Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Almaniyanın Falkenze şəhərində “Odlar Yurdu” boks klubu və “KUC Boxing Promotion”un təşkilatçılığı ilə 10-cu Beynəlxalq Peşəkar Boks Qalası keçirilib. 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan turnirdə Azərbaycan, Almaniya, Gürcüstan, İtaliya, Çexiya, Macarıstan və Bosniya və Herseqovinadan idmançılar iştirak ediblər.
Azərbaycanı “Odlar Yurdu” klubunun boksçusu Kənan Hüseynəliyev təmsil edib. O, Almaniya idmançısı Həmzət Şadalov ilə BDB beynəlxalq çempionluq kəməri uğrunda 10 raundluq əsas döyüşdə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada xal üstünlüyü ilə Şadalov qalib gəlib.
Gecə boyu arenada böyük coşğu yaşanıb, Azərbaycanlı azarkeşlər və diaspor nümayəndələri Kənana güclü dəstək göstəriblər. Bu atmosfer xaricdə yaşayan azərbaycanlıların birliyini bir daha nümayiş etdirib.
Məşqçi Azad Əzizov bu turnirin Milli Qurtuluş Gününə həsr olunduğunu və diaspor gənclərinin idmana cəlb edilməsinin əsas məqsəd olduğunu bildirib. Kənan Hüseynəliyev isə güclü rəqiblə döyüşün ona böyük təcrübə qazandırdığını və gələcək yarışlara daha böyük motivasiya ilə hazırlaşacağını qeyd edib.

