Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir

post-img

Müasir dövrdə sağlam həyat tərzi ilə bağlı aparılan elmi araşdırmalar bir daha təsdiqləyir ki, fiziki aktivlik insan ömrünün uzanmasında və müxtəlif xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Son illərdə xüsusilə güc və müqavimət məşqlərinin sağlamlığa təsiri alimlərin diqqət mərkəzindədir. Britaniyanın BBC kanalının yaydığı məlumata görə, Harvard Universitetinin alimləri tərəfindən aparılan genişmiqyaslı tədqiqat göstərib ki, müntəzəm ağırlıq və müqavimət məşqləri insanın daha sağlam və uzun ömür sürməsinə ciddi töhfə verir. Tədqiqatın nəticələri yalnız idman mütəxəssisləri üçün deyil, həm də sağlam həyat tərzinə önəm verən hər bir insan üçün əhəmiyyətli mesajlar ehtiva edir.

Araşdırma çərçivəsində 147 min 374 qadın və kişinin məlumatları təhlil olunub. İştirakçılar 30 il ərzində müşahidə edilib və onların fiziki aktivlik səviyyələri mütəmadi olaraq qiymətləndirilib. Nəticələr göstərib ki, həftə ərzində 90–119 dəqiqə güc məşqləri ilə məşğul olan şəxslərdə vaxtından əvvəl ölüm riski bu cür məşqlər etməyənlərlə müqayisədə 13 faiz aşağı olub. Bundan əlavə, həmin şəxslərdə ürək-damar xəstəliklərindən ölüm riski 19 faiz, nevroloji xəstəliklərdən ölüm riski isə 27 faiz daha az qeydə alınıb. Ən böyük fayda iki növ idmanın birləşməsində müşahidə olunub.

Alimlər bildirirlər ki, güc məşqləri yalnız əzələlərin inkişafına xidmət etmir. Bu məşqlər sümük toxumasını möhkəmləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, qanda şəkərin tənzimlənməsinə kömək edir və yaş artdıqca fiziki funksiyaların qorunmasına dəstək verir. Xüsusilə ürək-damar sisteminin sağlamlığının qorunmasında müqavimət məşqlərinin əhəmiyyətli rolu olduğu vurğulanır. Tədqiqatın nəticələrinə görə, aerob fəaliyyətlərlə birlikdə həyata keçirilən güc məşqləri ölüm riskinin daha da azalmasına səbəb olur. Belə ki, qaçış, üzgüçülük və ya velosiped sürmə kimi müntəzəm aerobika məşqləri edən və buna ağırlıq məşqləri əlavə edən iştirakçıların vaxtından əvvəl ölüm riski 58% daha aşağı olduğu aşkar edilib.

Mütəxəssislər qeyd edirlər ki, sağlamlıq üçün saatlarla idman zalında vaxt keçirmək vacib deyil. Həftədə təxminən iki saatlıq güc məşqləri – ağırlıq qaldırma, çömbəlmə, dartınma, təkanvermə və ya elastik lentlərlə hərəkətlər – əhəmiyyətli fayda verə bilər. Maraqlıdır ki, araşdırmada həftəlik 120 dəqiqədən artıq güc məşqlərinin əlavə üstünlük yaratmadığı da müəyyən edilib. Bu isə fiziki aktivliyin düzgün planlaşdırılmasının vacibliyini göstərir.

Araşdırmanın müəllifləri hesab edirlər ki, cəmiyyət arasında güc məşqlərinin təşviqi gələcəkdə ürək-damar və digər xroniki xəstəliklərin yükünü azaltmağa, insanların daha sağlam qocalmasına və həyat keyfiyyətinin yüksəlməsinə xidmət edə bilər. Bu baxımdan fiziki aktivliyin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi təkcə fərdi sağlamlıq deyil, həm də ictimai sağlamlıq üçün mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, elmi araşdırmalar bir daha göstərir ki, sağlam və uzun ömür üçün yalnız düzgün qidalanma deyil, müntəzəm fiziki fəaliyyət də vacib şərtdir. Həftədə bir neçə dəfə həyata keçirilən güc məşqləri insanın həm fiziki gücünü, həm də ümumi sağlamlığını qorumağa kömək edir. Sağlam gələcək naminə atılan ən sadə addımlardan biri məhz hərəkətdə olmaqdır.

 

Nurəngiz Adilqızı

XQ

 

 

Sosial həyat