Paşinyan “savaşçılar”ın yolunu bağladı

post-img

Ermənistanın Baş naziri sülh siyasətində israrlıdır

Nikol Paşinyanın həm sülh sazişinin institusional əsaslarla möhkəmləndiriləcəyini bəyan etməsi, həm də “müharibə partiyası”nın məğlub olduğunu vurğulaması Ermənistan siyasətində yeni mərhələnin başlandığını göstərir. Çıxışın ən mühüm məqamı isə Paşinyanın ilk dəfə sülh gündəliyini seçkidə qələbəsinin əsas siyasi nəticəsi kimi təqdim etməsi idi.

“Müharibə partiyası”nın məğlubiyyəti

Bəli, Paşinyanın seçkilərdən sonra səsləndirdiyi diqqətçəkən ifadələrdən biri “üçbaşlı müharibə partiyası məğlub oldu” fikri idi. Ermənistan baş naziri bununla nə demək istəyir və bu ifadənin arxasında hansı siyasi məna dayanır? Əslində, burada söhbət təkcə konkret siyasi qüvvələrin seçkidə uduzmasından getmir. Paşinyan seçki nəticələrini daha geniş siyasi və ideoloji müstəvidə təqdim etməyə çalışır. O, cəmiyyətə göstərmək istəyir ki, seçicilər, sadəcə, hakimiyyətlə müxalifət arasında seçim etməyiblər, həm də iki fərqli gələcək modeli arasında qərar veriblər. Bir tərəfdə uzun illər Ermənistan siyasətinin əsas istiqamətini müəyyən edən qarşıdurma, təhlükəsizlik narrativləri və keçmiş münaqişələrin təsiri altında formalaşmış siyasi düşüncə dayanırdı. Digər tərəfdə isə regionda yaranmış yeni reallıqları qəbul etməyə və inkişafı əməkdaşlıq üzərində qurmağa çalışan siyasi xətt. Paşinyanın mesajı ondan ibarətdir ki, Ermənistan cəmiyyəti artıq keçmişin siyasi gündəliyindən yorulub. Qarabağ məsələsinin əvvəlki formada gündəmdə olmaması, iqtisadi problemlərin dərinləşməsi və ölkənin regional layihələrdən kənarda qalması cəmiyyətin prioritetlərini dəyişməyə başlayıb. Məhz buna görə Paşinyan revanşist ritorikanı təmsil edən qüvvələrin məğlubiyyətini öz siyasi qələbəsindən daha böyük hadisə kimi təqdim edir. Amma burada sual yaranır: revanşist qüvvələrin seçkidə zəifləməsi doğrudanmı Ermənistan cəmiyyətində müharibə ideologiyasının tam məğlub olması deməkdir? Bu suala hələlik qəti cavab vermək çətindir. Çünki seçki nəticələri siyasi reallığı göstərsə də, ictimai şüurda formalaşmış uzunmüddətli yanaşmalar bir neçə il ərzində dəyişmir.

Azərbaycanla sülhün davamlılığı

Paşinyanın çıxışında diqqətçəkən məqamlardan biri də Azərbaycanla sülh prosesinin “institusionalizasiyası” barədə oldu. Məsələ ondadır ki, müasir beynəlxalq münasibətlərdə əldə olunan razılaşmaların davamlılığı təkcə liderlərin siyasi iradəsindən asılı olmur. Tarix göstərir ki, liderlər dəyişə bilər, hökumətlər gedib-gələ bilər, lakin dövlət siyasətinə çevrilmiş qərarlar daha uzunömürlü olur. Paşinyan da məhz bu məqamı vurğulamağa çalışır. O, Azərbaycanla münasibətlərin normallaşmasını Ermənistan dövlətinin uzunmüddətli strategiyası kimi təqdim etmək istəyir. Bir neçə il əvvəl Ermənistan siyasi məkanında sülh haqqında danışmaq ciddi müqavimətlə qarşılanırdı. Bu gün isə ölkə rəhbəri sülh sazişinin artıq imzalanmalı olduğunu və bundan sonrakı mərhələnin onun dövlət institutları səviyyəsində möhkəmləndirilməsini önə çəkir. O, anlayır ki, Ermənistanın qarşısında duran əsas çağırış çətin sülhü davamlı siyasi sistemə çevirməkdir. Çünki kağız üzərində imzalanmış sənəd ilə dövlət siyasətinə çevrilmiş sülh arasında böyük fərq var. Birincisi siyasi iradənin məhsuludur, ikincisi isə artıq hüquqi, institusional və ictimai mexanizmlərlə qorunan uzunmüddətli modeldir. Lakin burada Ermənistanın qarşısında ciddi bir dilemma dayanır. Əgər İrəvan həqiqətən də sülhü institusional əsaslara keçirmək istəyirsə, onda bu proses təkcə siyasi bəyanatlarla məhdudlaşa bilməz. Sülhün institusionalizasiyası, ilk növbədə, hüquqi müstəvidə öz əksini tapmalıdır. Məhz bu nöqtədə Azərbaycanın uzun müddətdir diqqət çəkdiyi konstitusiya məsələsi yenidən gündəmə gəlir.

