəssüm etdirir.

Li VEY,
kibertəhlükəsizlik, rəqəmsal transformasiya və süni intellekt sahələri üzrə ekspert

Son illər Azərbaycan rəqəmsal transformasiya, elektron hökumət xidmətləri və informasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edib. Bu inkişaf ölkənin iqtisadi potensialını gücləndirməklə yanaşı, yeni kibertəhlükəsizlik çağırışlarını da gündəmə gətirir. Müasir dünyada kibertəhlükəsizlik artıq yalnız İT mütəxəssislərinin məsuliyyət sahəsi deyil. Enerji infrastrukturu, bank sektoru, nəqliyyat sistemləri, dövlət qurumları və vətəndaşların şəxsi məlumatları kiberhücumların əsas hədəflərinə çevrilib. Rəqəmsallaşma səviyyəsi yüksəldikcə, məlumatların qorunması, kritik infrastrukturun müdafiəsi və kibercinayətkarlığa qarşı mübarizə daha da vacib olur.

Azərbaycanın bu istiqamətdə beynəlxalq əməkdaşlığa xüsusi diqqət ayırması təqdirəlayiqdir. Çin və Azərbaycan arasında texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Süni intellekt, bulud texnologiyaları, böyük verilənlərin idarə olunması və kibermüdafiə sistemləri gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri ola bilər.

Bu forumun ən böyük üstünlüyü dövlət qurumlarını, özəl sektoru və beynəlxalq ekspertləri vahid platformada bir araya gətirməsidir. Hesab edirəm ki, Azərbaycanın kibertəhlükəsizlik sahəsində həyata keçirdiyi təşəbbüslər region üçün nümunə ola bilər. Milli Kibertəhlükəsizlik Forumu isə bilik mübadiləsinin genişlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və daha təhlükəsiz rəqəmsal gələcəyin formalaşdırılmasına mühüm töhfə verəcək.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət