Qarabağ münaqişəsi “böyük güclər”in Qafqaz marağına xidmət edirdi
Keçmiş Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun, xüsusilə onun həmsədri olan 3 ölkənin – Rusiya, Fransa və ABŞ-ın bu prosesdəki rolu ölkəmizi heç zaman qane etməyib. Həmsədr ölkələr həmişə Ermənistanın mövqeyindən çıxış ediblər, rəsmi İrəvan kimi onlar da status-kvonun qorunub saxlanılmasına çalışıblar.
Minsk qrupunun həmsədrləri 1992-ci ildən 2020-ci ilədək münaqişənin həlli məqsədilə 3 təkliflər toplusu (“paket həll”, “mərhələli həll” və “ümumi dövlət”) hazırlayıb. Bunlardan ilk 2 təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməyib. Onların fəaliyyətində çatışmayan başlıca məqam ədalət hissinin yoxluğu idi.
İkinci Qarabağ müharibəsinin başa çatmasından bir neçə il sonra tarixin zibilliyinə atılan Minsk qrupunun, qeyd etdiyimiz kimi, hər zaman ermənipərəst mövqe sərgiləməsinə rəğmən qrup hazırda Ermənistan hakimiyyəti tərəfindən də vaxtaşırı tənqid olunur. Ermənistanın məzuniyyətdə olan baş naziri, hazırda hakim “Mülki müqavilə” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Nikol Paşinyan iyunun 4-də İctimai Televiziyada keçirilən seçkiqabağı debatlar zamanı bildirib ki, Minsk qrupu həmsədr ölkələrin Qarabağ münaqişəsinin həllinə imkan verməməsi üçün yaradılmışdı. O, bunu həll olunmamış münaqişənin müxtəlif dövrlərdə həmin ölkələrin maraqlarına uyğun olması ilə əlaqələndirib: “ATƏT-in Minsk qrupu münaqişənin həll olunmaması, Ermənistanın və bütövlükdə, Cənubi Qafqazın bu tələdən çıxa bilməməsi üçün yaradılmışdı”.
Paşinyanın açıqlaması Ermənistanda da, regionda da diqqət və marağa səbəb olub. O hesab edir ki, bu mexanizm Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün deyil, əksinə, onun uzun illər dondurulmuş vəziyyətdə saxlanılması üçün formalaşdırılmışdı. Bu yanaşma emosional siyasi bəyanat kimi görünə bilər. Lakin son 30 ilin nəticələrinə nəzər saldıqda Paşinyanın fikirlərində müəyyən məntiqin olduğunu görmək mümkündür.
Qarabağ münaqişəsi dünyanın ən uzunömürlü münaqişələrindən biri idi. 1988-ci ilin fevralında bölgənin dağlıq hissəsində – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri olan Xankəndidə erməni separatçılarının çıxışları ilə başlayan, 1992-ci ilin əvvəlindən iki ölkə arasında tammiqyaslı müharibəyə çevrilən qarşıdurma minlərlə insanın həyatına təsir göstərdi, yüz minlərlə insanı öz yurd-yuvasından didərgin saldı və regionun inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Vasitəçilərin əsas missiyası tərəfləri kompromisə yaxınlaşdırmaq və həll prosesini irəli aparmaq idi. Ancaq uzun illər aparılan danışıqların yekununda ortaya konkret nəticənin çıxmaması Minsk qrupunun fəaliyyətinin səmərəliliyi ilə bağlı sualları daha da artırdı.
Əslində, münaqişənin həll olunmamış vəziyyətdə qalması nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına cavab verirdi. Azərbaycan öz ərazi bütövlüyünün pozulması, böyük humanitar fəlakətlə – qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdi. Ermənistan isə uzunmüddətli blokada, bağlı sərhədlər və regional layihələrdən kənarda qalmağın yaratdığı iqtisadi və siyasi məhdudiyyətlərlə yaşayırdı. Hər iki ölkə ciddi resurslarını təhlükəsizlik məsələlərinə yönəltməyə məcbur olur, qarşılıqlı etimadsızlıq isə Cənubi Qafqazda əməkdaşlıq imkanlarını minimuma endirirdi.
