Neft şirkətinin “yaşıl” ödənişi

post-img

2026-cı il iyunun 8-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “yaşıl” təyinatlı istiqrazları üzrə sayca 5-ci faiz ödənişi həyata keçirilib. Bu barədə “SOCAR Capital”dan məlumat verilib.

Bildirilib ki, növbəti kupon ödənişi çərçivəsində istiqraz sahiblərinin hesablarına, ümumilikdə, 3 milyon ABŞ dolları məbləğində vəsait köçürülüb. Bununla da, SOCAR-ın “yaşıl” istiqrazları üzrə investorlara ödənilən ümumi gəlir 15 milyon dollara çatıb.

Xatırladaq ki, SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları 2025-ci il yanvarın 15-də ölkəmizin “yaşıl” enerji sahəsində həyata keçirdiyi strateji təşəbbüslərə töhfə vermək məqsədilə emissiya olunub. İllik 6 faiz gəlirlilik təqdim edən bu istiqrazlar 5 illik müddətə buraxılıb və investorlar tərəfindən böyük maraqla qarşılanıb. Ötən il martın 7-dən etibarən Bakı Fond Birjasında ticarəti başlanan SOCAR-ın “yaşıl” istiqrazları daxili kapital bazarında fəallığın artmasına mühüm töhfə verib. Təkcə onu qeyd etmək kifayətdir ki, indiyədək birjada həmin istiqrazlar üzrə 35,5 milyon dollardan artıq məbləğdə 512 əqd bağlanıb.

“ABB İnvest” investisiya şirkətinin marketmeykeri olduğu SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları bütün vergilərdən azaddır. Kupon ödənişləri hər 3 aydan bir həyata keçirilir və istiqrazlar müddətin sonunadək sahiblərinə, ümumilikdə, 60 milyon dollar qazandıracaq. Ümumilikdə, SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında aparılan ticarət həcmi 114 milyon dollar təşkil edib. Bağlanmış əqdlərin ümumi sayı isə 1726-ya çatıb ki, bu da birjada korporativ istiqrazlar üzrə bağlanmış əqdlərin 32,4 faizini təşkil edir.

Qeyd edək ki, istiqrazların ilk buraxılışından–2016-cı ildən bu günədək SOCAR tərəfindən vətəndaşlara və investorlara, ümumilikdə, 60 milyon 250 min ABŞ dolları məbləğində faiz ödənişi edilib. SOCAR istiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı mərkəzi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, eləcə də ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətləri vasitəsilə əldə etmək mümkündür.

XQ

İqtisadiyyat