Xocalılılar rahatlığa, ədalətə, xoşbəxt gələcəyə qovuşublar
Keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarına ləyaqətli qayıdışı Azərbaycan dövlətinin prioritet fəaliyyət istiqamətlərindən birinə çevrilib. Köçürülmə prosesi zamanı bütün zəruri məqamlar diqqətdə saxlanılır. Bərpa edilmiş yaşayış məntəqələrində müasir infrastruktur yaradılır, sakinlər yeni təmir olunmuş evlərlə, daimi su, qaz, elektrik enerjisi, yüksəksürətli internetlə təmin edilirlər. Əhalinin məşğulluq məsələlərinin həlli üçün də qısa müddətdə lazımi addımlar atılır.
Azad Xocalıya qayıtdıqdan sonra bütün ağrı-acılarını, həsrət dolu günlərini unudaraq həyatı yenidən yaşamağa başlamış insanlarla görüşümüzdə onların sevincinin, qürurunun və nikbinliklə dolu təəssüratlarının bir daha şahidi olduq. Rayonun Ballıca kənd sakini Xəyyam Məmmədov bildirdi ki, doğma Qarabağa qayıdışı neçə əlçatmaz görünən arzusunu reallışa çevirib:
– Ən böyük arzumuz, təbii ki, Vətənimizə qovuşmaq idi. İllərlə bu yerlərin torpağı, havası, suyu, daşı-qayası üçün burnumuzun ucu göynəyirdi. İndi hər açılan səhərimizə, hər batan günəşə, hətta hər yağan yağışa, doluya, dumana-çiskinə şükür edirik. Yaşadıqlarımız sanki şirin bir yuxudur.
İkinci gerçəkləşən arzum geniş, hər şəraiti olan, təmirli evlə təmin olunmağımdır. Evsizlikdən çox əziyyət çəkmişik. Ancaq 2024-cü il dekabrın 27-dən həm məcburi köçkünlüklə vidalaşmışam, həm də yeni evim – öz evim var!
Erməni təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşəndə Xəyyam Məmmədovun 13 yaşı olub. Elə həmin vaxtlar ehtiyatsızlıqdan əlində partlayan qumbara alışdırıcısı gözünün birini zədələyib, hazırda 2-ci qrup gözdən əlildir. Odur ki, ağır fiziki işlərdə işləməsi mümkün deyil. Üstəlik, ali təhsili olmadığı üçün Ballıcaya köçdükdən sonra iş tapmaqda çətinlik çəkəcəyini düşünürmüş. Ancaq bildirdiyinə görə, dövlət qurumları səhhətini nəzərə alıb və onun daha bir arzusu həyata keçib:
– Hələ məcburi köçkün kimi Gəncədə məskunlaşdığım vaxt fikirləşirdim, görəsən, nə vaxtsa elə bir iş qura bilərəmmi ki, kiməsə möhtac olmadan işləyə, dolana bilim? Bura gəldikdən qısa müddət sonra mənə yer ayrıldı, hər cür dəstək göstərildi və “Balmarket” adlı mağaza açdım. Hazırda çox böyük olmasa da ticarət obyektim var, çox şükür, qazancım ailəmi dolandırmağa yetir. Müəyyən müddətə vergidən azad edilməyimiz marketi işlədə bilməyimə çox kömək oldu.
Hər şeyə görə möhtərəm Prezidentimizə minnətdaram! Bütün arzularımın reallaşması məhz onun sayəsində mümkün olub!
Xəyyam Məmmədovun həyat yoldaşı Günel xanım isə Ballıcaya köçdüklərindən cəmi bir gün sonra işlə təmin edilib, kənddə yerləşən tibb məntəqəsinin müdiridir. Dedi ki, şəhidlərimizin qanı bahasına mənfur düşmən tapdağından azad edilmiş torpaqlarda yaşamaq, işləmək əvəzsiz duyğudur:
– Gələn ay səhiyyə sistemində çalışmağımın 25 ili tamam olacaq. Əlbəttə, həmişə əlimdən gələn qədər yerli əhaliyə yaxşı xidmət göstərməyə çalışmışam. Doğma Qarabağda işləmək mənim üçün şərəfdir. İndi ikiqat həvəslə, ikiqat məsuliyyətlə işləyirəm.
Həmsöhbət olduğumuz Hümbətovlar ailəsinin üzvləri də yaradılan şəraitdən razılıq etdilər. Ailə başçısı Reyhan xanım bildirdi ki, həyat yoldaşı gənc yaşlarında dünyasını dəyişdiyindən 4 övladını böyütmək, ailə sahibi etmək, əllərini çörəyə çatdırmaq üçün çox çətinliklərə sinə gərməli olub. Ancaq həyatın hər imtahanına görə uca Tanrıya şükürlərini əskik etməyib. Elə nə vaxtsa doğma yurdlarımıza dönəcəyimiz günə olan inamını da itirməyib:
– Bu günləri yaşadığımız üçün xoşbəxtik. Öz torpağımızdayıq, yeni evimiz var, oğlum da, gəlinim də işləyir. Üstəlik, təsərrüfatla da məşğul oluruq. Dövlətimiz var olsun, bizə arı ailələri veriblər, həyətimizi əkib-becəririk. Bilirik ki, bütün bunlar dövlətimizin başçısı, əziz Prezidentimiz İlham Əliyevin əzmi, qətiyyəti sayəsindədir. Allah onu pənahında saxlasın! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
İxtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimi olan Şahsuvar Hümbətov Ballıcaya qayıtdıqları gündən özünün də, həyat yoldaşı Vüsalənin də məktəbdə işlə təmin edildiklərini bildirdi:
– Təsəvvür edin, 2024-cü il dekabrın 13-də Vətən həsrətimizə son qoyuldu, Ballıcaya köçdük, 15-dən isə məktəbdə işləməyə başladıq. Əvvəl məcburi köçkün kimi məskunlaşdığımız zaman həyat yoldaşım yaşadığımız yerdən təxminən 100 kilometrə qədər aralıda yerləşən məktəbdə işləyirdi. Mən də həftədə 3 dəfə onu işə aparıb-gətirməyə məcbur idim. İndi iş yerimiz yaxınlığımızdadır. Həvəslə, fəxrlə gedib övladlarımızın savadlı, Vətənə layiqli övladlar kimi yetişməsinə töhfə verməyə çalışırıq.
