Azərbaycan kəndi yeni yüksəlişin astanasında

post-img

Torpaqda rəqəmsal keçidin yol xəritəsi

2026–2030-cu illərdə kənd təsərrüfatında dayanıqlı inkişafın gerçəkləşdirilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi və fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi kimi prioritetləri nəzərdə tutan yeni Dövlət Proqramının redaksiyamızda müzakirəsinə həsr olunan dəyirmi masada qonaqlar Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqat Mərkəzinin direktor müavini, iqtisad elmləri üzrə fəlsəfə doktoru Namiq Şalbuzov, həmin mərkəzin baş mütəxəssisi Əfsanə Heydərova, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Eyyub Kərimli və Dövlət İdarəçilik Akademiyasının dosenti Elşan Əhmədov idilər.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov qonaqları salamlayaraq dünyada əhalinin sayının artması, iqlim dəyişiklikləri, urbanizasiya proseslərinin sürətlənməsi fonunda ölkəmizdə də aqrar problemlərin həllinə həssaslıqla yanaşıldığını vurğuladı, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi, rəqəmsal transformasiyanın inkişaf etdirilməsi, iqlimə uyğun texnologiyaların tətbiqinə mühüm önəm verilməsi kimi prioritetlərin qarşıya önəmli vəzifə kimi qoyulduğunu bildirdi.

Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar hazırlanan və kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı, eləcə də emalı sahələrinin inkişafı məsələlərini əhatə edən yeni Dövlət Proqramının bu baxımından mühüm önəm daşıdığını diqqətə çatdıran Əflatun Amaşov keçirilən “dəyirmi masa”nın da həmin sənəddə öz ifadəsini tapan prioritetlər barədə oxucuları məlumatlandırmaq məqsədi daşıdığını dedi.

Baş redaktor müavini Tahir Aydınoğlu isə qonaqları işgüzar, səmərəli müzakirəyə dəvət edərək qəzetimizin səhifələrində ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrlə bağlı vaxtaşırı yazılar dərc edildiyini, fermerlərin maliyyə resurslarına və müasir texnologiyalara çıxışı imkanlarının artırılması, eləcə də kənd yerlərində məşğulluq imkanlarının genişləndirilməsi mövzularında materialların hazırlanmasına xüsusi diqqət yetirildiyini, bunun indi də davam etdiyini bildirdi.

Namiq Şalbuzov:

– Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş geniş müşavirədə aqrar sektorda narahatlıq doğuran problemlərin aradan qaldırılması istiqamətində ətraflı bəhs edildi. Eyni zamanda, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ilə ölkənin aqrar sektorunda yeni transformasiya dövrünün başlandığı və yeni strategiyanın resurs səmərəliliyi, yüksək əlavə dəyər, bazar inteqrasiyası və texnologiyaya əsaslanan 4 prioritet üzərində qurulduğu vurğulandı.

Dövlət başçısı çıxışında qeyd etdi ki, kənd təsərrüfatı, sadəcə, iqtisadi fəaliyyət deyil, eyni zamanda, ərzaq təhlükəsizliyi, məşğulluq, regionların inkişafı və ixrac potensialının artırılması istiqamətlərində çoxfunksiyalı sahədir. Ötən il kənd təsərrüfatı istehsalında ümumi daxili məhsulun 5,9 faizə, qeyri-neft Ümumi Daxili Məhsulunun isə 8,3 faizə yüksəlməsi bu sahənin inkişafının diqqətdə saxlanılmasını ifadə edən rəqəmlərdir. Regionlarda məşğulluğun demək olar ki, 50 faizinin məhz bu sektorda təmin olunması isə aqrar layihələrin uğurlu icrasının məntiqi nəticəsidir.

Ölkə rəhbəri, eyni zamanda, son illərdə kənd təsərrüfatı istehsalında özünü büruzə verən durğunluqdan narahatlığını diqqətə çatdıraraq, yeni, konkret və qısamüddətli proqramın qəbul edilməsini isə bu sahədə hökm sürən çətinliklərin aradan qaldırılması məqsədi daşıdığını xatırlatdı. Dövlət başçısı bununla yanaşı, dünyada gedən mənfi meyillərin – müharibələr, nəqliyyat zəncirlərinin qırılması, enerji böhranı və iqlim dəyişikliyi kimi amillərin də istehsala təsirsiz ötüşmədiyini xatırlatdı.

