Şəhid İlqar Hümbətovun xatirə turniri cüdoçuları bir araya gətirib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo üzrə açıq birinciliyin açılış mərasimi keçirilib.

XQ xəbər verir ki, tədbir “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İOEUGİM-in təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində baş tutub.

Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Şəhid İlqar Hümbətovun həyatı və döyüş yolu haqqında məlumat təqdim edilib.

Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev çıxışında şəhidlərin xatirəsinə həsr olunan idman turnirlərinin gənclərin vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını bildirib və hər bir vətəndaşın şəhidlər qarşısında mənəvi borc daşıdığını vurğulayıb.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu belə yarışların yalnız idman deyil, həm də tərbiyəvi əhəmiyyət daşıdığını qeyd edərək, cüdonun gənclərin xarakter və şəxsiyyət kimi formalaşmasına töhfə verdiyini deyib.

Şəhidin anası Dilarə Hümbətova çıxışında Vətən uğrunda canını fəda edən qəhrəmanlara göstərilən ehtirama görə minnətdarlığını ifadə edib və şəhid ailələrinin daim dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Açılış mərasimi bədii proqramla davam etdirilib.

Qeyd edək ki, turnirdə 2014–2015-ci il təvəllüdlü oğlan və qız cüdoçular mübarizə aparırlar. Yarışda ümumilikdə 250 idmançının iştirakı nəzərdə tutulur.

Turnirin əsas məqsədi Şəhid İlqar Hümbətovun xatirəsinin ehtiramla yad edilməsi, yeniyetmələr arasında cüdonun təbliği və gənc idmançıların yarış təcrübəsinin artırılmasıdır.

İdman