Bu gün şəhidimizin 25 yaşı tamam olur
Torpaq, Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.
Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. İgid oğullar torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər.
Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında-Qarabağın ürəyi Şuşada verildi. Son damla qanları, nəfəslərinədək savaşan yenilməz oğullar düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular.
44 günlük Vətən müharibəsinin unudulmaz qəhrəmanlarından biri də Süleyman Şirəlizadədir. 6 iyun 2001-ci ildə Oğuz rayonunun Padar kəndində anadan olub. 2007-ci ildə Arzu Əliyev adına Padar kənd tam orta məktəbinə daxil olmuşdur. 2018-ci ildə məktəbi bitirmişdir. Süleyman Şirəlizadə 2019-cu ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin başa çatmasına bir neçə ay qalmış Vətən müharibəsi başlamış və döyüşlərə qatılmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Süleyman Şirəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsində Ağdərə istiqamətində savaşıb. Ağdərə istiqamətində "Tülkü dərəsi" deyilən ərazidə 5 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur. Süleyman Şirəlizadə 6 oktyabr 2020-ci il tarixində Oğuz rayonu Padar kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Süleyman Şirəlizadə ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalı ilə təltif edildi.
Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.
M.MİRZƏ
XQ

