Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində milli kino nümunələrinin təqdimatı davam edir.
Mədəniyyət Nazirliyindən XQ-yə verilən məlumata görə, “Aşqabad” Kinoteatrında “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş olunub.
2025-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal edilən ekran əsəri Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr edilib.
Filmin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru isə Elxan Cəfərovdur.
Ekran əsəri Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığını əhatə edir, həmçinin Azərbaycan təsviri sənətində dəzgah (panel) rəssamlığının əsasının qoyulmasına onun verdiyi töhfələrə diqqət çəkir. Filmdə eyni zamanda qədim İrəvan şəhərinin tarixi-mədəni mühiti, yerli ziyalıların irsi və azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası arxiv materialları və tarixi faktlar əsasında əks etdirilir.