Bu vəziyyətdən fayda əldə edənlər isə əsasən regiondan kənarda yerləşən böyük güclər idi. Həll olunmamış münaqişə onlara həm Bakı, həm də İrəvan üzərində əlavə təsir imkanları yaradırdı. Münaqişə mövcud olduqca, tərəflər beynəlxalq vasitəçilərin dəstəyinə ehtiyac duyur, bu isə xarici aktorların bölgədəki siyasi çəkisini artırırdı. Çox maraqlıdır ki, Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa bir çox məsələlərdə bir-biri ilə rəqabət aparsalar da, Qarabağ münaqişəsi ətrafında formalaşmış status-kvonun uzun müddət dəyişməməsi onların maraqlarının üst-üstə düşdüyü məqam idi. Müxtəlif dövrlərdə fərqli təşəbbüslər irəli sürülsə də, onların heç biri son nəticəyə gətirib çıxarmadı. Nəticədə danışıqlar prosesi illərlə davam edən, lakin konkret nəticə verməyən bir mexanizmə çevrildi. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi və sonrakı hadisələr regionda tamamilə yeni reallıq yaratdı. Onilliklər ərzində həll olunmayan məsələlərin böyük hissəsi məhz həmin proseslərin nəticəsində dəyişdi. Bu fakt da bir çox müşahidəçilərdə belə qənaət formalaşdırdı ki, əvvəlki vasitəçilik mexanizmləri münaqişənin aradan qaldırılması istiqamətində kifayət qədər təsirli olmayıb.
Paşinyanın açıqlamasının diqqətçəkən tərəflərindən biri də Ermənistan rəhbərliyinin son illərdə keçmişə fərqli prizmadan baxmağa başlamasıdır. Bir vaxtlar Ermənistan siyasi dairələrində Minsk qrupuna böyük ümidlər bəslənirdisə, indi həmin mexanizmin fəaliyyətinə daha tənqidi münasibət nümayiş etdirilir. Bu dəyişiklik təkcə siyasi mövqe dəyişikliyi deyil, həm də regionda yaranmış yeni geosiyasi şəraitin nəticəsidir.
Bu gün həm Azərbaycan, həm də Ermənistan üçün əsas məsələ keçmiş münaqişənin yaratdığı problemləri aradan qaldırmaq, sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və sülh sazişinin imzalanması istiqamətində irəliləməkdir. Regionun gələcəyi yeni qarşıdurmalarda deyil, əməkdaşlıq imkanlarının genişləndirilməsində görünür. Məhz bu baxımdan Paşinyanın Minsk qrupu ilə bağlı səsləndirdiyi fikirlər təkcə keçmişə verilən qiymət deyil. Bu, həm də uzun illər davam edən və nəticə verməyən vasitəçilik modelinə yönəlmiş siyasi mesajdır. Son 30 ilin təcrübəsi göstərdi ki, münaqişənin uzanması tərəflərə yalnız itkilər gətirib. Əvəzində bölgədən kənar güclər təsir imkanlarını qoruyub saxlayıblar. Buna görə də Paşinyanın diqqət çəkdiyi məqam, müəyyən mənada region xalqlarının illərlə yaşadığı reallığın etirafı kimi də qiymətləndirilə bilər. Cənubi Qafqazın davamlı sabitliyə nail olması üçün isə keçmişin uğursuz təcrübələrindən nəticə çıxarmaq və problemlərin həllini kənar güclərin maraqlarına deyil, region ölkələrinin ehtiyaclarına uyğun şəkildə qurmaq vacib görünür.
Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, Paşinyanın ATƏT-in keçmiş Minsk qrupu ilə bağlı səsləndirdiyi fikirlər təsadüfi deyil və son illər Ermənistanda formalaşan yeni yanaşmanın davamı kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, uzun illər ərzində fəaliyyət göstərən vasitəçilik mexanizminin yekun nəticələrinə baxdıqda, münaqişənin həllinə deyil, idarə olunan vəziyyətdə saxlanılmasına üstünlük verildiyi barədə qənaətlərin yaranması təbiidir. Ekspert qeyd etdi ki, vasitəçi ölkələr müxtəlif dövrlərdə sülh təşəbbüsləri ilə çıxış etsələr də, prosesin yekun mərhələyə çatdırılması istiqamətində kifayət qədər siyasi iradə nümayiş etdirməyiblər: “Nəticədə danışıqlar illərlə davam etdi, lakin əsas məsələlər açıq qaldı. Bu isə həm Azərbaycanda, həm də Ermənistanda vasitəçilik institutlarına inamın zəifləməsinə səbəb oldu”.
R.Məmmədova vurğuladı ki, bu gün regionda tamamilə yeni reallıq formalaşıb və keçmiş mexanizmlərin fəaliyyətinə daha tənqidi yanaşılması təbiidir. Onun qənaətinə görə, Cənubi Qafqazın gələcəyi artıq uzunmüddətli geosiyasi rəqabət meydanı olmaqda deyil, ölkələrin birbaşa dialoq və qarşılıqlı maraqlar əsasında münasibətlər qurmasındadır. Paşinyanın son açıqlaması da məhz bu dəyişən baxışın siyasi ifadəsi kimi dəyərləndirilə bilər.
Səxavət HƏMİD
XQ