Prezident İlham Əliyev müşavirədə genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə axın prosesinin dayandırılması və əksinə, şəhərlərdən kəndlərə qayıdışın təşviqi ilə bağlı strateji hədəfləri də açıqladı. Eyni zamanda, kəndlə şəhər arasındakı fərqlərin azaldılması, sosial infrastrukturun inkişafı və kənd təsərrüfatına yeni təkan verilməsi kimi məsələlərin prioritet vəzifələr sırasında yer aldığını qeyd etdi. Həmçinin son 20 il ərzində regionlarda genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini, qazlaşdırma səviyyəsinin 96 faizə çatdırıldığını, elektrik təchizatında nəzərəçarpan problemlərin aradan qaldırıldığını, minlərlə kilometr yol çəkildiyini, Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi böyük su anbarlarının inşa edildiyini, habelə kanalların yenidən qurulduğunu bildirdi.

Dövlət başçısı bu sadalananlarla bərabər, hazırda Qarabağ və Şərqi Zəngəzurda 25 faiz su ehtiyatının formalaşdığını, Köndələnçay, Xaçınçay, Suqovuşan, Sərsəng, Zabuxçay su anbarlarının yenidən qurulduğunu, Bərgüşad və Həkəri su anbarlarının tikintisinin davam etdirildiyini diqqətə çatdırdı. Ölkə rəhbəri, həmçinin Şirvan kanalının betonlaşdırılmasının gələn il başa çatdırılacağını və Qarabağ kanalının bərpasından sonra 200-300 min hektar torpağa su ötürüləcəyinin mümkünlüyünü də xatırlatdı.

Eyyub Kərimli:

– Respublika iqtisadiyyatının şaxələndirilməsi siyasətində kənd təsərrüfatı xüsusi yer tutur. Son illərdə ölkədə qeyri-neft sənayesinin inkişafının prioritet istiqamətlərindən biri kimi aqrar sahəyə göstərilən dövlət dəstəyi bu sektorda mühüm keyfiyyət dəyişikliklərinə səbəb olub. Məhz həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində kənd təsərrüfatı istehsalında artım təmin edilib, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində ciddi nailiyyətlər əldə olunub, ixrac imkanları genişlənib və kənd yerlərində məşğulluq səviyyəsi yüksəlib.

Bu baxımdan burada barəsində söhbət açılan Dövlət Proqramı aqrar siyasətin növbəti mərhələsini müəyyənləşdirən mühüm strateji sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Yeni proqram yalnız istehsalın artırılmasını deyil, həm də keyfiyyətli məhsul istehsalını, rəqabət qabiliyyətinin yüksəldilməsini, emal sənayesinin inkişafını və ixrac potensialının genişləndirilməsini hədəfləyir.

Qeyd edim ki, son onillikdə kənd təsərrüfatında genişmiqyaslı institusional və struktur islahatlar həyata keçirib. Aqrar subsidiya sisteminin elektronlaşdırılması, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə fermerlərə təqdim olunması, güzəştli kreditlərin verilməsi, suvarma sistemlərinin təkmilləşdirilməsi və aqrar xidmətlərin rəqəmsallaşdırılması bu islahatların əsas istiqamətlərini təşkil edib.

Xüsusilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin fəaliyyətə başlaması fermerlərlə dövlət arasında münasibətlərin daha şəffaf və operativ qurulmasına imkan yaradıb. Subsidiya mexanizmlərinin təkmilləşdirilməsi nəticəsində dövlət dəstəyinin ünvanlılığı artıb, fermerlərin istehsal imkanları genişlənib.

Eyni zamanda, aqroparkların yaradılması aqrar istehsalın sənaye əsasları üzərində qurulmasına təkan verib. Müasir texnologiyaların tətbiqi, innovativ yanaşmaların təşviqi və iri təsərrüfatların formalaşdırılması məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərib. Ölkənin müxtəlif bölgələrində yaradılan aqroparklar bu gün həm daxili bazarın təminatında, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayır.

