Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
1972-ci ilin iyunun 5-də BMT-nin Baş Assambleyasının Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olmuş, problemin kəskinliyi, əhali arasında ekoloji maarifləndirmənin genişləndirilməsinin əhəmiyyəti, bu sahədəki problemlərə diqqətin yönəldilməsinin vacibliyi nəzərə alınaraq iştirakçılar tərəfindən 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunması qərara alınmışdır. 1973-cü ildən başlayaraq 5 iyun bütün dünyada “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunur.
Azərbaycan bu gün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir. Tədbir “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə” mövzusu altında keçirilir. Qeyd edək ki, ölkəmiz Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti 2024-cü ildə Koreya Respublikasında keçirilən tədbirdə qəbul edib.
“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva mövzu ilə bağlı XQ-yə bildirib ki, 5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü bu il ölkəmiz üçün həm böyük qürur, həm də mühüm məsuliyyət rəmzidir. Azərbaycanın bu mötəbər beynəlxalq günə ev sahibliyi etməsi, dövlətimizin qlobal ekoloji problemlərin həllinə verdiyi önəmin növbəti bariz nümunəsidir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası və “yaşıl artım” ölkəsi strategiyası istiqamətində atılan addımlar hər birimizə böyük təkan verir. Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində ekoloji yanaşma ön plandadır. Prezidentimizin təşəbbüsü ilə bu ərazilər “Netto sıfır emissiya” zonası elan edilib, Ağıllı şəhər və kənd layihələrində alternativ enerji mənbələrindən istifadə olunur. Bölgənin zəngin hidroenerji potensialı hərəkətə gətirilir, yeni SES-lər tikilir. Qarabağın işğal dövründə ermənilər tərəfindən məhv edilən meşə örtüyü və flora-fauna sürətlə bərpa olunur, genişmiqyaslı ağacəkmə kampaniyaları keçirilir. Həmçinin keçmiş “Qara şəhər” sənaye zonasının təmizlənərək müasir və ekoloji cəhətdən təmiz “Ağ şəhər” layihəsinə çevrilməsi ən gözəl nümunədir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi ekoloji siyasət təkcə bu günün deyil, gələcək nəsillərin də təmiz, sağlam və təhlükəsiz ətraf mühitdə yaşamasına hesablanmış strateji bir xəttdir.
Şəhərsalma Forumunda da (WUF 13) bir daha şahid olduğumuz kimi, iqlim dəyişikliyinin fəsadları artıq uzaq gələcəyin deyil, bu günün reallığıdır. Artan iqlim təhlükələri və ekoloji çağırışlar fonunda yalnız dövlət tənzimləmələri ilə kifayətlənmək olmaz, bu mübarizədə ictimai təşkilatçılığın və vətəndaş həmrəyliyinin təşviqi həlledici rol oynayır.
A.Miriyeva daha sonra qeyd etdi ki, cəmiyyəti ekoloji hərəkatın fəal tərkib hissəsinə çevirmək üçün bir neçə strateji istiqamətə fokuslanmalıyıq. Ən vacib məqamlardan biri Ekoloji maarifləndirmə və “Yaşıl təfəkkür”dür: “Xüsusilə qeyd etməliyəm ki, ictimai fəallıq şüurlu yanaşmadan başlamalıdır. Vətəndaşlarımız tullantıların çeşidlənməsini, suya qənaəti, enerjini düzgün idarə etməni vərdiş halına çevirməlidilər. Həmçinin yerli icmaları öz yaşayış sahələrini yaşıllaşdırmağa , təmiz saxlamağa cəlb etməyə, birbaşa prosesi sakinlərin məsuliyyətini artırmağa yönəldilməlidir. Dövlət və Özəl Sektor əməkdaşılığıda problemin nöqtəvi və effektiv həllinə birbaşa təsir göstərdiyi qədər də davamlı olmalıdır.
Biz, “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi olaraq, sadəcə çağırışlar etmir, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən irimiqyaslı layihələri uğurla icra edirik. Ekoloji təhlükəsizliyin ən həssas nöqtələrindən biri olan tibbi tullantılar sahəsində “Tibbi tullantıların idarə olunması üzrə monitorinqlərin və maarifləndirmə işinin aparılması” layihəsini reallaşdırdıq. Bu çərçivədə tibb müəssisələrində qaydalara riayət olunma səviyyəsi monitorinq edildi və sahəvi maarifləndirmə işləri aparıləb. Gənc nəslin səfərbər olması üçün, ekoloji mədəniyyətin formalaşması məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı layihəni uğurla icra etdik. Layihə çərçivəsində yüzdən yuxarı gəncə layihə çərçivəsində iqlim dəyişikliyinin səbəbləri, təsirləri, və həll yolları haqqında məlumatlar təqdim olunub. Hazırda birliyimiz tərəfindən ekoloji mühitə birbaşa təsir edən “Məişət tullantılarının idarə olunmasında səmərəliliyin artırılması təşəbbüsləri” adlı layihənin icrası həyata keçirilir. Layihənin məqsədi məişət tullantılarının düzgün idarə olunması, çeşidlənməsi və təkrar emal mədəniyyətinin cəmiyyətdə təşviq edilməsidir.
Ətraf mühitin qorunması yalnız dövlət orqanlarının və ya ekoloqların işi deyil. Bu, övladlarımıza qoyub gedəcəyimiz gələcəyin sığortasıdır”.
İctimai Birlik sədri sonda onu da bildirdi ki, 5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə hər bir vətəndaşı, özəl sektoru və vətəndaş cəmiyyəti institutlarını “Ekoloq”la həmrəy olmağa, ekoloji təşəbbüslərdə fəal iştirak etməyə çağırır.
Unutmayaq ki, təbiəti qorumaq – vətəni qorumaqdır!
Müşfiq MİRZƏ
XQ


