Dünya ermənilərin mina terroruna göz yummasaydı...

post-img

5 il bundan əvvəl 2 həmkarımız “yeraltı qatil”in qurbanı oldu

XXI əsrdə mina terroru ilə məşğul olan ölkələrə qarşı ciddi siyasi təzyiqlərin olmaması narahatlıq doğurur. İkinci Qarabağ müharibəsindən 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Azərbaycan işğalçı Ermənistanın mina terrorunun – məkrli “hərbi taktika”sının altını çəkir. Ötən müddətdə Qarabağda, Şərqi Zəngəzurda 400-dən çox mülki vətəndaşımız yeraltı müharibənin qurbanı olub. Dünyada ərazisi minalarla ən çox çirkləndirilmiş ölkələrdən biri sayılan Azərbaycan işqaldan azad etdiyi torpaqların hər qarışının “yeraltı qatillərdən” təmizlənməsinə böyük vəsait xərcləyir. Amma təəssüf ki, minalar can almaqda davam edir.

Ermənilərin mina terrorunun qurbanlarından ikisi bizim həmkarımızdır. 5 il bundan əvvəl işqaldan azad edilmiş ərazimizdə peşə borcunu yerinə yetirərkən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov “yeraltı qatilin” qurbanı oldular. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə çəkiliş həyata keçirən jurnalistləri aparan avtobus 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşdü. Məhərrəm və Siracdan başqa, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Ağalar oğlu Əliyev də həlak oldu, dörd nəfər isə yaralandı.

Bu, Məhərrəmin düşmən işğalından azad edilmiş, zəfər bayrağının dalğalandığı torpaqlarımıza birinci xidməti səfəri deyildi. O, hərbi reportyor kimi Qarabağ və Şərqi Zəngəzurun əksər bölgələrini kənd-kənd, küçə-küçə gəzərək, həmin ərazilərdə erməni vandallarının törətdikləri vəhşilikləri əks etdirən sənədli reportajlar hazırlayırdı. Məhərrəm kimi, Vətənə sevgisi ilə seçilən Sirac da doğma Qubadlı rayonundan dəfələrlə aktual çəkilişlər aparmış, efirə yaddaqalan süjetlər təqdim etmişdi. Birinci Qarabağ müharibəsində ailəsi ilə birlikdə Qubadlıdan ayrı düşən, məcburi köçkünlük taleyini yaşayan Siracı hərbi operator olmağa sövq edən onun içində gəzdirdiyi məhz yurd həsrəti olub.

Təəssüf ki, bu gün də erməni nasistlərinin torpaqlarımızın altına düzdüyü minalardan zərər çəkənlər var. Yəni “görünməyən düşmən” xaincəsinə can almaqda davam edir. Bunun əsas səbəbi vaxtilə dünyanın, beynəlxalq təşkilatların işğalçı Ermənistanın, hətta müharibə qanunları ilə bir araya sığmayan əməllərinə göz yummasıdır. Əgər Ermənistanın qarşısında 1997-ci ildə yaradılmış BMT-nin Ottava Konvensiyasının tələblərinə riayət olunması şərti qoyulsaydı, Azərbaycan müharibədən sonrakı mərhələdə bu qədər itkilərə məruz qalmazdı. Nə yazıq ki, özlərini “böyük güclər” adlandıran ölkələrin heç biri hələ də bu konvensiyaya qoşulmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Bu gün həmkarlarımızın tarixə çevrilən videosüjetlərinə baxanlar, eləcə də gələcək nəsil necə bir məkrli düşmənlə üz-üzə gəldiyimizi əyani şəkildə görəcək və heç vaxt unutmayacaqlar. Erməni vandalizminin qurbanı olmuş həmkarlarımızın xatirəsini dərin ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyirik.

XQ

Siyasət