Böyük Britaniyanı yeni "bitlomaniya" dalğası bürüyür

post-img

"The Guardian" qəzetinin jurnalistləri eyni vaxtda bir neçə mühüm informasiya hadisəsinin səbəb olduğu "The Beatles" qrupuna qarşı yeni maraq dalğasını qeydə alıblar. Piter Ceksonun 2021-ci ildə işıq üzü görən "The Beatles: Get Back" sənədli filmi bu marağın əsas başlanğıc nöqtələrindən biri kimi göstərilir. Həmin vaxtdan bəri qrupa olan diqqət daha da güclənib: 2025-ci ilin noyabrında kult sayılan "The Beatles Anthology" teleserialının remaster versiyasının ("remastering" – əvvəllər yaradılmış media məhsulunun (musiqi, film, oyun və ya video) səs və ya təsvir keyfiyyətinin müasir texnologiyalar və standartlar əsasında yenilənməsi prosesidir. Bu prosesin əsas məqsədi orijinal əsərin ruhunu qoruyub saxlamaqla, onu indiki dövrün texniki imkanlarına uyğunlaşdırmaqdır-red.) premyerası baş tutub, bu yaxınlarda - mayın 29-da isə Pol Makkartni özünün 20-ci studiya albomu olan "The Boys Of Dungeon Lane"i təqdim edib.

Gələcək layihələr də bu marağı daha çox artırır. 2027-ci ilə qədər Londonda, qrupun 1969-ci ildə sonuncu konsertinin keçirildiyi binada muzeyin açılması planlaşdırılır. Paralel olaraq, Sem Mendesin genişmiqyaslı kino layihəsi - "The Beatles" qrupunun hər bir üzvü haqqında dörd ayrı bioqrafik film üzərində işlər yekunlaşmaqdadır. Filmlərdə baş rolları Harris Dikinson, Pol Meskal, Cozef Kuinn və Barri Keoqan canlandıracaqlar.

Britaniya qrupunun musiqisi müasir pop-mədəniyyətə getdikcə daha çox qayıdır. Belə ki, qrupun "Come Together" mahnısı "FIFA 2026" dünya çempionatının tizerində səsləndirilib, "The Late Show" verilişinin final buraxılışında isə Pol Makkartni "Hello, Goodbye" kompozisiyasını ifa edib. Müşahidəçilərin fikrincə, yeni "bitlomaniya" dalğası özünün kulminasiya nöqtəsinə Mendesin filmlərinin nümayişi ilə çatacaq - həmin filmlərin premyerası 7 aprel 2028-ci ilə planlaşdırılıb.

S.ELAY

XQ

Mədəniyyət