Boş vaxtlarımızda isə, anamın dediyi kimi, həyət-bacada işləyirik. Yaxşı meyvə ağaclarımız var, kartof, lobya, göyərti, tərəvəz əkmişik, inək, arı, toyuq-gücə saxlayırıq. Zəhmətə qatlaşırıq, bəhrəsini də görürük. Bir sözlə, burada yaşamığımız üşün bizə hər cür şərait yaradılıb.
...Bərpa olunan yaşayış məntəqələrində apteklərin fəaliyyətə başlaması əhaliyə əczaçılıq xidmətinin göstərilməsi istiqamətində atılmış mühüm addımdır. Qarabağın Xankəndi, Şuşa, Xocalı kimi şəhərləri ilə yanaşı, kəndlərində də apteklərin açılması üçün sahibkarlara lazımi şərait yaradılıb. Sevindiricidir ki, bu sahibkarlar əsasən həmin kəndlərə qayıtmış keçmiş məcburi köçkünlərdir. Ballıcada yeni açılmış aptekin müdiri Vüqar Əhmədov Bakıda məskunlaşdığı dövrdə də aptek fəaliyyəti ilə məşğul olduqlarını, torpaqlarımız işğaldan azad olunduqdan sonra isə ailəsi ilə birlikdə böyük həvəslə doğma yurdlarına qayıdacaqları günü gözlədiklərini dedi:
– Arzumuz ötən ilin aprelində reallaşdı. Atamla, həyat yoldaşımla, oğlum və onun ailəsi ilə birlikdə Ballıcaya köçdük. Kənddə aptek açmaq istəyim aidiyyəti qurumlar tərəfindən müsbət həll olundu və məskunlaşdıqdan qısa müddət sonra burada fəaliyyətə başladıq. İndi oğlumla birlikdə öz camaatımıza xidmət göstəririk. Əczaçılıq fəaliyyətinin nə qədər vacib və məsuliyyətli olduğunu bildiyimiz üçün, demək olar, gecə-gündüz işləyirik. Biz apteki açandan daha heç bir kənd sakininin dərman almaq üçün Xankəndiyə, yaxud Xocalıya getməsinə ehtiyac qalmayıb. Azad Qarabağda həyata keçirilən bərpa-quruculuğun həm şahidi, həm də bu işdə pay sahibi olmaq bizim üçün çox qürurvericidir!
Qarabağ və və Şərqi Zəngəzurun digər yaşayış məntəqələrində olduğu kimi, Ballıcada da gənc ailələrin sosial qayğıları, məşğulluq məsələlərinin həlli xüsusi diqqətdə saxlanılır. Dünyaya ata-baba torpaqlarından uzaqda, məcburi köçkün ailəsində göz açmış Pərviz Həbibi bizimlə söhbətində bildirdi ki, Ballıcaya köçməmişdən öncə də işləyirdim və əmək fəaliyyətim elə əvvəldən Xocalı ilə bağlı olub:
– Beş ilə yaxındır ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Xocalı rayonu üzrə baş mütəxəssisi vəzifəsində çalışıram. Şanlı ordumuzun zəfər yürüşündən sonra rayon ərazisindəki tarix-mədəniyyət abidələrinin müəyyənləşdirilməsi, inventarlaşdırılması və mühafizəsinin təşkili məqsədilə mütəmadi olaraq bu ərazilərə gəlib qayıtmalı olurdum. Ancaq indi öz yurdumdayam, işimi buradan daha rahat, daha məsuliyyətlə və sevgiylə görə bilirəm.
Həyat yoldaşım Şahnaz da işlə təmin olunub, Xocalı rayonu 1 nömrəli bağçada musiqi müəllimi işləyir. Üstəlik, istəyimizə uyğun, Dövlət Məşğulluq Agentliyi tərəfindən ailəmizə 3 baş iribuynuzlu heyvan verilib, heyvandarlıqla məşğuluq. Yəni sosial baxımdan dövlətimizin qayğısı ilə əhatə olunmuşuq.
...Məcburi köçkün həyatı ilə vidalaşmış insanların ata-baba yurdlarına bağlılığı, onların firavan yaşayışı üçün görülən işlər, ən müxtəlif sahələrdə çalışan sakinlərin gələcəyə olan sarsılmaz inamları Qarabağımızın tezliklə əvvəlkindən də gözəl və abad olacağına əminlik yaradır. Əminlik yaradır ki, biz öz torpaqlarımızı azad etdiyimiz kimi, ona layiqincə sahib çıxmağı da bacarırıq.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı


