Layihədə 12,7 milyon kubmetr qaz hasilatı nəzərdə tutulur
Bu il “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsinə başlanması planlaşdırılır. Artıq yatağın ikinci mərhələsi üzrə layihələndirmə işləri tamamlanıb. Bu fikirləri “TotalEnergies” şirkətinin Azərbaycan üzrə rəhbəri Emmanuel de Guillebon Bakı Enerji Forumunun “Yuxarı axın sektoru – Yeni üfüqlər” adlı sessiyasında çıxışı zamanı səsləndirib.
İki il əvvəl istismara verilmiş “Abşeron” yatağının ilkin hasilat mərhələsinin uğurlu nəticələr verdiyini bildirən şirkət rəsmisinin sözlərinə görə, əldə edilən müsbət nəticələr ikinci mərhələyə başlamaq üçün lazım olan bütün məlumatları toplamağa və layihəyə başlamağa inam verib. Emmanuel de Guillebon qeyd edib ki, “TotalEnergies” son 3 ildə layihə üzrə tərəfdaşları olan SOCAR və XRG ilə birlikdə ikinci mərhələnin texniki-iqtisadi əsaslandırılması üzərində işləyib: “Hazırda bütün əsas müqavilələr üzrə tender mərhələsindəyik və ilin sonuna qədər layihənin icra mərhələsinə başlamağı planlaşdırırıq”.
Son illərdə aparılan seysmik tədqiqatların “Abşeron” yatağının daha yaxşı öyrənilməsinə imkan verdiyini bildirən “TotalEnergies”in Azərbaycan üzrə rəhbərinin sözlərinə görə, ikinci mərhələ çərçivəsində hər birinin gündəlik hasilat gücü 40 min barel neft ekvivalenti olan 3 yeni quyu qazılacaq. Ümumi hasilatın isə, təxminən, 70 faizini qaz, 30 faizini kondensat təşkil edəcək. Diqqətə çatdırılıb ki, layihə çərçivəsində quyular sahillə 140 kilometrlik sualtı boru xətti ilə birləşdiriləcək və hasilat platforması qurulmadan birbaşa sahilə nəql olunacaq.
Emmanuel de Guillebon onu da bildirib ki, şirkət boru kəməri və emal qurğularının tam yüklənməsini təmin etmək məqsədilə əlavə hasilat imkanlarını araşdırır. Bu məqsədlə hazırda tərəfdaşlar yataqda əlavə quyuların qazılması imkanlarını nəzərdən keçirir. “Abşeron” çox böyük yataqdır. SOCAR və XRG ilə birlikdə yeni imkanlar üzərində işləyirik. Yatağın şərq hissəsində əlavə potensial görürük”, – deyə o əlavə edib.
Sahildə qazın emalı və sıxılması üçün qurğular inşa ediləcəyini bildirən Emmanuel de Guillebon “Abşeron” qaz-kondensat yatağının ikinci mərhələsi çərçivəsində hasil olunacaq kondensatın emalına gəldikdə isə, bu məqsədlə “Şahdəniz” layihəsinin mövcud infrastrukturundan istifadə ediləcəyini söyləyib. Onun sözlərinə görə, şirkət yeni emal qurğusuna investisiya qoymaq əvəzinə mövcud infrastrukturdan istifadə etməyi seçib: “Biz kondensatın tam emalını öz obyektimizdə həyata keçirməyəcəyik. Kondensat son emal üçün “Şahdəniz” terminalına göndəriləcək. Bu, layihələr arasında sinerji yaradır və kapital xərclərini azaldır”.
Ümumilikdə, “Abşeron” yatağının ikinci mərhələsi çərçivəsində yaradılacaq infrastruktur gündəlik, təxminən, 12,7 milyon kubmetr qaz və 40 min barel kondensat emal etmək gücündə olacaq. Qazın bir hissəsi Türkiyəyə ixrac olunacaq, kondensat isə sabitləşdirildikdən sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə yönəldiləcək.
SOCAR-ın vitse-prezidenti Babək Hüseynov da “Abşeron”u Azərbaycan üçün strateji əhəmiyyətə malik iri qaz-kondensat layihəsi adlandırıb. O, Bakı Enerji Forumu çərçivəsində keçirilən “Upstream – yeni perspektivlər” adlı sessiyada çıxışı zamanı deyib ki, yeni inkişaf layihələrindən danışarkən “Abşeron” layihəsini xüsusi qeyd etməmək mümkün deyil. Şirkət rəsmisinin sözlərinə görə, bu layihə çərçivəsində əsas məqsədlər ilk qazın hasilatını sürətləndirmək, yatağın son bərpa əmsalını artırmaq, işlənmə konsepsiyalarını sadələşdirmək və ən əsası kapital intizamını qorumaqdır.
“Abşeron” layihəsinin digər səhmdarı Birləşmiş Ərəb Əmirliklərinin XRG şirkətinin Azərbaycan üzrə rəhbəri Tolqa Demir yatağın tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarının yaxın aylarda veriləcəyini bildirib. O, Bakı Enerji Forumunun “Qaz bazarları: infrastruktur, strategiya və geosiyasət” adlı sessiyasında deyib ki, XRG, SOCAR və TotalEnergies “Abşeron” layihəsinin birinci mərhələsi çərçivəsində birlikdə gündəlik, təxminən, 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil edirlər. Yatağın tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarının yaxın aylarda qəbul ediləcəyini söyləyən şirkət rəsmisinin sğzlərinə görə, bu mərhələ üzrə ilk qazın 2029-cu ilin avqustunda əldə olunması nəzərdə tutulur.
Qeyd edək ki, Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həcmində qiymətləndirilir. Elə bu zənginliyinə görə də “Abşeron” yatağının bir neçə mərhələdə işlənməsi planlaşdırılır.
Yatağın işlənməsinin birinci mərhələsində ildə 1,5 milyard kubmetr qaz və 750 min ton kondensat hasilatı nəzərdə tutulur. Növbəti işlənmə mərhələsi çərçivəsində isə burada illik hasilatın 4,5 milyard kubmetrə qədər artırılacağı gözlənilir. Bütövlükdə isə, yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının ödənilməsi ilə yanaşı, ölkəmizin ixrac potensialının artmasına da əhəmiyyətli töhfə verəcək.
“Abşeron” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasilata 2023-cü ilin iyul ayında başlanılıb. Hazırda burada qaz və kondensat layihənin operatoru olan JOCAP tərəfindən idarə edilən yeganə dərin dəniz quyusundan çıxarılır. Bu mərhələ çərçivəsində hasil edilən bütün qaz Azərbaycanın daxili bazarına yönəldilir. Hasilata başlandığı vaxtdan indiyədək isə “Abşeron” yatağından, ümumilikdə, 4,5 milyard kubmetrdən çox təbii qaz və 1,65 milyon tona yaxın qaz kondensatı hasil edilib. Layihə üzrə tərəfdaşlar SOCAR (35 faiz), “TotalEnergies” (35 faiz) və XRG (30 faiz) şirkətləridir.
Mirbağır YAQUBZADƏ
XQ

