Avstraliyalı tədqiqatçılar kvant sistemlərindəki hesablama xətalarını aradan qaldırmaq üçün "Şredingerin pişiyi" analogiyasını tətbiq ediblər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avstraliyanın Yeni Cənubi Uels Universitetinin alimləri kvant hesablamalarının ən böyük problemlərindən biri olan sistem xətaları ilə mübarizə aparmaq üçün unikal üsul tapıblar. Nüfuzlu "PRX Quantum" elmi jurnalında dərc olunan tədqiqat hesabatına istinadən bildirilir ki, mütəxəssislər bu qlobal problemi həll etmək üçün fizikanın məşhur "Şredingerin pişiyi" analogiyasını tamamilə yeni formada yenidən şərh ediblər. Bu yanaşma gələcəyin tam funksional superkompüterlərinin yaradılması yolunda ən mühüm maneəni aradan qaldıra bilər.

Ervin Şredingerin klassik düşüncə eksperimentinə görə, qapalı qutuda olan pişik müşahidəçi qutunu açana qədər eyni zamanda həm canlı, həm də ölü sayılır (superpozisiya vəziyyəti). Avstraliyalı fiziklər bu nəzəriyyəni real mikroskopik obyektə tətbiq ediblər. Təcrübədə "pişik" rolunu silisium əsaslı kvant çipinə yerləşdirilmiş sürmə atomunun nüvəsi oynayıb. Orijinal tapmacadan fərqli olaraq, bu nüvənin cəmi iki deyil, düz səkkiz fərqli vəziyyəti mövcuddur və onların hər birindən kvant informasiyalarının kodlaşdırılmasında istifadə etmək mümkündür.

Yeni metodun mahiyyətini daha anlaşıqlı izah etmək üçün layihənin rəhbəri, Yeni Cənubi Uels Universitetinin professoru Andrea Borello maraqlı bir misal çəkir:

"Təsəvvür edin ki, siz qaranlıq və səs-küylü bir otaqda səkkiz eyni karton qutudan birində gizlənən pişiyi axtarırsınız. Sizə otağa girmək olmaz – qapını açsanız, pişik qorxudan tələf ola bilər. Onun harada gizləndiyini tapmaq üçün ən optimal strategiya necə olmalıdır?"

Bu cür tapşırıqların ənənəvi həll yolu hər bir qutunu dəfələrlə yoxlamaq və pişik miyavlamasının daha çox hansı tərəfdən gəldiyini müəyyən etməkdir. Lakin subatomik kvant dünyasında sistemin vəziyyətini bu dərəcədə tez-tez ölçmək və yoxlamaq onun həssas strukturunu tamamilə darmadağın edir. Bu, stresə düşən pişiyin qutudan qutuya tullanaraq yerini davamlı dəyişməsinə bənzəyir.

Avstraliyalı alimlərin tapdığı unikal fənd isə ondan ibarətdir ki, mühəndislər ilk siqnalı (səsi) alan kimi dayanır və bundan sonra yalnız pişiyin qətiyyən olmadığı bəlli olan digər boş qutuları yoxlayırlar. Professor Borellonun sözlərinə görə, bu prinsip hər hansı bir siqnalın gəlməməsinin özünü ilkin fərziyyənin doğruluğuna sübut kimi qəbul etməyə imkan verir. Beləliklə, kvant sisteminə heç bir birbaşa müdaxilə etmədən və onun son dərəcə zəif olan təbii balansını pozmadan hesablamalardakı bütün sistem xətalarını tam dəqiqliklə aşkarlamaq mümkün olur. Ekspertlər bu kəşfi qəza və xətalara qarşı dayanıqlı kvant kompüterlərinin istehsalında yeni bir mərhələnin başlanğıcı hesab edirlər.

Hazırladı:

Arzu ƏLİYEVA
XQ

Maraqlı