FT: Zelenski Putinə birbaşa danışıqlar təklifini Roman Abramoviç vasitəsilə ötürüb

post-img

Ukrayna prezidenti Volodimir Zelenski keçən ay Roman Abramoviçi Kiyevə dəvət edib ki, onun vasitəsilə Putinə birbaşa danışıqlar barədə təklif ötürsün. Bu barədə "Financial Times" (FT) vəziyyətlə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Zelenski rusiyalı oliqarxa müraciət edərək, Rusiya Federasiyasının genişmiqyaslı təcavüzü dövründə ilk dəfə olaraq görüşə razı olduğu barədə Putini məlumatlandırmağı xahiş edib.

Mənbənin qeyd etdiyinə görə, Kiyev bu addımla sülhə münasibətdə niyyətinin ciddi olduğunu nümayiş etdirmək istəyib. Ukrayna həmçinin hesab edirdi ki, Rusiyanın neft emalı obyektlərinə endirilən uğurlu zərbələr və Ukrayna Silahlı Qüvvələrinin (USQ) rus hücumunu dayandırması, mövcud məlumatlara görə, "dərhal atəşkəs üçün stimul" yaradacaq və bu mövqeyi gücləndirəcək. Abramoviç artıq 2022-ci ildə — xüsusən də həmin ilin martında keçirilən danışıqların İstanbul mərhələsində vasitəçi rolunu yerinə yetirib. FT-nin oliqarxa yaxın olan həmsöhbətlərindən birinin fikrincə, onun rolu indiyə qədər əvəzedilməzdir: "O, lazımdır, çünki hamı ilə dil tapan yeganə rusiyalıdır".

Lakin Putin bu təklifə reaksiya verməyib. FT qeyd edir ki, Moskva, görünür, hələ də resurs üstünlüyünə mərc edir. İyunun 5-də Sankt-Peterburq İqtisadi Forumunda Putin ad çəkmədən hansısa "qeyri-rəsmi" rusiyalı biznesmenlə görüşdüyünü özü də təsdiqləyib.

Artıq növbəti gün Ali Radanın deputatı Oleksiy Qonçarenko "Telegram" kanalında açıq şəkildə söhbətin məhz Abramoviçdən getdiyini yazıb. Ukrayna Prezidentinin Ofisi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Bununla belə, Ukraynanın iki yüksək rütbəli rəsmisi nəşrə təsdiqləyib ki, Abramoviçin aldığı mesaj məzmunca Zelenskinin Putinə ünvanladığı açıq məktubu xatırladıb, lakin daha yumşaq tonda yazılıb.

Xatırladaq ki, iyunun 5-də Zelenski Putinə açıq məktub dərc edərək, onu müharibəni dayandırmağa və üz-üzə birbaşa danışıqlara çağırıb. Eyni zamanda, Ukrayna prezidenti Putini cəbhədəki uğursuzluqlara, Şimali Koreya və Çindən asılılığa görə qınayıb, həmçinin Rusiya liderinin ölkə daxilində siyasi nəzarəti itirdiyinə eyham vurub.

S.ELAY

XQ

Dünya