Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu tarixin – 8 iyunda Ümumdünya Okeanlar gününün qeyd edilməsi ideyası 1992-ci ildə Rio-de-Janeyroda keçirilən “Yer planeti” sammitində səsləndirilib. O vaxtdan bəri bayram hər il iyunun 8-də okeanlarla ən uzaq belə əlaqəsi olan hər kəs tərəfindən qeyd olunur. Bu gün ekoloqlar, ixtioloqlar və bir çox zooparkların, akvariumların, delfinariumların işçiləri nəhəng su hövzələri sakinlərinin hüquqlarını və sabit ekoloji vəziyyəti qorumaq üçün səylərini əlaqələndirirlər.
2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2009-cu ildən etibarən bayramın rəsmi şəkildə qeyd olunmasına qərar verib.
Bu günün qeyd olunmasında əsas məqsəd okeanların gündəlik həyatda əsas rolunu xatırlatmaq, insanların okeanlara təsiri haqqında ictimaiyyəti məlumatlandırmaq, onları qorumaq üçün ümumdünya vətəndaş hərəkatını səfərbər etmək, gözəlliyindən, zənginliyindən və potensialından birlikdə həzz almaqdır.
Okeanlar planetimizin ağciyərləridir və insanın nəfəs alması üçün lazım olan oksigenin böyük hissəsini təmin edir. Həmin nəhəng su hövzələri əsas qida və dərman mənbəyi, biosferin mühüm hissəsidir. Okeanlar Yer səthinin dörddə üçünü tutur, su ehtiyatlarının 97 faizini ehtiva edir, həcmcə planetin ərazisinin 99 faizini əhatə edir və davamlı inkişaf prosesinin tərkib hissəsidir.
Alimlər dünyanın su hövzəsini beş böyük okeana bölürlər: Atlantik, Hind, Sakit okean, Arktika və Cənub. Okeanologiya okeanları öyrənir, Dünya Okeanı isə mühüm elmi-tədqiqat obyektidir. Okeanların sirlərinə daha dərindən nüfuz edən elm adamları dəniz həyatının yeni formalarını kəşf etməyə davam edirlər. Həmin tədqiqatların insan həyatı və rifahı üçün böyük əhəmiyyəti var.
Mütəxəssislərin fikrincə, okeanlar dünyanın ən böyük zülal mənbəyidir. Təxminən bir milyard insan zülalın əsas mənbəyi kimi okeanlardan tamamilə asılıdır. Dəniz balıq ehtiyatları birbaşa və ya dolayı yolla 200 milyondan çox insanı işlə təmin edir.
Dünya okeanlarının 40 faizə qədəri insan fəaliyyətindən, o cümlədən çirklənmədən, balıq ehtiyatlarının tükənməsindən və sahilyanı yaşayış yerlərinin itirilməsindən “çox təsirlənmiş” hesab olunur. Demək olar ki, böyük balıq populyasiyalarının 90 faizi tükənib, mərcan riflərinin 50 faizi isə məhv olub.
Bu əlamətdar gün bir çox Avropa ölkələrində (Belçika, Böyük Britaniya, Almaniya, Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Norveç, Portuqaliya, Fransa), Cənub-Şərqi Asiya dövlətlərində (Vyetnam, İndoneziya, Sinqapur, Filippin), Cənubi Asiyada (Hindistan, Şri-Lanka), Uzaq Şərqdə (Çin, Yaponiya), Latın Amerika ölkələrində (Argentina, Ekvador, Kuba), Avstraliya və Afrikada (Əlcəzair, Qabon, Mərakeş, Mavritaniya, Keniya, Kamerun), həmçinin Şimali-Amerika (Kanada, ABŞ, Meksika) qeyd edilir.
M.MİRZƏ
XQ


