ABŞ ordusu hazırda hərbi "ölüm kamerasında" (edamını gözləyənlərin korpusu) olan dörd hərbi qulluqçu barəsində ölüm hökmlərinin mümkün icrasına hazırlıqlara başlayıb. Bu barədə "ABC News" məlumat yayıb.
Fevral ayında hazırlanan və "Operation Resolute Justice" ("Qətiyyətli Ədalət" Əməliyyatı) adlanan sənədə əsasən, hərbi strukturlara məhkumların Kanzas ştatındakı Fort-Livenvort hərbi həbsxanasından İndiana ştatının Terre-Hot şəhərindəki federal edam mərkəzinə köçürülməsi üçün Federal Həbsxanalar Bürosu ilə fəaliyyətləri koordinasiya etmək tapşırılıb.
Əgər bu edamlar ABŞ prezidenti tərəfindən təsdiqlənərsə, 1961-ci ildən bəri ölkənin hərbi hakimiyyət orqanları tərəfindən icra edilən ilk ölüm hökmü olacaq. Həmin vaxt Avstriyada 11 yaşlı qıza təcavüz və qəsdən adam öldürməyə cəhd maddələri ilə təqsirli bilinən sıravi Con Bennett edam edilmişdi.
ABŞ ordusunun rəsmi nümayəndəsi Sinti Smit vurğulayıb ki, bu cür planlaşdırma edam haqqında qəti qərarın verilməsi demək deyil. Onun sözlərinə görə, hərbçilər müxtəlif ssenarilər, o cümlədən ölüm hökmlərinin icrası halları üçün müntəzəm olaraq təlimlər və hazırlıq tədbirləri həyata keçirirlər.
Amerika qanunvericiliyinə əsasən, hərbi məhkəmələrin ölüm hökmü çıxarmaq hüququ var, lakin bunun icrası üçün ABŞ prezidentinin şəxsi təsdiqi tələb olunur. Sənəddə qeyd edilir ki, bütün hazırlıq tədbirləri mümkün prezident qərarından ən geci 150 gün sonra başa çatdırılmalıdır.
Planda media ilə qarşılıqlı fəaliyyətə və prosedurun ictimaiyyətə işıqlandırılmasının təşkilinə, o cümlədən jurnalistlərin edamın icrasında şahid qismində iştirakı üçün buraxılış qaydalarına xüsusi diqqət yetirilir.
Ölüm hökmü mövzusu Donald Trampın Ağ Evə qayıdışından sonra yenidən aktuallaşıb. O, ikinci prezidentlik müddətinin ilk günündə federal səviyyədə ölüm cəzasının aktiv tətbiqinin bərpası haqqında fərman imzalayıb və Ədliyyə Nazirliyinə bu cəzanın daha geniş istifadəsinə nail olmağı tapşırıb.
Son aylarda 2009-cu ildə Fort-Hud hərbi bazasında 13 nəfərin ölümü və daha 32 nəfərin yaralanması ilə nəticələnən kütləvi qətliama görə ölüm cəzasına məhkum edilmiş Nidal Hasanın işi xüsusi diqqət çəkir. ABŞ-ın müdafiə naziri Pit Heqset daha əvvəl bu hökmün icrasına nail olmaq niyyətində olduğunu bəyan etmişdi.
Bundan əlavə, ABŞ Ədliyyə Nazirliyi bu yaxınlarda ölüm hökmlərinin icrası prosedurunu sürətləndirmək üçün tədbirlər planını, o cümlədən icazə verilən edam üsullarının siyahısının genişləndirilməsini elan edib ki, bu üsullar arasında güllələnmə variantı da nəzərdən keçirilir.
Hazırladı:
S.ELAY
XQ