Əfsanə Heydərova:

– Ölkə Prezidenti müşavirədə bəzi məhsullarda özünütəminat səviyyəsinin qəbuledilməz dərəcədə aşağı olduğunu da bildirərək, xüsusilə buğda istehsalında bu göstəricinin 55 faiz, bitki yağlarında 52 faiz və kərə yağında 62 faiz olması faktının ölkənin ərzaq təhlükəsizliyi üçün ciddi risklər yaratdığını dedi. Eyni zamanda, respublikada daxili istehsalın 1 milyon 573 min ton, idxalın isə 1 milyon 267 min ton təşkil etdiyini nəzərə alaraq idxalı azaltmaq, yerli istehsalı gücləndirmək və investorları bu istiqamətlərə yönəltmək kimi məqsədlərin Dövlət Proqramında qarşıya əsas vəzifələr kimi qoyulduğunu söylədi.

Özünütəminat səviyyəsindən danışarkən, bununla bağlı müşavirədə səsləndirilən bir sıra göstəriciləri də xatırlatmaq istərdim. Belə ki, hazırda respublikada tərəvəz üzrə 107 faiz, meyvə-giləmeyvə üzrə 140 faiz, kartof üzrə 91 faiz özünütəminat səviyyəsi mövcuddur. Tərəvəz ixracı 214 min ton, meyvə ixracı, təqribən, 600 min tona yaxındır. Fındıqçılıq üzrə Azərbaycan dünyada dördüncü, xurma ixracında ikinci, şaftalı və nektar ixracında doqquzuncu sıradadır. Çiyələk, albalı, pomidor, pambıq lifi kimi məhsullarda da ölkəmiz dünya ixrac siyahılarında ilk iyirmilikdə qərarlaşır.

Qeyd edim ki, dövlət başçısı müşavirədə vurğuladığı bu göstəriciləri həm yerli, həm də xarici investorlar üçün siqnal və mesaj kimi dəyərləndirdi. Eyni zamanda, buğda istehsalında 55 faizin qəbuledilməz olduğunu, buğda idxalının azaldılmasının vacibliyini də vurğuladı. Dövlət başçısı bununla belə digər dənlilər üzrə vəziyyətin prinsip etibarilə müsbət olduğunu, əhalinin bu sahədə təminatının 95 faiz səviyyəsinə yüksəldiyini diqqətə çatdırdı.

Yeri gəlmişkən, bu məqamda müşavirədə idxal və ixracla bağlı səsləndirilən bəzi göstəriciləri də burada bir daha diqqətə yönəltməyi zəruri sayıram. Belə ki, ölkə rəhbərinin vurğuladığı kimi, kartof istehsalının artırılması üçün respublikada əlverişli imkan olduğundan həm idxalı tamamilə aradan qaldırmaq, həm özümüzü təmin etmək, eyni zamanda, daha böyük həcmdə ixrac reallaşdırmaq mümkündür.

Bundan başqa, hazırda əhalinin mal əti ilə təminatının 84 faiz, quş əti ilə 82 faiz, qoyun-keçi əti ilə 94 faiz, balıq və balıq məhsulları ilə 81 faiz ödənilməsi, yumurta istehsalında 2 milyard 340 min ədəd göstəricinin qeydə alınması, bu növ məhsulun kənardan gətirilməməsi, ixracın isə 90 milyon ədədə çatdırılması diqqətəlayiq haldır. Eləcə də özünütəminatın çayda 86 faiz, şəkərdə 102 faiz təşkil etməsi bu istehsal sahələrinin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin uğurla icrasının ifadəsidir. Amma bitki yağlarında təminatın 52 faiz, kərə yağında 62 faiz qeydə alınması təbii ki, narahatlıq doğurur və investorların bu gün idxal edilən məhsulların istehsalına mühüm töhfə vermələri ilə bağlı açıq mesaj kimi diqqət çəkir.

Elşan Əhmədov:

– Müasir dövrdə qlobal iqtisadiyyatda baş verən yeniliklər, iqlim dəyişiklikləri, ərzaq bazarlarında qeyri-sabitlik və geosiyasi risklər dövlətlərin ərzaq təhlükəsizliyi məsələsini milli təhlükəsizlik səviyyəsinə yüksəldib. Bunun nəticəsidir ki, ərzaq təminatı iqtisadi məsələ olmaqla bərabər, həm də sosial sabitliyin və dövlət təhlükəsizliyinin vacib elementinə çevrilib.

Bu baxımdan Prezident İlham Əliyevin təsdiqlədiyi sözügedən Dövlət Proqramı Azərbaycanın aqrar sektorunun yeni inkişaf mərhələsinə keçidini gerçəkləşdirən mühüm strateji sənəd kimi qiymətləndirilə bilər. Proqramın əsas məqsədi kənd təsərrüfatında məhsuldarlığın artırılması, emal sənayesinin inkişaf etdirilməsi, balıqçılıq və akvakultura sektorunun genişləndirilməsi, həmçinin aqrar sahədə yüksək əlavə dəyər yaradan istehsal modelinin formalaşdırılmasıdır.

Əgər əvvəllər əsas diqqət kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılmasına yönəldilirdisə, yeni proqram artıq daha müasir yanaşma təqdim edir. Burada əsas hədəf yalnız istehsal deyil, eyni zamanda, istehsal-emal-logistika-ixrac zəncirinin bütöv şəkildə inkişaf etdirilməsidir.

Makroiqtisadi baxımdan proqramın ən mühüm əhəmiyyəti qeyri-neft sektorunun inkişafına verdiyi töhfədir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Aqrar sektor isə regionlarda məşğulluğun təmin olunmasında və qeyri-neft ixracının artırılmasında xüsusi rol oynayır. Digər mühüm istiqamət ərzaq təhlükəsizliyinin gücləndirilməsidir. Yerli istehsalın genişləndirilməsi ölkənin xarici bazarlardan asılılığını azaldır, qiymət şoklarının təsirini minimuma endirir və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatını yaxşılaşdırır.

Bu məsələdə strateji istiqamətlərdən biri də balıqçılıq və akvakultura sahəsinin inkişafıdır. Çünki Azərbaycan zəngin su ehtiyatlarına və Xəzər dənizinə çıxış imkanlarına malikdir. Buna baxmayaraq, uzun illər ərzində bu potensialdan tam istifadə olunmamışdır. Yeni proqram məhz bu boşluğu aradan qaldırmağa, müasir akvakultura təsərrüfatlarının yaradılmasına və balıq məhsullarının istehsalının artırılmasına yönəlmişdir.

Balıqçılıq sektorunun inkişafı həm ərzaq təhlükəsizliyinə, həm də ixrac potensialının genişləndirilməsinə xidmət edir. Eyni zamanda, bu sahə regionlarda yeni iş yerlərinin yaradılması üçün əlavə imkanlar açır. Başqa bir vacib istiqamət isə kənd təsərrüfatında innovasiya və rəqəmsallaşmanın tətbiqidir. İnkişaf etmiş ölkələrinin təcrübəsi də göstərir ki, məhsuldarlığın artırılması, ilk növbədə, müasir texnologiyaların tətbiqi ilə bağlıdır. “Ağıllı” suvarma sistemləri, rəqəmsal monitorinq, peyk müşahidələri və süni intellekt əsaslı idarəetmə sistemləri aqrar sektorun səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəldə bilər.

Namiq Şalbuzov:

– Xatırladım ki, Yeni Dövlət Proqramında 2026-2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın reallaşdırılması, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin gerçəkləşdirilməsi, dəyər zəncirlərinin inkişaf etdirilməsi, fermerlərin müasir aqrar xidmətlərə çıxışına və balıqçılıq sahəsinin inkişafına nail olunması qarşıya önəmli vəzifə kimi qoyulub. Proqramda nəzərdə tutulan tədbirlər fundamental və dəstəkləyici bloklara bölünüb. Sənəddə planlaşdırılan layihələrin icrası nəticəsində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan Ümumi Daxili Məhsulun 2026-2030-cu illər üzrə orta illik artımın ən azı 2 faiz təşkil edəcəyi, kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracı həcminin isə orta illik 6 faiz artacağı proqnozlaşdırılıb.

Buğda və pambıq istehsalında əsas hədəf kimi ixtisaslaşmış rayonlarda hər hektardan orta məhsuldarlığı 50 sentnerə çatdırmaq, buğda istehsalında, təqribən, 20 faiz artıma nail olmaq, pambıq emalı məhsullarının həcmini isə 4 dəfəyə qədər artırmaq aqrar sektorun əsas prioritet məqsədləri olaraq nəzərdə tutulub.

