Ermənistanda keçirilən parlament seçkilərində saat 14:00-a olan seçici fəallığı 33,84% təşkil edib, ümumilikdə 847 226 seçici səs verib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Anna Qriqoryan məlumat verib.
Ermənistan KİV-i xatırladır ki, əvvəlki seçkilərdə bu saata qədər seçicilərin 26,82%-i (695 626 seçici) səsvermədə iştirak etmişdi.
Eyni zamanda, Ermənistan Daxili İşlər Nazirliyi (DİN) məlumat verir ki, saat 14:00 vəziyyətinə görə, DİN-in Əməliyyat İdarəetmə Mərkəzinə və qaynar xəttinə qanun pozuntuları ilə bağlı 29 siqnal daxil olub. 6 ehtimal edilən təkrar səsvermə və 5 səsvermənin gizliliyinin mümkün pozulması halı qeydə alınıb. Toplanmış materiallar ilkin istintaq orqanlarına göndərilib.
Həmçinin Ermənistan mətbuatı yazır ki, “Antikorrupsiya Komitəsi və Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən tədbirlər əsasında, Antikorrupsiya Komitəsində başladılan cinayət icraatı zamanı məlumat əldə edilib ki, ‘Çiçəklənən Ermənistan’ partiyasının tərəfdarları digər şəxslərlə birgə Ararat vilayətində bir sıra seçicilərə rüşvət verərək, onlardan parlamentə keçirilən seçkilərdə öz partiyalarına səs vermələrini tələb ediblər”. Komitə insidentlə bağlı cinayət işinin açıldığını, 10 nəfərə yaxın şəxsin həbs edildiyini və axtarışların aparıldığını bildirir.
Ermənistanın eks-prezidenti Serj Sarqsyan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə bəyan edib ki, “bura yalan və böhtanın olmayacağı, aktiv siyasi mövqeyin qiymətləndiriləcəyi bir Ermənistana səs vermək üçün gəlib”.
S.ELAY
XQ

