Ukrayna prezidenti Volodimir Zelenski may ayında rusiyalı oliqarx Roman Abramoviçlə görüşdüyü barədə məlumatı təsdiqləyib. Zelenski bu görüşün təfərrüatlarını "Sky News" telekanalına verdiyi müsahibəsində bölüşüb.
"O (Abramoviç) Kiyevə gəldi və dedi: 'Mən birbaşa sizə bir mesaj gətirmişəm, sizdən də mesajı alıb Vladimir Putinə çatdırmaq istəyirəm'. Lakin o vurğuladı ki, bunu sakitcə, heç bir ictimaiyyətə açıqlama vermədən etmək lazımdır", - deyə Zelenski bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, rusiyalılar söhbət sülh danışıqlarına gəldikdə "bizim nə etməyə hazır olduğumuzu" anlamaq istəyirdilər. Xüsusilə də Donbas məsələsində.
"Əsas mesaj bu idi. Mən dedim ki, biz (Donbasdan) geri çəkilməyəcəyik. Bu yolla sizə qələbə qazandırmayacağıq", – deyə Zelenski qeyd edib.
Abramoviçi tamdəyərli bir vasitəçi hesab edib-etmədiyi barədə suala cavab verərkən Ukrayna dövlət başçısı bildirib ki, milyarder, sadəcə, olaraq cavabı Kremlə çatdırmaq öhdəliyini üzərinə götürüb.
S.ELAY
XQ

