Qida təhlükəsiliyi ümdə vəzifədir
Birləşmiş Millətlər Təşkilatının 2018-ci il 20 dekabr tarixli qərarı ilə bu günün təsis olunmasında əsas məqsəd qida ilə əlaqəli risklərin aşkarlanmasına, qarşısının vaxtında alınmasına və düzgün idarə edilməsinə diqqət çəkməklə, ərzaq təhlükəsizliyinə, insan sağlamlığına, iqtisadi rifaha, kənd təsərrüfatı istehsalına, davamlı inkişafa töhfə verməkdən ibarətdir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev 24 İyun 2022-ci ildə "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib. 9 fəsil, 40 maddədən ibarət olan qanun Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, ölkəmizin ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur. Qanunda qida təhlükəsizliyi sahəsində dövlətin vəzifələri, əsas prinsipləri, istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu ilə bağlı məsələlər öz əksini tapıb. Eyni zamanda qida təhlükəsizliyi sahəsində tələblər, o cümlədən qida və yem məhsullarının, xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin, həmçinin zənginləşdirilən qida məhsullarının təhlükəsizliyi və digər bir sıra məqamlara dair tələblər ehtiva olunub. Həmçinin qanunda qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə məsələləri, qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinə aid, həmçinin qida subyektlərinin hüquq və vəzifələri kimi məsələləri əhatə edən müddəalar yer alıb.
Mütəxəssislər hesab edirlər ki, qida ilə yoluxan parazitar xəstəliklər kəskin və xroniki sağlamlıq problemləri ilə nəticələnə bilər. Təhlükəsiz qida istehsalı isə qida itkisini və tullantılarını azaldaraq planetə, eyni zamanda dünya iqtisadiyyatına fayda verir, səhiyyə sisteminin yükünü azaldır. Təsadüfi deyil ki, hazırda 188 ölkə beynəlxalq qida ticarətinin təhlükəsizliyi, keyfiyyəti və ədalətinin təmin olunmasında mühüm rol oynayan Kodeks Alimentarius beynəlxalq qida standartları, təlimatları və tətbiqetmə qaydaları üzrə əməkdaşlıq edir. Ümumdünya Qida Təhlükəsizliyi Günü də məhz Kodeks Alimentarius Komissiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının birgə tərəfdaşlığı çərçivəsində qeyd olunur.
Qida təhlükəsizliyi, həmçinin insanların aktiv və sağlam həyat tərzi sürmələri üçün istənilən vaxt kifayət qədər qida əldə edə bilmək imkanları əsasında qurulmuşdur. Qida təhlükəsizliyi aclıq, quraqlıq, müharibələr, iqtisadi qeyri-sabitlik kimi risk faktorları səbəbindən gələcəkdə qida qıtlığını aradan qaldırmaq üçün qida sabitliyini və məhsuldarlığını artırmaqla bağlı tədbirləri özündə ehtiva edir.
Mövzu ilə bağlı XQ-yə açıqlama verən qida ekspet, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Elsevər Fərzəliyev qeyd etdi ki, qida sənayesinin xammal bazası kənd təsərrüfatının hazır məhsulları hesab edilir. Ən birinci mənfi faktor sağlam olmayan kənd təsərrüfatı məhsullarının istesalının həyata keçirilməsidir. Yəni əgər biz sağlam, təhlükəsiz qida məhsulu istesal etmək istəyiriksə, deməli, bizim xammalımız mütləq və mütləq təhlükəsiz olmalıdır. İnsan orqanizmə mənfi təsir göstərə biləcək heç bir amilə malik olmamalıdır. Məhz bu kontekstdən yanaşaraq, deməli, biz sağlam kənd təsərrüfatını yaratmalıyıq. Əgər sağlamlığımızı qorumaq, mühafizə etmək, ölkə əhalisinin genefondunu qorumaq istəyiriksə, bu bizim üçün sağlam kənd təsərrüfatı məhsullarının hazırlanmasının ilk amil kimi qarşımıza məqsəd qoyur.