TRIPP razılaşması qüvvədə qaldı

Seçkilərdən dərhal sonra etdiyi çıxışında baş nazir ABŞ ilə imzalanmış TRIPP layihəsinə xüsusi yer ayırdı. Uzun müddət Ermənistanın təhlükəsizlik modeli əsasən Rusiyaya söykənirdi. Həm hərbi müttəfiqlik, həm iqtisadi əlaqələr, həm də regional təhlükəsizlik arxitekturası Moskvanın təsiri çərçivəsində formalaşmışdı. Fəqət son illər baş verən hadisələr, xüsusilə də Ukrayna müharibəsindən sonra Rusiyanın regional təsir imkanlarının nisbi zəifləməsi İrəvanda yeni geosiyasi hesablamalara yol açıb. Paşinyan hakimiyyəti artıq Ermənistanın gələcəyini yalnız bir güc mərkəzinə bağlamağın risklərini açıq şəkildə görür. Məhz buna görə ABŞ və Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsi Ermənistanın xarici siyasət gündəmində görünən yer tutmağa başlayıb. TRIPP layihəsinin vurğulanması da bu strategiyanın bir hissəsi kimi qiymətləndirilə bilər. Burada maraqlı olan yalnız ABŞ-la əməkdaşlığın hansı siyasi kontekstdə təqdim edilməsidir. Paşinyan bir tərəfdən Vaşinqtonla əlaqələrin dərinləşdirilməsindən danışır, digər tərəfdən isə Azərbaycanla sülh sazişinin və Türkiyə ilə normallaşma prosesinin vacibliyini vurğulayır. Bu yanaşma göstərir ki, Ermənistan rəhbərliyi Qərbə inteqrasiyanı regionda yeni qarşıdurma xətti yaratmaq vasitəsi kimi deyil, daha geniş təhlükəsizlik və inkişaf modelinin elementi kimi təqdim etməyə çalışır. Digər tərəfdən, TRIPP layihəsinin siyasi əhəmiyyəti Ermənistanın beynəlxalq imicinə də təsir göstərə bilər. Paşinyan hökuməti son illər ölkəni daha açıq, proqnozlaşdırıla bilən və beynəlxalq tərəfdaşlar üçün cəlbedici dövlət kimi təqdim etməyə çalışır.

“Daxili təmizləmə” mesajı nə vəd edir?

Nikol Paşinyanın səsləndirdiyi ən sərt mesajlardan biri Ermənistanda “kriminal-oliqarxik sistemin kökündən çıxarılması” ilə bağlı oldu. O, uzun illərdir öz siyasi legitimliyini “köhnə sistemə qarşı mübarizə” üzərində qurur. Onun siyasi narrativində keçmiş hakimiyyət elitası yalnız siyasi rəqib deyil, həm də Ermənistanın inkişafına mane olan korrupsiyalaşmış və oliqarxik idarəetmə modelinin təcəssümüdür. Buna görə də hər yeni siyasi mandat Paşinyan tərəfindən təkcə hakimiyyətdə qalmaq hüququ kimi deyil, həm də köhnə sistemlə mübarizəni davam etdirmək üçün ictimai sifariş kimi təqdim olunur. Ermənistan hazırda mürəkkəb geosiyasi və daxili transformasiya mərhələsindən keçir. Azərbaycanla sülh danışıqları, Türkiyə ilə normallaşma prosesi, Qərblə münasibətlərin genişləndirilməsi kimi həssas məsələlər hökumətdən daha çevik qərarvermə mexanizmləri tələb edir. Bu səbəbdən Paşinyan komandasının dövlət idarəçiliyində daha mərkəzləşdirilmiş modelə üstünlük verməsi müəyyən siyasi məntiqə də söykənir. Ancaq uzunmüddətli perspektivdə əsas məsələ hakimiyyətin güclənməsi deyil, institutların güclənməsi olacaq. Çünki siyasi sistemlərin dayanıqlılığı daha çox müstəqil və işlək dövlət institutlarından asılıdır.

Region barış yolunda

Əslində, Paşinyanın müxtəlif çıxışlarında səsləndirdiyi tezislər bir nöqtədə birləşir. Bu nöqtə Ermənistanın regionun siyasi və iqtisadi sisteminə yenidən inteqrasiyasıdır. Bunun üçün İrəvanın qarşısında bir-birindən ayrı görünən, lakin əslində, eyni strateji zəncirin həlqələri olan bir neçə məsələ dayanır. Azərbaycanla davamlı sülhün əldə olunması, Türkiyə ilə münasibətlərin normallaşdırılması və regional nəqliyyat-kommunikasiya layihələrinə qoşulmaq cəhdləri, əslində, eyni məqsədə xidmət edir.

Maraqlıdır ki, Paşinyanın siyasi ritorikasında artıq bu məsələlər ayrı-ayrı mövzular kimi deyil, vahid inkişaf modelinin komponentləri kimi təqdim olunur. Çünki Ermənistan rəhbərliyi anlayır ki, Azərbaycanla sülh olmadan Türkiyə ilə tam normallaşma mümkün deyil, Türkiyə ilə münasibətlər normallaşmadan isə regionun əsas nəqliyyat və iqtisadi layihələrinə geniş şəkildə inteqrasiya etmək çətindir.

Son olaraq qeyd edək ki, Paşinyanın seçkilərdən sonra verdiyi mesajlar bütövlükdə özündə Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinə dair mühüm siqnallar ehtiva edir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət