Dmitri Medvedev Ermənistan hakimiyyətinin siyasətini sərt tənqid edərək bildirib ki, rəsmi İrəvan bir tərəfdən Rusiyadan aldığı qazın güzəştli qiymətini qorumağa çalışır, digər tərəfdən isə Avropa İttifaqı ilə yaxınlaşma siyasəti yürüdür.
Medvedev “Maks” kanalında yazıb ki, “iki stul arasında oturmağa çalışan adam sonda ağrılı şəkildə yerə düşə bilər”. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni Avropa İttifaqına yaxınlaşdırmağa çalışsa da, eyni zamanda Avrasiya İqtisadi İttifaqı çərçivəsində əldə olunan üstünlükləri saxlamaq niyyətindədir.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini qeyd edib ki, Ermənistan Avropa ilə münasibətləri dərinləşdirsə belə, Rusiyadan qazı əvvəlki qiymətlə almaqda maraqlıdır. Onun sözlərinə görə, hazırda Ermənistan üçün Rusiya qazının qiyməti hər min kubmetr üçün 177,5 dollar təşkil edir. Halbuki Avropada 2026-cı ilin may ayında birja qiymətləri 570–590 dollar arasında dəyişib.
Medvedev iddia edib ki, Ermənistan Avropa qaz qiymətlərinə keçərsə, ölkə daxilində ciddi sosial narazılıq yaranacaq və əhali Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilər. O əlavə edib ki, Paşinyan eyni anda həm Rusiyanı, həm də Qərbi razı salmağa çalışır.
Bundan əvvəl Vyaçeslav Volodin də Paşinyanın Rusiyaya münasibətdə siyasətini “dostyana olmayan xətt” kimi qiymətləndirib. Volodin bildirib ki, Rusiya Ermənistana qazı faktiki olaraq öz maraqlarına zərər hesabına tədarük edir.
Ermənistan isə artıq rəsmi şəkildə Avropa İttifaqına üzv olmaq niyyətini açıqlayıb və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində iştirakını dayandırıb. Mayın 5-də İrəvanda Ermənistan və Avropa İttifaqı arasında ilk ikitərəfli sammit keçirilib.
Apreldə Vladimir Putin Paşinyanla görüş zamanı xatırladıb ki, Ermənistan eyni vaxtda həm Gömrük İttifaqında, həm də Avropa İttifaqı və Aİİ məkanında tamhüquqlu iştirak edə bilməz.
Ermənistan parlamentinin spikeri Alen Simonyan isə aprelin əvvəlində bəyan edib ki, Rusiyadan qaz qiymətləri artırılarsa, Ermənistanın KTMT və Aİİ-dən çıxması məsələsi gündəmə gələ bilər.
Bütün bunlar Moskva ilə İrəvan arasında münasibətlərin sürətlə gərginləşdiyini göstərir. Rusiya Ermənistanın Qərbə inteqrasiya kursunu öz geosiyasi maraqlarına təhdid hesab edir və bunu artıq açıq mesajlarla ifadə etməyə başlayıb.
Tarix boyu Ermənistan müxtəlif güc mərkəzləri arasında manevr siyasəti yürüdərək maksimum siyasi və iqtisadi dividendlər əldə etməyə çalışıb. Lakin bu siyasət uzunmüddətli perspektivdə tərəfdaşlarla münasibətlərdə etimad böhranı yaradıb.
Azərbaycan tərəfi də uzun illərdir bildirirdi ki, Ermənistanın siyasəti gec-tez Rusiya ilə ciddi ziddiyyətlərə gətirib çıxaracaq. Bu gün baş verənlər həmin proqnozların reallığa çevrildiyini göstərir. Vaxtilə Ermənistanın təhlükəsizlik, enerji və iqtisadi sisteminin əsas dayaqlarını formalaşdıran Moskva indi İrəvanın açıq şəkildə Qərbə yönəlməsindən ciddi narahatlıq keçirir.
Rusiyada bəzi siyasi dairələr hesab edir ki, Ermənistan artıq faktiki olaraq anti-Rusiya siyasəti yürüdür. Bu fonda Moskvanın İrəvana münasibətdə daha sərt iqtisadi və siyasi addımlar ata biləcəyi ilə bağlı müzakirələr də güclənir.
Ekspertlər hesab edirlər ki, Rusiya istəsə, Ermənistana qaz tədarükünü məhdudlaşdıra, Metsamor Atom Elektrik Stansiyası üçün nüvə yanacağı təminatını dayandıra, dəmir yolu və logistika sahəsində təzyiqləri artıra, eləcə də Ermənistan iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan mədən sektoruna təsir göstərə bilər.
Belə addımlar Ermənistan iqtisadiyyatı üçün ağır nəticələr doğura bilər. Çünki ölkə iqtisadiyyatı hələ də böyük ölçüdə Rusiya bazarı, enerji resursları və maliyyə axınlarından asılı vəziyyətdədir.
Hazırkı proseslər göstərir ki, Ermənistanın geosiyasi seçimi regionda yeni siyasi və iqtisadi qarşıdurma mərhələsinin başlanğıcı ola bilər.
Səbuhi MƏMMƏDOV
XQ