Ekspertin fikrincə, təbii ki, mənfi təsir göstərən amillərdən ikincisi hazırda kənd təsərrüfatında istifadə olunan, istifadə edilən bir sıra dərman preparatlarıdır. Əlbəttə ki, agrotexniki qaydalarla bitki aləminə qulluq göstərəndə həşəratların, gəmiricilərin və s. kimi zərərvericilərin məhsullara zərər verməməsi baxımından onların dərmanlanmasını həyata keçiririk. Təbii ki, bu dərmanlanma bitkinin, ağacın kökləri vasitəsilə sorularaq yağışın təsiri bitkilərinin sorulması nəticəsində tərkibə keçir, oradan bu dağlara, bu dağlardan çiçəklərə və çiçəklərdən də bitkilərə keçməklə bu təhlükəli məhsul istehsalının şərtləndilməsinə səbəb olur. Hər iki qeyd etdiyim üsul təhlükəsiz qida məhsulları istehsalına əngəl törədən amillərdəndir. Üçüncü qida məhsullarının və yaxud qida xam mallarının saxlanma rejimlərinə düzgün riayət edilməməsidir. Məlumdur ki, ətrafımızda olan qida məhsulları təbii ki, mikroorqanizmlərlə çox geniş şəkildə əhatələnmişdir və həmən mikroorqanizmlərdə qida məhsullarının korlanmasını şərtləndirir. Təbii ki, çürümə bakteriyalarının təsirindən məhsullar həm səti, həm də daxilində çürmə prosesi baş verir və nəticədə o, qidalanmaq üçün yararsız vəziyyətə düşür. Bu halını qarşısına almaq üçün, qeyd edim ki, xüsusi saxlanma rejimlərinin tətbiq edilməsi məsləhət görülür. Nədir saxlanma rejimləri? Saxlanma rejimləri deyəndə 0,6 dərəcə selsi temperatur həddi və aşağı temperatur həddində məhsulların ətrafında olan mikroorqanizmlər inkişaf edib o məhsulu qidalanmaq üçün yaraqsız vəziyyətə sala bilmir. Bunun da nəticəsində tərkib keyfiyyətini saxlamaq şərtilə qida məhsulları daha uzun müddətə qala bilir. Təbii ki, bu, soyuduculuq texnikasının tətbiqinə əsaslanır və bu baxımdan da qida məhsullarının təhlükəsizliyinə təsir göstərən amillərdən sayılır. Daha bir hal ondan ibarətdir ki, qida məhsullarının tərkibində fermetlər mövcuddur. Xüsusilə meyvə, giləmeyvə, tərəvəz məhsullarında bu fermiyyətlərin təsirindən məhsulların tərkibində müəyyən qədər fermentativ dəyişkənliklər, çevrilmələr baş verir. Bunun nəticəsində də, məhsulun tərkibindəki yüksək molekullu birləşmələr parçalanaraq daha kiçik molekullu birləşmələrə, o kiçik molekullu birləşmələr də parçalanaraq qida məhsulunun qidalanmaq üçün yararsız vəzifə düşməsini şərtləndirən amillərə çevrilə bilir.
E. Fərzəliyev daha sonra qeyd etdi ki, məlum olduğu kimi, ölkə başçısının sərəncamı ilə ölkəmizdə 2018-ci ildə Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır. Bu agentliyin hazırda regionlar üzrə filialları da fəaliyyət göstərir. Qeyd edək ki, Qida təhlükəsizliyi agentliyinin vəzifələrindəndən biri də ölkədə istehsal edilən, ölkəyə gətirilən və yaxud ölkədən çıxarılan bütün qida məhsullarının təhlükəsizliyinə cavabdehliyidir. Sösüz ki, Qida təhlükəsizliyi agentliyinin hər dükanın qarşısında, hər dönərxananın qarşısında və yaxud hər hansı bir çoxsaylı ərazilərdə öz nümayəndələrini saxlamaq gücü yoxdur. Agentlik öz vəzifələrinin öhdəsindən layiqincə gəlir və fəaliyyəti təqdirəlayiqdir. Qida təhlükəsiliyi ilə marifləndirmə işlərinə ehtiyac duyulur ki, bununla bağlı verilişlərin təşkil edilməsi də vacib amillərdən biri sayılır. Həmçinin marifləndirmə kütləvi informasiya vasitələri tərəfindən də həyata keçirilməklə bu sahədə müsbət nəticə əldə etmək olar.
