Rəsmi hesablamalara görə, Virciniya ştatındakı minlərlə server kompleksi milyardlarla qallon su istehlak edir.
Ağ evi, Kapitolini və Pentaqonu içməli su ilə təmin edən Potomak çayı bu il 130 illik müşahidələr tarixində ən aşağı səviyyəyə enib. Bu barədə “The Bulletin” nəşri yazır.
Bildirilir ki, əsas səbəb Şimali Virciniyada bulud xidmətləri və süni intellektə qlobal tələbatı qarşılayan data mərkəzlərinin nəzarətsiz şəkildə sürətlə artmasıdır. Bu region hətta “Data mərkəzləri xiyabanı” adını alıb.
Proqnozlara görə, 2030-cu illərə qədər burada ümumi sahəsi təxminən 20 min akrı əhatə edən minə yaxın obyekt yaradıla bilər. Federal səviyyədə vəziyyəti “Stargate” təşəbbüsü daha da sürətləndirir. Bu proqram məlumat infrastrukturu sahəsinə 500 milyard dollarlıq özəl investisiya cəlb etməyi nəzərdə tutur.
Orta statistik bir data mərkəzi ildə təxminən 100 milyon qallon su sərf edir. Bu isə təxminən min Amerika ailəsinin illik su istehlakına bərabərdir. Məqalədə qeyd olunur ki, təkcə Şimali Virciniyada data mərkəzləri 2023-cü ildə Potomak çayından təxminən 2 milyard qallon su istifadə edib. Bu göstərici dörd il əvvəlki ilə müqayisədə 63 faiz çoxdur.
Məlumata görə, yay aylarında data mərkəzlərinin payına çaydan götürülən ümumi suyun 12 faizədək hissəsi düşür. 2035-ci ilə qədər isə bu rəqəm paytaxt regionunun ümumi su istehlakının dörddə birinə çata bilər.
Qeyri-kommersiya təbiəti mühafizə təşkilatı "American Rivers" 2026-cı ildə Potomakı ABŞ-ın ən sürətlə yox olan çayı elan edib. Buna səbəb kimi yüksək həcmdə su sərf edən data mərkəzlərinin sürətli genişlənməsi göstərilib. Cari ilin aprel ayına olan məlumata əsasən, Virciniya ərazisinin 92 faizi ciddi quraqlıq şəraitindədir və çayın səviyyəsi yüz ildən artıq müddətdə ən aşağı həddə düşüb.
Su böhranı ilə yanaşı, data mərkəzləri havanın keyfiyyətinə də ciddi zərər vurur. Hazırda Virciniyada 4 mindən çox ehtiyat dizel generatoru fəaliyyət göstərir. Bu generatorlar ildə ümumilikdə 35–51 min saat işləyərək atmosferə azot oksidləri, xırda hissəciklər və karbonmonoksid buraxır.
Virginia Commonwealth University tərəfindən 2026-cı ildə aparılan araşdırma göstərib ki, təkcə "Vantage Data Centers" şirkətinin Loudon dairəsində yerləşən bir obyekti sakinlərin sağlamlığına ildə 53–99 milyon dollar həcmində ziyan vura bilər. Alimlərin hesablamalarına görə, bu obyekt 30 illik fəaliyyəti dövründə 102–195 vaxtsız ölümə səbəb ola bilər.
Diqqətçəkən məqam odur ki, ən çox çirklənməyə məruz qalanlar sosial baxımdan ən az müdafiə olunan icmalardır. Tədqiqatçılar hava keyfiyyəti məlumatlarını əhalinin siyahıyaalınma xəritələri ilə müqayisə edərək müəyyən ediblər ki, ən yüksək təsir səviyyəsi Virciniyanın Ekoloji Ədalət Qanununa əsasən aztəminatlı və ya əsasən irqi azlıqların yaşadığı ərazilərlə üst-üstə düşür.
Data mərkəzlərinin yaxınlığında səs-küy səviyyəsi adətən 40–59 desibel arasında dəyişir. Bu, orta güclü yağışın və ya adi söhbətin səsinə bərabərdir. Lakin daimi aşağıtezlikli uğultu sadəcə narahatlıq yaratmır - o, divarlardan daha asan keçir və yüksək tezlikli səslərlə müqayisədə standart səs izolyasiya vasitələri ilə daha çətin bloklanır.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi küçə səs-küyünün 55 desibeli keçməməsini tövsiyə edir. Yaşayış məntəqələrinin yaxınlığındakı data mərkəzləri isə bu həddi tez-tez aşır. Belə səs-küyə uzunmüddətli məruz qalmanın ürək-damar xəstəlikləri, koqnitiv funksiyaların zəifləməsi və psixi sağlamlıq problemləri ilə əlaqəli olduğu bildirilir. Tədqiqatçılar xüsusilə uşaqların daha həssas olduğunu vurğulayırlar. Çünki xroniki səs fonu onların diqqət cəmləməsini və təhsildə nailiyyətlərini zəiflədir.
Post-Schar School sorğusuna əsasən, hazırda seçicilərin yalnız 35 faizi öz icmalarında yeni data mərkəzinin tikilməsinə razılıq verərdi. Halbuki 2023-cü ildə bu göstərici 69 faiz idi.
Məqalə müəllifi vurğulayır ki, vəziyyətin məsuliyyətli idarə olunması üçün reaktiv tədbirlərdən sistemli planlaşdırmaya keçid vacibdir. O, xüsusilə iri obyektlər üçün ümumdövlət icazə sisteminin yaradılmasını, vergi güzəştlərinin təmiz enerji istifadəsi ilə əlaqələndirilməsini və şirkətlərin qapalı dövriyyəli su istehlakı texnologiyalarından istifadə etməsinin məcburi edilməsini təklif edir.
Hazırladı:
S.ELAY
XQ

