Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) Livanın cənubunda həyata keçirdiyi hücum nəticəsində ölkə ordusunun iki hərbçisi həyatını itirib.
XQ xəbər verir ki, Xardəli – Nəbatiyyə magistralında hərəkətdə olan hərbi avtomobil hədəfə alınıb. Hücum zamanı briqada generalı Vesam Sabra və onunla birlikdə olan daha bir hərbçi həlak olub.
Livan Ordusu hadisəyə münasibət bildirərək hücumu “açıq təcavüz aktı” adlandırıb və bunu ölkənin suverenliyinə qarşı növbəti pozuntu kimi qiymətləndirib.
Qeyd edək ki, insident ABŞ administrasiyasının vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunan yeni atəşkəs razılaşmasından qısa müddət sonra baş verib. Razılaşmaya baxmayaraq, tərəflər arasında gərginlik davam edir və son günlər qarşılıqlı zərbələr qeydə alınıb.
Bundan əvvəl “Hizbullah” hərəkatı atəşkəsin bəzi müddəalarını qəbul etmədiyini açıqlamışdı. Təşkilatın rəhbəri Naim Qassem İsrail qüvvələrinin Livan ərazisindən tam çıxarılmasının vacib olduğunu vurğulayaraq, bunun baş vermədiyi təqdirdə müqavimətin dayandırılması ilə bağlı öhdəlik götürmədiklərini bildirmişdi.

