Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İnzibati Xətalar Məcəlləsində bəzi dəyişikliklər edilir.
XQ xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iyunun 8-də keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, sənədə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulması ilə bağlı yeni maddə əlavə edilir. Belə ki, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun müvafiq maddəsində qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə ediləcəklər. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi beş min manatdan otuz min manatadək məbləğdə cərimlənəcəklər.
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni:
- fərdi rəqəmsal hesabın yaradılması zamanı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununda müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya həmin Qanunun müvafiq maddələrinin tələbləri pozulmaqla tətbiq edilməsinə;
- 16-18 yaş arası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-4.11-ci maddəsində göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;
- 16-18 yaş arası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;
- toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;
- fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə -
vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər 35 min manatdan 40 min manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun layihəsinə görə, bu Məcəllənin 388-4.1 – 388-4.3-cü maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər doqquz min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər qırx beş min manatdan əlli min manatadək məbləğdə cərimələnəcəklər.

