Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində "Tağıyev: Neft" bədii filminin nümayişi olub. Film ölkənin "Kinovideoxidmət" Birliyinin "Aşqabad" kinoteatrında təqdim edilib.
Nümayişdən öncə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin önəmini vurğulayıb: "Hər iki xalq mədəniyyət baxımından bir-birinə çox yaxındır. Bu kimi qarşılıqlı mədəniyyət günləri xalqlar arasındakı dostluq, qardaşlıq bağlarını daha da gücləndirir".
Filmin rejissoru Zaur Qasımlı isə "Tağıyev: Neft"in mədəniyyət günləri çərçivəsində davamlı nümayiş etdiriləcəyini bildirib: "Biz hesab edirik ki, iki ölkənin mədəni yaxınlığından və mədəni münasibətindən yola çıxaraq bu kimi nümayişləri daha çox edə bilərik".
"Türkmənfilm"in baş direktorunun müavini Sahısaleh Bayramov "Tağıyev: Neft" filmini Qazaxıstanda "Qorqud Ata" festivalı çərçivəsinsə izlədiyini və Azərbaycanın Mədəniyyət Nazirliyi ilə ortaq film istehsalını müzakirə etdiklərini söyləyib.
Sonra "Tağıyev: Neft" tammetrajlı bədii filmi nümayiş olunub.
XQ