Dövlət Proqramının fundamental layihələrindən biri kimi suvarmanın təkmilləşdirilməsi, resurslardan səmərəli istifadə edilməsi və məhsuldarlığın artmasına şərait yaradan müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi əsas hədəflər sırasında yer alır. Belə ki, sözügedən sənədin uğurlu icrası nəticəsində müasir suvarma sistemləri tətbiq olunan sahələrin indiki 130 min hektardan 2030-cu ildə 300 min hektara çatdırılması proqnozlaşdırılır.

Eyni zamanda, Dövlət Proqramına əsasən, torpaq və su resurslarından səmərəli istifadənin təmin edilməsi, fermerlərin gəlirlərinin artırılması baxımından Qəbələ və Salyan rayonlarında, təqribən, 20 min hektar sahədə torpaq konsolidasiyası pilot layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bundan başqa, konsolidasiya çərçivəsində təsərrüfatdaxili suvarma şəbəkəsinin qurulması, parçalanmış torpaq parsellərinin birləşdirilməsi, kadastr xəritələrinin yenilənməsi və yeni su idarəetmə modelinin tətbiqi də nəzərdə tutulur. Torpaq analiz sisteminin müasirləşdirilməsi, ölkə üzrə əkin sahələrinin aqrokimyəvi göstəricilər əsasında xəritələşdirilməsi, 11 dövlət laboratoriyasının texniki müasirləşdirilməsi də proqramda yer alır.

Eyyub Kərimli:

– Yeni Dövlət Proqramının önəmindən danışarkən, ilk növbədə, keyfiyyət amili ön plana çıxır. Başqa sözlə, bu sənədin əsas fərqləndirici xüsusiyyətlərindən biri məhsuldarlıq göstəricilərinin artırılması ilə yanaşı, keyfiyyət prinsipinə xüsusi diqqət yetirməsidir.

Müasir dünya bazarlarında bu gün təkcə çox məhsul istehsal etmək kifayət etmir. İstehlakçılar, eyni zamanda, ekoloji cəhətdən təmiz, yüksəkkeyfiyyətli və beynəlxalq standartlara uyğun məhsullara üstünlük verirlər. Bu səbəbdən yeni proqram çərçivəsində keyfiyyət standartlarının tətbiqi, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğun istehsal proseslərinin təşviqi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın aqrar məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini artırmaqla yanaşı, istehsalçıların gəlirlərinin yüksəlməsinə də xidmət edəcək. Çünki yüksəkkeyfiyyətli məhsullar daha sərfəli qiymətlərlə satılır və ixrac bazarlarında daha davamlı mövqe qazanır.

Sözügedən Dövlət Proqramında bazar araşdırmaları ilə fermerlərin fəaliyyətini düzgün istiqamətləndirmək kimi məsələyə də xüsusi yer verilir. Ümumiyyətlə, bazarlarda sistemli araşdırmaların aparılması və müxtəlif məhsullara olan tələbatın mütəmadi öyrənilməsi zəruriliyinə diqqət yetirilməsi heç də təsadüfi hal sayılmır. Çünki uzun illər aqrar sektorda müşahidə olunan əsas problemlərdən biri bəzi məhsulların həddindən artıq istehsal edilməsi, digərlərinin isə çatışmazlığı ilə bağlı olub. Nəticədə bazarda qiymət dəyişkənliyi yaranıb, fermerlər bəzən məhsullarını lazımi qiymətə sata bilməyiblər.

Bu baxımdan yeni Dövlət Proqramı çərçivəsində bazar məlumatlarının fermerlərə operativ çatdırılması, istehlak tendensiyalarının öyrənilməsi və istehsal planlaşdırılmasının elmi əsaslar üzərində qurulması aqrar istehsalın daha səmərəli təşkilinə imkan verəcək. Bu yanaşma həm daxili bazarın sabitliyinə, həm də istehsalçıların gəlirlərinin qorunmasına xidmət edəcək.

