Niyə belə olmamalı idi?..
Rusiyada anti-Ermənistan isterikası davam edir. Əslində, buna isterika da demək olmur. Sanki, ölkənin ictimai rəyi Ermənistan uğrunda savaşa çıxıb. Kreml təmsilçilərinin bəyanatları isə savaş od-alovunu daha da körükləyir. Aydın duyulan bir məqam var. Bu məqamı sonda diqqətə çatdıracağıq.
Bəli, Ermənistan uzun illər Rusiyanın Cənubi Qafqazdakı forpostu olub. Erməni liderləri Moskvanın xeyir-duası ilə hakimiyyətə gəliblər. Təxminən, 30 ilə yaxın müddətdə həmin liderlər, az qala, ayaqyoluna gedəndə də Rusiyadan icazə alıblar. Görünür, bu durum ikinciyə çox ləzzət edib, həzz yaşadıb.
Ermənistan Rusiyanın Cənubi Qafqazdakı ənənəvi jandarm ampluasının qorunmasını təmin edib. O amplua ki, rus ictimai rəyi ölkənin regiona bağlılığını göstərmək üçün bundan yaxşı heç nə düşünə bilməyib. Düşüncəsizlik şəraiti arxayınlıq yaradıb. O qədər arxayınlıq yaradıb ki, Rusiyada qərbpərəst Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə necə yiyələndiyinin fərqinə varan, prosesin qarşısını almağa çalışan tapılmayıb...
Hətta Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyada elə hesab ediblər ki, Ermənistanda kimin iqtidara gəlməsindən asılı olmayaraq, necə deyərlər, bütün yollar Moskvaya aparacaq. Ola bilər, Nikol və tərəfdarları da nə zamansa buna ümid bəsləyib və düşünüblər ki, hər cür oyunbazlıq çıxarsalar da, sonda Rusiya onlara dəstəyini əsirgəməyəcək, daha doğrusu, “boğulmağa” qoymayacaq.
Dəstəkdən söz düşmüşkən, Rusiya 2019-cu ildə Paşinyanın “Qarabağ Ermənistandır nöqtə” bəyanatına susmuşdu. Yəni ölkədə kimsə deməmişdi ki, bu cür fikirlər həmin vaxtadək aparılan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə ziddir. Yəqin Moskvada düşünmüşdülər ki, Nikol istədiyini edə bilər. Tam mümkündür.
Ermənistan 2020-ci ildə 44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğradı. Rəsmi İrəvan bu məğlubiyyətə görə Rusiyanı qınadı. Qınaq tərəfinin cavabı isə bu oldu: savaşda Ermənistana hər cür dəstək göstərildi, ancaq hərbi əməliyyatların gedişi ölkəni məğlub hala saldı. Təxminən belə: biz sizin üçün hər şeyi etdik, bacarmadınız. Hətta Rusiyada “gəlib sizin yerinizə döyüşməli deyildik” kimi fikirlər də səsləndi.
2023-cü ilin lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Ermənistanda növbəti anti-Rusiya ittihamları baş qaldırdı. Rəsmi İrəvan təmsilçiləri Qarabağ itkisinə görə Moskvanı qınadılar. Moskvanın cavabı isə bu oldu: siz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdınız, bizdən nə istəyirdiniz?
Belə çıxdı ki, Paşinyanın 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır nöqtə” bəyanatından sonra Rusiyanın susmasında məntiq var imiş. Deməli, məntiq həm də rəsmi Moskvanın 44 günlük müharibədə Ermənistana hər cür dəstəyin göstərildiyini etiraf etməsinə, qüvvələr nisbətinin bərabərliyini bildirməsinə görə var. Yəni bütün daşlar yerinə oturur. Sadaladıqlarımız isə Rusiyanın Cənubi Qafqaz barəsində söz açdığımız ənənəvi jandarm missiyasının uğursuzluğunun göstəricisidir. Axı güc özündən kortəbii istifadəni sevmir. Güc rasional düşüncəyə əsaslandıqda keçərlidir. Hesab edirik ki, hazırkı erməni iqtidarı durumun fərqindədir. Həm də ona görə fərqindədir ki, ötən müddətdə Azərbaycan oyun qaydalarına sadiqlik nümayiş etdirdi.
