Finlandiya prezidenti: Rusiya hücum etməyəcək, Putinlə danışmaq lazımdır

post-img

Finlandiya prezidenti Aleksandr Stubb Rusiyanın NATO ölkələrinə, o cümlədən Baltikyanı dövlətlərə hücum etmək planları barədə bəyanatlara inanmır. O, bu barədə İsveçrənin "Neue Zürcher Zeitung" nəşrinə verdiyi müsahibəsində bildirib.

"Əgər Rusiya dörd il ərzində Ukraynanı işğal edə bilməyibsə, beşinci maddənin (NATO-nun kollektiv müdafiə maddəsi) işləkliyini niyə yoxlasın ki?" - deyə o qeyd edib.

Stubbun fikrincə, Ukrayna döyüş meydanında "müharibə başlayandan bəri hər zamankından daha yaxşı mövqedədir". Finlandiya prezidenti hesab edir ki, Rusiyanın NATO ölkələrinə qarşı hibrid fəaliyyətləri - kiberhücumlar, təxribatlar - "həmişə olacaq", lakin o, real hərbi əməliyyatların baş verəcəyinə inanmır.

Stubb əlavə edib ki, onun qənaətinə görə, Avropa Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə dialoqa başlamalıdır. "Ruslarla yalnız onlar güclü mövqedə olmadıqları zaman danışıqlar aparmaq mümkündür. Biz bunu amerikalılarla birlikdə etməliyik, lakin, eyni zamanda, ABŞ-ın Rusiya və Ukrayna ilə bağlı hazırkı xarici siyasətinin Avropanın maraqlarına uyğun olub-olmadığı sualını verməliyik. Əgər uyğun deyilsə, -bəzi aspektlərdə bu həqiqətən də belə deyil ,- o zaman təşəbbüsü öz üzərimizə götürməliyik. Lakin bunu razılaşdırılmış şəkildə etmək lazımdır. İdeal variantda ilk addım Avropa İttifaqından gəlməlidir, əgər bu işə yaramasa - 'Avropa üçlüyü'ndən, yəni Fransa, Almaniya və Böyük Britaniyadan gəlməlidir. Əgər bu da nəticə verməsə, o zaman başqa bir format tapmalı olacağıq", - deyə Finlandiya prezidenti bəyan edib.

S.ELAY

XQ

Dünya