“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda tətbiq olunan yeni texnologiyalar hasilat səmərəliliyini artırır. Bu barədə bp-nin Bakı Ekspo Mərkəzində keçirdiyi xüsusi sessiyada media nümayəndələrinə ətraflı məlumat verildi.
Şirkətin qazma texnologiyaları üzrə mütəxəssisi Fuad İbrahimov bildirdi ki, üfüqi qazma və geonaviqasiya texnologiyası ilk dəfə 2024-cü ildə uğurla sınaqdan keçirilib və sonradan AÇG üzrə tətbiqi genişləndirilib.
Üfüqi qazma quyu lüləsinin lay daxilində saxlanılmasını, geonaviqasiya isə ən məhsuldar intervallara yönləndirilməsini təmin edir. Qeyd olundu ki, iki üsulun birgə tətbiqi zamanı bu texnologiyalar layla təmas sahəsini əhəmiyyətli dərəcədə artırır. Bu yanaşma isə indiyədək AÇG üzrə 5 quyuda uğurla tətbiq olunub.
Yeni quyu şaxtalarının əlçatanlığının məhdud olduğu sahə şəraitində dənizdibi yönləndirici paz texnologiyası mexaniki cəhətdən yararsız vəziyyətə düşmüş və ya əvvəllər tərk edilmiş quyu şaxtalarının bərpasına və yenidən istifadəsinə imkan yaradır. Bu günə qədər AÇG üzrə bərpa edilmiş 27 quyu şaxtasının 17-sində bu texnologiyadan istifadə olunub.
Axın tənzimləməli müstəqil qum ekranları isə quyularda etibarlı qum nəzarətini qorumaqla daha sadə açıq lülə tamamlama alternativi kimi tətbiq olunur. Bu yanaşma, həmçinin axın tənzimləyici qurğuların inteqrasiyası lay və maye qeyri-müəyyənliklərinin idarə olunmasında çeviklik yaradır. Bu sistem uzun intervallar boyunca bərabər depressiyanı təmin edir və ekranları qorumaq üçün axını quyu boyunca tənzimləyir.
Bununla yanaşı, son illər AÇG-də tətbiq olunan çoxlüləli quyu texnologiyası ilə bağlı da iştirakçılara ətraflı məlumat verildi. Yeni texnologiya mürəkkəb geoloji şəraitdə qazma çətinliklərini azaltmaqla yanaşı, məhdud quyu şaxtalarından daha səmərəli istifadə imkanı yaradır. Bir quyu lüləsindən bir neçə lay çıxışı yaratmaqla drenaj səmərəliliyi artırılır və mövcud infrastrukturdan daha əlverişli istifadə təmin edilir. Artıq AÇG-də çoxlüləli quyu texnologiyası uğurla sınaqdan keçirilib. İlk dəfə tətbiq olunmuş bu texnologiya vasitəsilə Xəzərdə birinci çoxlüləli quyu qazılıb.
Fuad İbrahimov əlavə etdi ki, 2025-ci ilin dekabrında ilk dəfə tətbiq olunan bu üsul 1155 metr göstəricisi ilə regionda ən uzun açıq lülə tamamlama əməliyyatı hesab olunur. Bu da AÇG layihəsi üçün olduqca əlamətdar bir nailiyyət sayıla bilər. Növbəti mərhələdə isə bu texnologiyanın üfüqi qazma, geonaviqasiya və “ağıllı” tamamlama sistemləri ilə inteqrasiya olunmuş şəkildə daha geniş tətbiqi nəzərdə tutulur.
bp-nin çən parkı üzrə mühəndisi Gülüstan Kərimli isə ötən müddətdə “Azəri-Çıraq-Günəşli” layihəsi ilə bağlı əsas fakt və göstəriciləri diqqətə çatdırdı:
– AÇG yataqlar blokunda indiyədək, ümumilikdə, 400-dən çox quyu qazılıb. Hazırda həmin quyulardan 200-dən çoxu fəal hasilat mərhələsindədir. Müqavilə sahəsinin məhsuldar laylardan ibarət mürəkkəb sistemə malik olduğunu diqqətə çatdıran şirkət mütəxəssisi bildirdi ki, ilkin hasilat Fasilə layından başlansa da, sonrakı mərhələdə Balaxanı layına keçid edilib.
Ötən müddətdə AÇG yataqlar blokunda 7 stasionar dəniz platforması və 3 sualtı suvurma kollektoru inşa edilib. İlkin hasilata isə 1997-ci ilin noyabrında “Çıraq-1” platformasından başlanılıb. 2024-cü ilin aprelində “Azəri-Mərkəzi-Şərqi” platforması istismara verilib. Xəzər dənizinin Azərbaycan sektorunda ən iri neft və qaz yatağı olan AÇG-dən hasilata başlandığı vaxtdan indiyədək 4,6 milyard bareldən çox neft çıxarılıb.
Daha sonra qeyd edildi ki, müqavilə sahəsində lay təzyiqinin sabit saxlanması və neftvermə əmsalının artırılması məqsədilə su və qazın laya vurulması texnologiyası uğurla tətbiq olunur. Bütövlükdə isə, yataqlardan neftvermə əmsalının maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığını təmin etmək üçün qabaqcıl texnologiyalar və innovativ həllər tətbiq olunur. Bu ildən etibarən AÇG yatağında layların neftvermə əmsalının artırılması məqsədilə icrasına başlanılan “BrightWater” və IWAG pilot layihələrinin məqsədi layda qalan əlavə neft ehtiyatlarının hasilata cəlb edilməsidir.
Gülüstan Kərimli bildirdi ki, AÇG yatağının daha yetkin və mürəkkəb işlənmə mərhələsinə keçməsi ilə əlaqədar əsas diqqət hasilatın təbii azalmasının idarə olunmasına və qalan ehtiyatların daha səmərəli istifadəsinə yönəldilir. Bunun üçün şirkət müxtəlif mənbələrdən – seysmik tədqiqatlar, quyular, hasilat göstəriciləri və geoloji modellər daxil olmaqla toplanan böyük həcmli məlumatlardan istifadə edir. Məlumatların emalı yüksək məhsuldarlıqlı hesablama gücü və bulud texnologiyaları vasitəsilə həyata keçirilir. Bundan əlavə, yerli startapla əməkdaşlıq çərçivəsində müxtəlif mənbələrdən gələn məlumatların inteqrasiyasını təmin edən və onların emalını sürətləndirən rəqəmsal alət hazırlanıb. Bu da yatağın idarə olunması və yeni quyuların planlaşdırılması üzrə daha səmərəli qərarların qəbuluna imkan yaradır.
Media-sessiyada yataqlarda süni intellekt əsaslı texnologiyaların tətbiqi sahəsində həyata keçirilən tədbirlər barədə də jurnalistlərə məlumat verildi. Bildirildi ki, süni intellektin köməyilə seysmik təsvirlərin təkmilləşdirilməsinə asanlıqla nail olunur ki, bu da layların xüsusiyyətləri və qalıq neft ehtiyatları barədə dəqiq məlumat əldə etməyə imkan verir. Hazırda bp və SOCAR yerli startap şirkəti ilə süni intellektin seysmik məlumatların emalında tətbiqi və nəticələrinin birgə layihələrdə istifadəsi istiqamətində əməkdaşlıq edirlər.
Mirbağır YAQUBZADƏ
XQ