Aqrar sahənin inkişafında fermerlərin və istehsalçıların birgə fəaliyyətinin təşkili mühüm əhəmiyyət daşıyır. Bu baxımdan müxtəlif kənd təsərrüfatı sahələri üzrə assosiasiyaların yaradılması ilə bağlı təşəbbüslər xüsusi diqqət çəkir. Beynəlxalq təcrübə göstərir ki, fermer birlikləri və sahəvi assosiasiyalar istehsalçıların maraqlarının müdafiəsində, bazarlara çıxış imkanlarının genişləndirilməsində və innovasiyaların tətbiqində mühüm rol oynayır. Belə qurumlar vasitəsilə fermerlər müasir texnologiyalar, yeni sortlar, marketinq strategiyaları və ixrac prosedurları barədə daha geniş məlumat əldə edə bilirlər. Eyni zamanda, assosiasiyalar dövlət və özəl sektor arasında əlaqələndirici mexanizm funksiyasını yerinə yetirirlər.

Əfsanə Heydərova:

– Dövlət Proqramında nəzərdə tutulmuş əsas tədbirlərdən biri də yüksək əlavə dəyər yaratması, ixrac potensialı və məşğulluq imkanları nəzərə alınmaqla intensiv və superintensiv meyvə bağlarının sahəsinin 20 min hektar artırılması hədəflənir. Eyni zamanda, ixrac potensialı və məşğulluq imkanları nəzərə alınmaqla istixana sahələrinin 2030-cu ilədək 2 min hektara çatdırılması nəzərdə tutulur. Cəbrayıl rayonunda tərəvəzçilik, meyvəçilik və gülçülüyü birləşdirən “Şərqi Zəngəzur pilot istixana aqroparkı”nın da yaradılması da planlaşdırılır.

Bundan savayı, Dövlət Proqramına əsaslanılmaqla kiçik ailə təsərrüfat şərabçılığının inkişafı istiqamətində butik tipli şərabçılıq təsərrüfatlarının sayı 20-yə çatdırılacaq, texniki sort üzüm bağları üçün investisiya yönümlü subsidiyalar tətbiq olunacaq. Taxıl silolarının həcminin 150 min kubmetr artırılması, soyuducu anbarların həcminin isə 500 min tona çatdırılması planlaşdırılır. Logistika infrastrukturunun inkişafı ilə bağlı əlavə 100 min tonluq soyuducu anbar infrastrukturunun yaradılması, 150 min tonluq yeni müasir taxıl silolarının qurulmasının dəstəklənməsi də hədəflənir.

Sənəddə yuxarıda diqqətə çatdırdığım məsələlərlə yanaşı, intensiv iribuynuzlu heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi hesabına cins heyvanların ümumi sürüdə payının 2,5 faizdən 10 faizə çatdırılması, süd istehsalının 10 faiz, ət istehsalının 20 faiz artırılması və mal əti ilə tam təminata nail olunması da qarşıya mühüm vəzifələr kimi qoyulur. Yeni süd və dəri toplama məntəqələri, yem istehsalı texnikası ilə təminatın gücləndiriləcəyi də əsas hədəflər sırasında yer alır.

Yarım intensiv qoyunçuluq təsərrüfatlarının yaradılması, yun toplama məntəqələri, örüş və otlaq sahələrinin bərpası nəzərdə tutulur. Quşçuluqda istehsalın 30 faiz artırılması, quş əti ilə özünütəminetmənin yaxşılaşdırılması, yeni damlar və kəsimxanaların yaradılması hədəflənir. Quşçuluq müəssisələrinin kommunal xidmətlərə qoşulma xərclərinin subsidiyalaşdırılması planlaşdırılır. Eyni zamanda, proqramda nəzərdə tutulan dövrdə quş əti istehsalının 82 faizdən 100 faizə çatdırılması da əsas məqsədlərdən biri olaraq diqqət mərkəzində saxlanılır.

Onu da deyim ki, yeni Dövlət Proqramına əsaslanılaraq, balıqçılıq və akvakulturanın inkişafı istiqamətində istehsal 7,7 min tona çatdırılacaq. Ölkədə ilk dəfə olaraq balıqçılıq sahəsində subsidiya və dövlət güzəştlərinin tətbiqinə başlanılacaq, balıqartırma zavodları inşa ediləcək. Göygöl rayonunun Çaykənd balıqartırma təsərrüfatının yenidən qurulacaq, Ağdərə rayonunda yeni balıqartırma təsərrüfatı yaradılacaq. Dövlət Proqramında qanunvericiliyin təkmilləşdirilməsi və sektora dəstək mexanizmlərinin formalaşdırılması prioritet tədbirlər sırasında yer alıb. Sənəddə, eyni zamanda, balıqçılıq məhsulları üzrə istehsal və ixrac imkanlarının genişləndirilməsi, damazlıq işinin gücləndirilməsi, balıq ovunun dayanıqlı əsaslarla təşkili, eləcə də izlənməsi proqramda nəzərdə tutulub.