İndi Ermənistan rəhbərliyi Azərbaycan dövlətinin səmimiyyətinə inanır və ona görə tam şəkildə ölkənin təhlükəsizliyinə heç bir təhdidin olmadığını vurğulayıb əminlik yaradır. Ermənistanda hakimiyyətə gəlməyə çalışan qüvvələr isə əksini söyləyirlər. Onlar Rusiyanı nicat yolu kimi görürlər. Məgər, Paşinyan iqtidarı əvvəl belə düşünməmişdi? Düşünmüşdü, amma vurğuladıq ki, bir qədər fərqli.
Əlqərəz, Rusiya–Ermənistan münasibətləri baxımından yuxarıda diqqətə çatdırdığımız qarşılıqlı ittihamların artıq əhəmiyyəti yoxdur. Bu ittihamlar, bir növ, tarixə çevrilib. Rusiyadakı anti-Ermənistan isterikasının əsas mövzusuna gəlincə, bu, Ermənistanın Moskvanın patronajlığı altında olan Avrasiya İqtisadi İttifaqında (Aİİ) qala-qala Avropa İttifaqına (Aİ) üzvlüyünün mümkünsüzlüyü ilə bağlıdır.
Başlıca məqam Ermənistandakı parlament seçkilərinə sayılı günlərin qaldığı bir vaxtda məhz bu isterikanın güclənməsidir. Sanki Rusiyada kimlərsə Rusiyasız Ermənistanın mövcudsuzluğu ritorikasının təbliği ilə erməni seçicilərinə təsir göstərməyə çalışır. Savaş od-alovunu körükləmək elə budur.
Əlbəttə, institutsional baxımdan Aİ və Aİİ bir-birindən fərqlidir. Ancaq erməni hakim komandası vurğulayır ki, ölkə ikincidə qala-qala birinciyə üzvlüyə can ata bilər, seçim anı yetişəndə müvafiq qərar veriləcək. Loru dildə desək, Rusiyanın çörəyini yeyə-yeyə Avropaya üz tutulacaq. Kremlin və ona yaxın dairələrin səbir kasasını daşıran da bu yanaşmadır. Axı belə bir dünya yoxdur.
Bəli, belə bir dünya yoxdur. Ancaq Rusiyanın 30 ilə yaxın Ermənistanı buxovladığı, haqqında söz açdığımız forpost duruma saldığı dünya da olmamalıdır. Ancaq ümumən, həmin dünyaya qayıdış cəhdlərinin elementlərini görürük. Paşinyan iqtidarına qarşı çıxan və parlament seçkilərində hakim komandanı siyasi səhnədən uzaqlaşdıracağını bəyan edən qüvvələr məhz həmin elementlərdir. O elementlər ki, ortaya mənfur “Qarabağ kartı” və “Artsax” bağırtısı ilə atılıblar.
Deməli, parlament seçkilərinə hazırlaşan Ermənistanın daxilində “Qarabağ kartı” və “Artsax” bağırtısı ucalıq, ölkə xaricində isə Rusiyasız Ermənistanın mövcudluğunu qeyri-mümkünlüyü rəyi formalaşdırılır. Tam aydındır ki, Moskvada anti-Ermənistan isterikasındakı şantaj motivi bağırtı qoparanlara dəstəkdir. Yəni yenə də dəstək.
Əslində, Rusiyanın iki – 2020 və 2023-cü illərdəki “dəstəyinin” səmərəsizliyini əvvəldə vurğuladıq. O “dəstəklər” ki, mahiyyətcə, Cənubi Qafqazda münaqişə məntiqinin saxlanılmasına xidmət edirdi. O məntiq ki, Rusiyanın regional siyasət baxımından hansısa proqressiv siyasət xətt yürütmək imkanının məhdudluğunu göstərir. Halbuki belə olmamalı idi. O boyda Rusiyanın ictimai rəyinin təmsilçilərinin əl boyda Ermənistanı şantaj üçün, bir növ, növbəyə düzülmələri də həmçinin. Çünki ortada miskin mənzərə var. Miskinlik isə hər gün daha tünd çalarlar əldə edir. Bizə isə təəssüflənmək qalır.
Ə.RÜSTƏMOV
XQ

