Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə, həmçinin Qazax şəhərinin 2026-cı il üzrə idman paytaxtı seçilməsi çərçivəsində AFFA-nın təşkilatçılığı ilə Qazax şəhər stadionunda kütləvi futbol festivalı keçirilib.
XQ AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Qazaxda uşaq və yeniyetmələr arasında futbolun inkişafına dəstək vermək, onların asudə vaxtını səmərəli təşkil etmək və sağlam həyat tərzini təşviq etmək məqsədi daşıyıb.
Festivalda şəhərdə yaşayan 100-dən çox uşaq müxtəlif yaş qrupları üzrə formalaşdırılmış komandalarda iştirak edib. Uşaqlar üçün futbol oyunları ilə yanaşı, əyləncəli estafetlər və interaktiv idman fəaliyyətləri də təşkil olunub. Tədbir boyunca iştirakçılar yüksək fəallıq nümayiş etdirib, həm komanda ruhunu, həm də fərdi bacarıqlarını göstəriblər.
Festivalın əsas məqsədlərindən biri də regionlarda futbolun kütləviliyinin artırılması və uşaqların idmana marağının daha da gücləndirilməsi olub. Tədbir həm idman, həm də sosial baxımdan uşaqlar üçün yaddaqalan gün kimi yadda qalıb.
Sonda iştirak edən bütün uşaqlara AFFA tərəfindən futbol topları hədiyyə olunub. Hədiyyələrin təqdimatında AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisləri Orxan Mikayıllı və Ziya Səfərov iştirak ediblər. Verilən hədiyyələr uşaqlar tərəfindən böyük sevinc və maraqla qarşılanıb.

