Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Sosial şəbəkələrdə qısa videoların populyarlığının sürətlə artması bu formatdan getdikcə daha çox təhsil məqsədləri üçün istifadə edilməsinə şərait yaradıb, lakin bu öyrənmə alətinin effektivliyi indiyədək elmdə qeyri-müəyyən qalırdı. Çin alimlərinin beynəlxalq "Communications Psychology" elmi jurnalında dərc olunmuş yeni tədqiqatına istinadən xəbər verilir ki, insanlar bu cür çarxlardan gələn məlumatları yalnız səthi qəbul edir və çox sürətlə unudurlar. Müasir cəmiyyətin həyat tempinə uyğun gələn, bir neçə saniyədən 5 dəqiqəyədək davam edən qısa kontentlər şəbəkə alqoritmləri sayəsində istifadəçinin maraqlarına uyğun seçilir. Bu da internetdə qısa maarifləndirici videoların sürətlə yayılmasına və son zamanlar onların bəzi təhsil müəssisələrində tətbiqinə səbəb olub.
Yunnan Pedaqoji Universiteti və Mərkəzi Çin Pedaqoji Universitetinin tədqiqatçıları tələbələrin qısa videolar vasitəsilə məlumatları necə mənimsədiyini öyrənmək məqsədilə 150-dən çox kollec tələbəsinin iştirakı ilə üç müstəqil eksperiment keçiriblər. İştirakçılara uzun sənədli filmlərdən kəsilmiş 30 saniyədən 2,5 dəqiqəyədək davam edən turizm çarxları nümayiş etdirilib. Tələbələrin bir qrupuna videonun məzmununu yadda saxlamaq tapşırılıb, digər qrupuna isə belə bir xəbərdarlıq edilməyib. Sonradan keçirilən test imtahanlarının nəticələri hər iki qrupda tələbələrin materiallara diqqətsiz baxdıqlarını və əldə olunan məlumatları dərhal unutduqlarını üzə çıxarıb.
Təhsil materialının mənimsənilməsi effektivliyini neyron aktivliyi nöqteyi-nəzərindən qiymətləndirmək üçün alimlər tələbələri funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) aparatında sınaqdan keçiriblər. Neyrobioloji tədqiqat göstərib ki, qısa videolar beynin görmə-məkan diqqətinə, epizodik yaddaşa və koqnitiv (dərketmə) nəzarətə cavabdeh olan əsas nahiyələrində neyron sinxronluğunun kəskin şəkildə aşağı düşməsinə səbəb olur. Eyni zamanda, bu çarxlar xarici qıcıqlandırıcılara qarşı diqqətin emalı ilə bağlı olan gicgah və alın nahiyələrində daha yüksək sinxronluq yaradır.
Bu elmi müşahidələr sübut edir ki, qısa videolardakı fraqmentallıq və kadrların sürətli dəyişməsi informasiyanın dərindən emal olunmasına mane olur. Nəticədə, beynin şüurlu qavrama və yaddaş mərkəzləri zəifləyir, fərdlərin vizual qıcıqlandırıcılara qarşı konsentrasiyası artsa da, onların yeni biliklər əldə etməsi və gördüklərini yaddasaxlama qabiliyyəti əhəmiyyətli dərəcədə pisləşir.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

