Bakının yeni dünya düzənində təşəbbüskar rolu yüksəlir
Rusiyanın Ukraynaya qarşı müharibəsi, İran ətrafındakı gərginlik, Yaxın Şərqdəki münaqişələr və qlobal enerji bazarlarındakı qeyri-sabitlik alternativ enerji və nəqliyyat marşrutlarına ehtiyacı artırıb. Yeni reallıq fonunda Azərbaycan öz coğrafi mövqeyini və enerji resurslarını, sadəcə, iqtisadi üstünlük kimi deyil, strateji geosiyasi alət kimi gücləndirib. Hazırda Bakı enerji təhlükəsizliyi, beynəlxalq tranzit baxımından Avropa ilə Asiya arasında etibarlı körpü rolunu oynayır. Bu barədə ABŞ-ın nüfuzlu nəşrlərindən olan “The Washington Times” qəzeti yazıb.
Qəzetin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın son illər dəyişən geosiyasi şəraitdən maksimum faydalanmağı bacarmasıdır. Bu baxışa görə Bakı, həm enerji təhlükəsizliyi arxitekturasında sabitlik elementi, həm də Şərq–Qərb və Şimal–Cənub marşrutlarının kəsişməsində yerləşən strateji qovşaqdır.
Nəşrin məlumatına görə, Vaşinqtonun Azərbaycana marağı təsadüfi deyil. ABŞ Prezidenti Donald Tramp administrasiyası Bakı ilə münasibətləri keyfiyyətcə yeni və daha yüksək mərhələyə çıxarmaq xəttini götürüb. 2025-ci ilin avqustunda Vaşinqton Sülh Sammiti çərçivəsində Prezident İlham Əliyevin Ağ Evdə Donald Trampla keçirdiyi görüş ikitərəfli münasibətlərdə dönüş nöqtəsi olub. Həmin görüş iki ölkə arasında uzunmüddətli strateji kursun yenidən müəyyənləşdirib. Bu yaxınlaşmanın ən mühüm regional nəticəs ABŞ-ın birbaşa şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sənədinin paraflanmasıdır. “Euronews”un bəhs etdiyi kimi, bu, sülh platformasının bir hissəsi olaraq ABŞ Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvanla bağlayacaq TRIPP layihəsinə və regional dəhlizlərin inkişafına birbaşa dəstək verib.
ABŞ Prezidenti Donald Trampın Bakıya ünvanladığı rəsmi təbrik məktublarında qeyd edildiyi kimi, iki ölkə münasibətləri canlandırmaq üçün ardıcıl addımlar atır. Bunun bariz nümunəsi cari ilin fevral ayında ABŞ Vitse-prezidenti Ceyms Devid Vens və Prezident İlham Əliyev tərəfindən Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası və yaradılmış Strateji İşçi Qrupudur. Bu sənəd əlaqələrə güclü institusional xarakter qazandırıb. Eyni zamanda, Bakı ilə Vaşinqton arasında hərbi əməkdaşlığa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması istiqamətində atılan addımlar ABŞ-ın regiona yanaşmasında köklü keyfiyyət dəyişikliyini göstərir. Paralel olaraq, ABŞ qanunvericiliyində uzun illər qüvvədə olan və münasibətlərdə gərginlik yaradan 907-ci düzəlişin faktiki olaraq məhdudlaşdırılması və tamamilə ləğvi istiqamətində Vaşinqtonun atdığı addımlar ikitərəfli əlaqələrdəki son hüquqi baryerləri də aradan qaldırır. Bu isə hər iki dövləti daha böyük investisiya və müdafiə tərəfdaşlığı mərhələsinə keçirir.
* * *
ABŞ dövlət katibinin köməkçisi Kaleb Orrun Bakıya səfəri zamanı əldə olunan razılaşmalar, xüsusilə kritik minerallar və nadir torpaq elementlərinin tədarükü ilə bağlı əməkdaşlıq Qərbin Azərbaycanla münasibətlərində yeni istiqamətin formalaşdığını göstərir. Müasir texnologiyalar, müdafiə sənayesi və “yaşıl enerji” layihələri üçün vacib hesab edilən resurslar gələcəkdə Azərbaycanı qlobal təchizat zəncirinin daha mühüm halqasına çevirəcək. Bu tərəfdaşlıq, həm də süni intellekt, kibertəhlükəsizlik və kritik faydalı qazıntıların tədarük zənciri kimi yeni sahələri əhatə edir.
