"The Post" qəzetinin üzə çıxardığı məlumata görə, Co Bayden administrasiyası Çinin casus balonu insidentinə verdiyi uğursuz reaksiyanın ardınca, skautlara məxsus balonu 550 000 dollarlıq raketlə məhv edib.
Müdafiə Nazirliyinin (Mənbədə: Department of War) keçən ay UFO fayllarının ikinci paketi çərçivəsində dərc etdiyi videoçarxa əsasən, ABŞ Hərbi Hava Qüvvələri 12 fevral 2023-cü ildə Huron gölü üzərində peyda olan "işğalçı" obyekti zərərsizləşdirmək üçün "F-16" qırıcısı təyyarə göndərib və onu böyük ehtimalla "AIM-9 Sidewinder" raketi ilə parça-parça edib. 45 saniyəlik videoda qırıcının hədəf nişangahında cəmi bir neçə saniyə görünən və aşağısından ip sallanan qara bir "kürə"nin partladılma anı əks olunub.
AARO-nun (Anomal Halların Tədqiqi Ofisi) sabiq müvəqqəti direktoru Tim Fillips "The Post"a bildirib: "F-16 Huron gölü üzərində balona atəş açdı. Çinin casus balonu rüsvayçılığından sonra Müdafiə Nazirliyi aşkar etdiyi hər bir UAP-a (Tanınmayan Anomal Fenomen) atəş açırdı".
AARO-nun digər rəsmisi Kirk Patrik isə aprelin 27-də keçirilən konfransda qeyd edib: "Həmin balon yarım milyon dollarlıq raketlə vurulmazdan əvvəl yer kürəsinin ətrafını səkkiz dəfə fırlanmışdı. Bu barədə Konqresdə (Hill) hesabat verərkən oradakı reaksiyanı yəqin ki, təsəvvür edə bilərsiniz". Kirk Patrik əlavə edib ki, həmin kürə hər hansı təhlükə deyil, davam edən və dəqiqləşdirilməmiş bir tədqiqat layihəsinin tərkib hissəsi olub.
"Boyskaut" balonunun məhv edilməsi Çin Casus Balonu böhranından bir həftə sonraya təsadüf edib. Həmin böhran zamanı administrasiya Çin Kommunist Partiyasının kəşfiyyat aparatı ABŞ hava məkanında tam aktiv fəaliyyət göstərdiyi beş gün ərzində qətiyyətsiz şəkildə, sadəcə, gözləməklə kifayətlənmişdi.
Bayden administrasiyası 11 fevral 2023-cü ildə Alyaska üzərində digər bir həvəskar balonu vurmaqla da hərbi sursatı hədər edib. "The Guardian"ın məlumatına görə, ABŞ-ın "F-22" qırıcısı Şimali İllinoys Şüşə Qapağı Balon Briqadasına (Northern Illinois Bottlecap Balloon Brigade) məxsus olan və cəmi 12 dollar dəyəri olan tədqiqat balonuna 439 000 dollarlıq raket atıb.
Kirk Patrikin sözlərinə görə, başqa bir hadisədə isə amerikalı qırıcı pilot "stels texnologiyalı imkanlara sahib" UFO ilə qarşılaşdığını bildirib və raket atmaq üçün icazə alıb - lakin nəticədə "Walmart" mağazasından alınmış və üzərində "Ad günün mübarək" yazılmış ulduz formalı maylar (folqa) balonu məhv edilib.
Hərbçilər tərəfindən qeydə alınan və bəziləri hazırda Tramp administrasiyası tərəfindən ictimaiyyətə açıqlanan "UFO" videolarının çoxu, əslində, "Reaper" pilotsuz uçuş aparatlarının (PUA) operatorları tərəfindən səhvən eyniləşdirilmiş standart insan istehsalı obyektlərdir.
Tim Fillips bu barədə belə deyir: "Onlar missiyanı yerinə yetirib yenidən silahlanmaq və yanacaq doldurmaq üçün bazaya qayıtmalıdırlar. Bu zaman darıxan operator ətrafa boylanır, nəsə aşkar edir və onun nə olduğundan əmin ola bilmir".
O, həmçinin əlavə edib: "Hazırda hərbi donanmadan, əməliyyat qanadlarından və eskadronlardan bu cür halları məruzə etməyə hazır olduqları barədə yaxşı hesabatlar alırıq. Bu, alimlərimizin 'Reaper' operatorları ilə birbaşa danışması, çiyin-çiyinə işləməsi və müəyyən maarifləndirmə aparması üçün həyata keçirilən proqramın bir hissəsidir".
Hazırladı:
S.ELAY
XQ

