Azərbaycanda 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə qoşulmasına məhdudiyyət təklif olunur

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanunvericilik dəyişiklikləri çərçivəsində Azərbaycanda sosial media platformalarına qoşulmaq üçün minimum yaş həddinin 16 olaraq müəyyənləşdirilməsi təklif olunur.

Operativ Media xəbər verir ki, təklif Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc tərəfindən parlamentdə İnzibati Xətalar Məcəlləsinə, eləcə də "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı səsləndirilib.

Deputat bildirib ki, layihənin əsas məqsədi 16 yaşına qədər olan uşaqları sosial şəbəkələrin mənfi təsirlərindən qorumaq, onların fiziki və psixoloji sağlamlığının müdafiəsini gücləndirməkdir. Onun sözlərinə görə, internet mühitində yayılan zorakılıq məzmunu, kiberbullinq, müxtəlif manipulyativ çağırışlar, cinsi istismar riskləri və hətta intihara sövq edən təsirlər azyaşlılar üçün ciddi təhlükələr yaradır.

"Bu təşəbbüsün əsas mahiyyəti uşaqların sosial media platformalarından istifadəsini müəyyən yaşa qədər təxirə salmaqla onların daha təhlükəsiz rəqəmsal mühitdə böyüməsinə şərait yaratmaqdır. Burada məqsəd hər hansı qadağa tətbiq etmək deyil, müdafiə mexanizmini gücləndirmək, valideynlərin və ailə institutunun rolunu artırmaqdır", – deyə Zahid Oruc vurğulayıb.

Layihəyə əsasən, 16 yaşını tamamlamamış şəxslərin sosial media platformalarında fərdi rəqəmsal hesab yaratması mümkün olmayacaq. Deputat bu yeniliyi Azərbaycanın rəqəmsal siyasətində mühüm addımlardan biri kimi qiymətləndirib.

Təklif edilən qaydalara görə, sosial media platformalarının operatorları istifadəçilərin yaşını yoxlamaq üçün müvafiq mexanizmlər tətbiq etməli olacaqlar. Bu məqsədlə bank kartı məlumatları, elektron poçt ünvanları və mobil nömrələr əsasında yaşın təsdiqlənməsi üsullarından istifadə nəzərdə tutulur.

Qanun layihəsində 16-18 yaş arası yeniyetmələr üçün ayrıca tənzimləmə mexanizmi də əksini tapıb. Belə ki, bu yaş qrupuna daxil olan şəxslər sosial şəbəkələrdə hesab yarada biləcəklər, lakin bunun üçün valideyn və ya digər qanuni nümayəndənin açıq razılığı tələb olunacaq.

Bundan əlavə, layihədə yeniyetmələrin rəqəmsal asılılığa sürüklənməsinin qarşısını almaq məqsədilə müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Sosial media platformalarında sonsuz sürüşdürmə (infinite scroll), avtomatik video oynatma və istifadəçinin diqqətini uzun müddət platformada saxlamağa yönəlmiş digər manipulyativ dizayn elementlərinin 16-18 yaşlı istifadəçilərin hesablarında tətbiqinə icazə verilməyəcək.

Zahid Orucun sözlərinə görə, texnologiya şirkətlərinə verilən əsas mesaj ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərmək istəyən platformalar uşaqların və yeniyetmələrin psixoloji vəziyyətindən kommersiya məqsədilə istifadə edə bilməzlər.

Layihədə şəxsi məlumatların qorunması məsələsinə də xüsusi diqqət yetirilib. Yaşın təsdiqlənməsi üçün toplanan bank kartı, elektron poçt və mobil nömrə kimi məlumatların üçüncü şəxslərə ötürülməsi və ya kommersiya məqsədilə istifadəsi qəti şəkildə qadağan edilir.

Eyni zamanda, sosial media platformalarının fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə provayderlərin hər il yanvarın 15-dək aidiyyəti dövlət qurumlarına hesabat təqdim etməsi nəzərdə tutulur. Qanunvericiliyin tələblərinə əməl etməyən vəzifəli və hüquqi şəxslər üçün inzibati məsuliyyət və cərimələr tətbiq olunacaq.

Müzakirəyə çıxarılan təşəbbüs qəbul ediləcəyi təqdirdə, Azərbaycanda uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri hesab edilə bilər.

Sosial həyat