“İcbari sığorta bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) beynəlxalq sığorta sektorunda mühüm əhəmiyyət daşıyan Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna tamhüquqlu üzv qəbul edilib. Bu barədə qərar 2026-cı il mayın 26-da qurumun İdarəetmə Komitəsinin iclasında İSB-nin üzvlük müraciətinə baxıldıqdan sonra qəbul olunub.
Xatırladaq ki, Beynəlxalq Sığorta Zəmanət Fondları Forumu dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən sığorta zəmanət fondlarını və analoji qurumları bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. ABŞ, Böyük Britaniya, Kanada, Cənubi Koreya, Almaniya, Fransa, Avstraliya, Qazaxıstan və Türkiyə kimi nüfuzlu ölkələrin aidiyyəti qurumlarının təmsil olunduğu qurumun əsas məqsədi sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin və zərərçəkmiş üçüncü şəxslərin maraqlarının qorunması sahəsində təcrübə mübadiləsini təşviq etmək, sığorta zəmanət mexanizmlərinin institusional və praktiki inkişafına dəstək vermək, habelə üzv qurumlar arasında əməkdaşlığı gücləndirməkdir.
Eyni zamanda, forum sığortaçıların öhdəliklərini icra edə bilmədiyi, maliyyə çətinliyi ilə üzləşdiyi və ya müflisləşdiyi hallarda tətbiq olunan kompensasiya və zəmanət mexanizmləri üzrə qabaqcıl beynəlxalq təcrübənin paylaşılmasına və bu sahədə yanaşmaların təkmilləşdirilməsinə töhfə verir.
Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzvlük “İcbari sığorta bürosu” üçün mühüm strateji əhəmiyyət daşıyır. Bu, Azərbaycanın sığorta təşkilatının beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisi olmaqla yanaşı, quruma qabaqcıl beynəlxalq təcrübəyə çıxış imkanları yaradacaq, sığorta zəmanət mexanizmlərinin inkişafı istiqamətində əməkdaşlığı genişləndirəcək və Azərbaycan sığorta sektorunun beynəlxalq təşkilatlarda təmsilçiliyini daha da gücləndirəcək.
Eyni zamanda, üzvlük çərçivəsində metodologiya, hüquqi və institusional yanaşmalar, habelə risklərin idarə olunması sahələrində yeni əməkdaşlıq imkanlarının formalaşması gözlənilir. Bu isə ölkədə sığorta sisteminin dayanıqlılığının artırılmasına, habelə sığortalıların və zərərçəkmiş şəxslərin maraqlarının daha effektiv qorunmasına xidmət edəcək.
“İcbari sığorta bürosu” beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və sığorta sektorunun davamlı inkişafı istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.
XQ