Azərbaycanın artan beynəlxalq nüfuzunun əsas dayaqlarından biri də onun enerji sektorudur. “The Washington Times”ın təhlilinə görə, Azərbaycan qazını Avropaya nəql edən Cənub Qaz Dəhlizi qitənin enerji xəritəsində strateji mövqe qazanıb. Bu meqalayihə Avropaya tədarük marşrutlarının şaxələndirilməsinə xidmət edir, qitənin xarici asılılığının, xüsusilə də Rusiyadan asılılığın azaldılmasına birbaşa töhfə verir. Bununla yanaşı, rəsmi Bakının müasir enerji siyasəti təkcə regional neft-qaz sektoru ilə məhdudlaşmır. Ölkəmiz son illərdə bərpaolunan enerji sahəsində də fundamental addımlar atmaqdadır. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən həyata keçirilən iri külək enerjisi layihələri, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin “ADNOC” və “Masdar” şirkətlərinin milyardlarla dollarlıq investisiyaları bunun bariz təsdiqidir.
Bu təşəbbüslər daxili bazarda alternativ mənbələrin payını artırmaqla yanaşı, ixrac üçün əlavə qaz həcmlərinin sərbəstləşməsinə şərait yaradır. Başqa sözlə, “yaşıl enerji” Azərbaycanın ənənəvi enerji potensialını zəiflətmir, əksinə, onu daha da gücləndirir. Milli Məclisin deputatı Məzahir Əfəndiyev bununla bağlı bildirib ki, Azərbaycan bu gün qlobal iqtisadiyyatda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və beynəlxalq enerji zəncirinin vacib iştirakçısı kimi çıxış edir. Onun sözlərinə görə, ölkənin qaz təchiz etdiyi dövlətlərin sayının ildən-ilə artması, xüsusilə də Avropa İttifaqına üzv ölkələrin çoxluq təşkil etməsi Azərbaycanın Avropa üçün əvəzolunmaz tərəfdaş olduğunu bir daha sübut edir.
Bakıda keçirilən Beynəlxalq Enerji Həftəsi də ölkənin qlobal gündəmdəki çəkisini növbəti dəfə nümayiş etdirib. ABŞ, Çin, Yaponiya, Avropa və Körfəz dövlətlərinin nümayəndə heyətləri də daxil olmaqla, 45-dən çox ölkə rəsmilərinin eyni platformada təmsil olunması Bakının beynəlxalq enerji diplomatiyasının mühüm mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir. Tədbir çərçivəsində irihəcmli sazişlərin imzalanması və aparıcı qlobal korporasiyaların Azərbaycan bazarına artan marağı ölkənin yüksək investisiya cəlbediciliyindən xəbər verir.
O da məlumdur ki, Azərbaycan yalnız xarici kapital qəbul edən deyil, həm də fəal şəkildə kapital ixrac edən ölkəyə çevrilib. 30 il əvvəl respublika öz iqtisadiyyatını bərpa etmək üçün xarici investorları cəlb edirdisə, bu gün Bakı Yaxın Şərq, Afrika və Mərkəzi Asiyadakı iri investisiya layihələrinin əsas tərəfdaşlarından biridir. Bu kontekstdə SOCAR-ın beynəlxalq fəaliyyəti və xarici bazarlardakı mövqelərinin genişlənməsi milli iqtisadi imkanların yeni mərhələyə qədəm qoyduğunu göstərir.
* * *
Güclü nəqliyyat-logistika potensialı Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir. Ənənəvi şimal marşrutlarından yan keçən Orta Dəhlizin aktuallaşması, Çinlə Avropa arasında quru ticarət dövriyyəsinin artması və alternativ tranzit yollarına olan ümumi tələbat ölkənin strateji üstünlüklərini zirvəyə daşıyıb. Beləliklə, Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas qlobal qovşağa çevrilib. “The Washington Times” bu barədə məlumat verib.
Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm dayağı, Asiya ilə Avropanı birləşdirən strateji nəqliyyat kəsişməsi və Qərbin regiondakı etibarlı tərəfdaşı rolunu qəti şəkildə möhkəmləndirib. Qlobal tədarük zəncirlərinin və ticarət marşrutlarının yenidən qurulduğu müasir dövrdə Bakının geosiyasi çəkisi durmadan artır. Cari proseslər sübut edir ki, Azərbaycan öz təbii resurslarının verdiyi iqtisadi üstünlükləri uğurla uzunmüddətli geosiyasi və strateji dividendlərə çevirir. Bu isə yaxın illərdə ölkənin beynəlxalq arenadakı mövqeyini gücləndirəcək.
Bu proses coğrafi mövqenin strateji dəyəri, enerji resurslarının qlobal bazarlardakı həlledici rolu və rəsmi Bakının çevik diplomatik manevr qabiliyyətinin vəhdəti nəticəsində formalaşan uğur düsturudur. Azərbaycan artıq regional tranzit ölkəsi çərçivəsini aşaraq, Avrasiya miqyasında geosiyasi balans yaradan və strateji axınları yönləndirən mühüm qlobal aktora çevrilib.
Pünhan ƏFƏNDİYEV
XQ

