AK rusiyalı mütəxəssis və vətəndaşlara vizaların verilməsini sərtləşdirəcəK

post-img

Avropa Komissiyası (AK) Rusiya vətəndaşlarına vizaların verilməsi qaydalarını sərtləşdirəcəyinə söz verib. Yeni təşəbbüsün 2027-ci ildə təqdim edilməsi planlaşdırılır. Buna səbəb Avropanın bir neçə ölkəsinin Fransa, İtaliya və İspaniyanın hələ də rusiyalı turistləri qəbul etməsindən narazı qalması olub.

"Euronews"un sitatına görə, AK-nin miqrasiya məsələləri üzrə nümayəndəsi Markus Lammert bildirib: "Üçüncü ölkələrin düşmənçilik hərəkətləri nəticəsində yaranan təhlükəsizlik risklərinə gələcəkdə də reaksiya vermək üçün hədəflənmiş məhdudlaşdırıcı viza tədbirlərinin tətbiqini təklif edəcəyik".

Belə bir qərarın qəbul edilməsinə Avropanın 11 ölkəsinin (Çexiya, Danimarka, Finlandiya, Estoniya, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Polşa və İsveç) kollektiv məktubu səbəb olub. Onların fikrincə, Aİ üzvləri arasında birliyin olmaması Moskvaya qarşı diplomatik təzyiqi azaldır və cəmiyyətin etibarını sarsıdır.

Məktub müəllifləri Avropa Komissiyasından bütün Aİ ölkələri üçün icbari olan sərt qaydaları operativ şəkildə tətbiq etməyi, 2022-ci ildən qüvvədə olan məhdudiyyətlərin icrasına nəzarəti gücləndirməyi və viza statistikasını müntəzəm olaraq açıqlamağı tələb ediblər.

"Euronews"un statistik məlumatlara istinadən qeyd etdiyi kimi, ötən il Fransa, İtaliya və İspaniya Avropada rusiyalı səyyahlar üçün əsas istiqamətlər olub. Bu üç ölkə ümumilikdə 400 mindən çox viza verib.

S.ELAY

XQ

Dünya