Böyük Britaniya, Almaniya, Fransa və Ukrayna liderləri Rusiya ilə müharibəyə son qoyacaq "ədalətli və davamlı" sazişin bağlanması üçün 5 şərt barədə razılığa gəliblər.
Birgə bəyanatda tərəflər “Ukraynanın dəyişməz müttəfiqi kimi Avropanın istənilən nizamlanma prosesində mühüm rol oynamalı olduğunu vurğulayıblar”. Sənəddə deyilir: “Liderlər açıq şəkildə bildiriblər ki, bütün səylər Ukrayna, digər Avropa tərəfdaşları və ABŞ ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməlidir”.
Liderlər ədalətli və davamlı sülhün təmin edilməsi üçün yerinə yetirilməsi vacib olan beş şərti də müəyyən ediblər:
Dərhal atəşkəs: Rusiya Federasiyasının prezidenti Vladimir Putin hərbi əməliyyatların tamamilə dayandırılmasına razılıq verməlidir.
Mövcud təmas xətti: Hazırkı döyüş xətti danışıqlar üçün başlanğıc nöqtəsi olmalıdır. Sərhədlər güc tətbiq etməklə dəyişdirilə bilməz, Ukraynanın isə müttəfiqliklər (o cümlədən NATO ilə) qurmaq barədə suveren hüququna tam riayət edilməlidir.
Təhlükəsizliyə dair etibarlı hüquqi təminatlar: Bu təminatlar atəşkəsdən dərhal sonra qüvvəyə minməli və Ukrayna ərazisində beynəlxalq qüvvələrin yerləşdirilməsini ehtiva etməlidir.
Maliyyə təzminatı: Rusiya vurduğu bütün zərərləri kompensasiya edənə qədər bu ölkənin dondurulmuş vəsaitləri (aktivləri) blokda qalmağa davam edəcək.
Avropanın təhlükəsizlik maraqları: Sülh sazişində Avropanın təhlükəsizlik maraqları nəzərə alınmalıdır. Avropa İttifaqı (Aİ) və NATO-ya aid istənilən danışıqlar üçün müvafiq olaraq Aİ və ona üzv dövlətlərin, həmçinin Şimali Atlantika Alyansındakı müttəfiqlərin razılığı tələb olunacaq.
S.ELAY
XQ

