Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yunanıstanın Saloniki şəhərində, Plaza Aretsus ərazisində keçirilən 25-ci “Food for Good” Beynəlxalq Qida Festivalında Azərbaycan da iştirak edib.
XQ-nin məlumatına görə, ölkəmiz festivalda “Qala” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyəti vasitəsilə təmsil olunub.
Xeyriyyə xarakteri daşıyan tədbirdə toplanan bütün vəsait Filiro bölgəsində yerləşən uşaq evinə ianə edilib. Festival eyni zamanda müxtəlif ölkələrin mədəniyyətlərini bir araya gətirərək sosial həmrəyliyin gücləndirilməsinə xidmət edib.
Festival çərçivəsində “Qala” Cəmiyyətinin nümayəndələri Azərbaycan milli mətbəxinin nümunələrini ziyarətçilərə təqdim ediblər. Qonaqlar plov, dolma, qutab, paxlava kimi ənənəvi yeməklərlə yanaşı, Azərbaycan çayının dadına da baxıblar.
Təşkilatçıların bildirdiyinə görə, əsas məqsəd Azərbaycan mədəniyyətini, kulinariya irsini və milli ənənələri beynəlxalq auditoriyaya tanıtmaq, həmçinin xalqlar arasında mədəni əlaqələri daha da genişləndirmək olub.
Qeyd olunur ki, hər il Salonikidə təşkil edilən “Food for Good” festivalı regionun ən böyük çoxmədəniyyətli tədbirlərindən sayılır və onlarla ölkənin iştirakı ilə minlərlə ziyarətçini bir araya gətirir.
Azərbaycan guşəsi festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və ölkəmizin tarixi, mədəniyyəti, eləcə də turizm potensialı barədə məlumat əldə etmək imkanı yaradıb.
Bu iştirak Azərbaycanın Yunanıstanda mədəni əməkdaşlıq və xalq diplomatiyası istiqamətində fəaliyyətinə töhfə kimi qiymətləndirilir.

