Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"WindBorne Systems" startapı hava şəraitinin proqnozlaşdırılması üçün nəzərdə tutulmuş WeatherMesh-6 adlı süni intellekt modelinin altıncı versiyasını rəsmən təqdim edib. Fəaliyyətinə ilk olaraq təkmilləşdirilmiş meteoroloji zondların istehsalı və toplanmış məlumatların satışı ilə başlayan şirkət üçün 2022-ci il dönüş nöqtəsi olub. Belə ki, süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda mühəndislər qrupu öz şəxsi proqnoz sistemlərini qurmaq qərarına gəliblər.
Bu qlobal infrastrukturun əsas elementini startapa məxsus 400 ədəd unikal meteozond şəbəkəsi təşkil edir. Dünyanın 15 fərqli nöqtəsindən səmaya buraxılan və stratosferdə fasiləsiz uçuşlar həyata keçirən bu zondlar real vaxt rejimində müxtəlif yüksəkliklərdən məlumatlar toplayır və birbaşa modelə ötürür.
WeatherMesh-6 modelinin ən fərqli cəhəti onun təkmil məlumat assimilyasiyası (mənimsənilməsi) sistemidir. Model sensorlardan gələn göstəriciləri atmosferin "ilkin vəziyyətinə" yüksək dəqiqliklə çevirir. Öz zondlarından gələn birbaşa informasiya axını sayəsində sistem ənənəvi meteorologiya xidmətlərinə xas olan çoxpilləli məlumat emalı mərhələlərinə ehtiyac duymur. Bu isə meteoroloji məlumatların toplanması və işlənməsində tamamilə yeni bir standart formalaşdırır.
Bu texnoloji sıçrayışın digər mühüm təzahürü hava proqnozlarında kök salmış "altı saatlıq dövr" məhdudiyyətinin aradan qaldırılmasıdır. Adi modellər superkompüterlərin güc çatışmazlığı səbəbindən proqnozları hər altı saatdan bir yenilədiyi halda, WeatherMesh-6 məlumatları hər saat təqdim edir. Gələcəkdə isə yenilənmə müddətinin bir saatdan da aşağı salınması planlaşdırılır ki, bu da qəfil gələn ildırım çaxmaları, qasırğalar və digər təhlükəli təbiət hadisələrinə qarşı operativ reaksiya vermək üçün həyatı əhəmiyyət kəsb edir.
Sözügedən texnologiya artıq iri dövlət agentliklərində tətbiq olunmağa başlayıb. Hazırda tədqiqatçılar süni intellektin ənənəvi rəqəmsal modelləri tam əvəz etmək deyil, onları daha da sürətləndirmək və genişləndirmək məqsədi daşıyan hibrid arxitekturalar üzərində işləyirlər. Bu isə meteorologiya xidmətlərində görünməmiş operativlik və detalizasiyaya malik yeni bir nəslin yolunu açır.
Hazıqladı:
Arzu ƏLİYEVA
XQ