Digər həmsöhbətimiz isə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovadır. Onun fikirlərini oxucularımıza təqdim edirik:
Ümumiyyətlə, qidayla bağlı dünyada bir çox problemlər mövcuddur. Burada qida israfı birinci yerdədir. Çünki bugün qida sahəsində israf olunan qidaların miqdarı aclıqdan əziyyət çəkənlərlə nisbətdə daha çoxdur.Yəni, burada artıq aclıq məsələsi deyil, qidanın düzgün paylaşılmamasından qaynaqlanır. Eyni zamanda da qida məsələlərində qidaya əlçatanlıq, xüsusilə davamlı, dayanıqlı qida və kənd təsərrüfatı sektorunda müxtəlif çatmayan cəhətlər eləcə də yeni metodlardan istifadə halları da özünü göstərir. Və mütləq şəkildə də təhlükəsizlik qaydalarını vurgulamalıyıq. Çünki qida təhlükəsizlik qaydaları da düzgün əməl olunmazsa, təbii ki, bu da qida israfına nəticədə bir baxımdan aclığa səbəb ola bilər. Və yüz minlərlə, bəlkə də milyonlarla insanın qidaya əlçatanlığı azdır ki, burada da artıq o xroniki aclıq səviyyəsini saysaq 852 milyon insan aclıqdan əziyyət çəkir. Burada da təbii ki, yenə də həmin o israf olan qidaları da onların yaşadığı iqlim, coğrafi mövqedə öz sözünü deyir ki, ona görə müxtəlif səbəblərdən qida çatışmazlığı ilə üzüzə olan insanlar var.
Digər bir məqam qida təhlükəsizliyi ilə yanaşıq ərzaq təhlükəsizliyi idi ki, bu da hər bir ölkənin, dövlətin özünün, öz əhalisinə yetəcək qədər ərzaqa davamlı çıxışın da olması məsələlərdə nəzərdən keçirilməlidir. Ancaq bir çox amillər var ki, burada iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, torpaqların artıq davamlı olaraq süni şəkildə kimyəvi gübrələrlə, kənd təsərrüfatı məqsədi ilə istifadə olunmasından qaynaqlanan torpaqların artıq sıradan çıxması, eyni zamanda da əhalinin artımı, müharibələr və israf bugün qida çatışmazlığında da ən böyük səbəblərdəndir. Və bir çox hallarda da kənd təsərrüfatında gübrə və pesticidlərdən düzgün şəkildə istifadə etməmə həm torpağın məhv olmasıyla yanaşı, iqlimin də məhv olmasına gətirib çıxardır, insan sağlamlığına da zərər vurur və beləliklə də dövrəyə də artıq keyfiyyətsiz və saxta məhsullar da olur.
Ölkəmizdə də son illər bu sahədə bir çox adımlar atılır. İstər buna beynəlxalq səviyyəli keçirilən sərgilər, innovativ tədbirlər, nəzarət mexanizmləri, marifləndirmə tədbirləri genişləndirilir. Beləcə də ölkəmizdə bu sahədə fəaliyyətdə ötən il, 10 illə nisbətdə xeyli irəlləyiş var və burada da artıq insanlar arasında israfın azaldılması ilə bağlı, məlumatlığın artırılması ilə bağlı müxtəlif marifləndirmə tədbirləri keçirilir ki, bu da davamlı olmalıdır. Çünki bu davamlı olduqca da təbii ki, qıda təhlükəsizliyi məsələləri öz inkişaf yolunu tapacaq. Qida təhlükəsizliyi təkcə dövlət qurumlarının və yaxud da bir idarənin işi deyil. Burada istehsalçılar da, istehlakçılar da, ictimai iaşə obyektləri də, sahibkarlar da hər bir vətəndaşın ortaq məsuliyyətidir ki, burada insan sağlamlığını qorumaq üçün bütün bu məqamlarda həm inkişafımızı, xüsusilə iqtisadi inkişafımızı nəzərə almaq lazımdır.
Eyni zamanda, bu inkişafın gələcək nəsirlərin sağlamlığına təsiri nəzərə alınmalıdır ki, gələcək nəslimizin sağlamlığına zərər vurmamalıdır. Çünki bugün qıdamızda qəbul etdiyimiz hər bir qıda, eləcə də xüsusilə də yeniyetmə və gənclər, uşaqların qəbul etdiyi hər bir qıda onların orqanizminin, sağlamlığının həm formalaşması, həm inkişaf etməsində böyük rol oynayır. Və bütün bunlara da dövlətin nəzarət mexanizmi güclü olduqca, təbii ki, sağlam cəmiyyət də artıq formalaşacaq. Ona görə bu məqamda hər kəs öz bacardığı qədər bu işdə səfərbər olmalıdır. İstər marifləndirmədə, istər istehlakçı, istehsalçı, istərsə də sahibkar olaraq mütləq bu məqamda doğru, düzgün qaydalara uyğun şəkildə fəaliyyət göstərməlidir.
Müşfiq MİRZƏ
XQ


.jpeg)