Elşan Əhmədov:

– Yeni Dövlət Proqramının önəmindən bəhs edərkən, bir məsələni xüsusi vurğulamaq istərdim. Sənəddə bu gün aqroparklarda və iri təsərrüfatlarda peyk müşahidələri, coğrafi informasiya sistemləri, pilotsuz uçuş aparatları, ağıllı sensorlar və süni intellekt əsaslı qərarvermə sistemləri tətbiqinin məhsul istehsalının daha dəqiq planlaşdırılmasına əlverişli imkan yaratdığı xüsusi vurğulanır. Bildirilir ki, sadalanan vasitələrlə torpağın vəziyyəti, rütubət səviyyəsi, bitkilərin inkişaf dinamikası və xəstəlik riskləri real vaxt rejimində dəqiqliklə izlənilir və operativ tədbirlər görülür.

Su ehtiyatlarının məhdudlaşdığı müasir şəraitdə rəqəmsal texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. SCADA sistemləri, ağıllı suvarma texnologiyaları və avtomatlaşdırılmış monitorinq mexanizmləri vasitəsilə su resurslarından istifadənin səmərəliliyi artırılır, su itkiləri minimuma endirilir və dayanıqlı su idarəçiliyi gerçəkləşdirilir. Bu sistemlərin işə salınması yolu ilə xüsusilə iqlim dəyişikliklərinin təsirlərinə qarşı adaptasiya imkanları genişləndirilir. İnformasiya texnologiyalarının sürətli inkişafı ilə ənənəvi idarəetmə modelləri dəyişdirilərək resurslardan daha səmərəli istifadə, istehsalın optimallaşdırılması və qərarvermə proseslərinin təkmilləşdirilməsi üçün geniş imkanlar yaradılır.

Bu baxımdan SCADA sistemləri müasir kənd təsərrüfatı və suyun davamlı və inklüziv idarə olunmasında geniş tədbiq edilir. Həmin texnologiya müxtəlif obyektlərdən real vaxt rejimində məlumatların toplanmasını, emalını və təhlilini gerçəkləşdirməklə yanaşı, bütün istehsal və infrastruktur proseslərinin mərkəzləşdirilmiş qaydada idarə olunmasına imkan yaradır. Sensorlar, ölçü cihazları, proqramlaşdırılan idarəetmə sistemləri və kommunikasiya şəbəkələri vasitəsilə əldə olunan məlumatlar operativ şəkildə təhlil edilir və qərarların daha dəqiq qəbul olunması reallaşır.

Kənd təsərrüfatında rəqəmsal texnologiyalar – “ağıllı” suvarma sistemləri, torpaq və bitki vəziyyətini izləyən sensorlar, peyk müşahidələri və pilotsuz uçuş aparatları fermerlərə daha dəqiq və operativ qərarlar qəbul etməyə imkan verir. Aqroparklarda tətbiq olunan rəqəmsal idarəetmə sistemləri məhsuldarlığın yüksəldilməsinə, istehsal xərclərinin azaldılmasına və resurslardan səmərəli istifadəyə şərait yaradır.

Balıqçılıq və akvakultura sahəsində innovativ texnologiyalar isə su hövzələrinin keyfiyyət göstəricilərinin monitorinqinə, yemləmə proseslərinin avtomatlaşdırılmasına və bioloji göstəricilərin fasiləsiz izlənilməsinə imkan verir. Bu isə məhsuldarlığın artırılması, istehsal risklərinin azaldılması və ekoloji tarazlığın qorunması baxımından mühüm nəticələrə gətirib çıxarır.

Namiq Şalbuzov:

Bu məqamda onu da demək yerinə düşər ki, son 5 ildə aqrar ticarət artım dinamikası ilə inkişaf edib, ixracda kənd təsərrüfatı xammalı istehsalının emal məhsullarına nisbəti 3-4 dəfə üstünlük təşkil edib. Bu, ölkədə aqrar emal sənayesinin inkişafına təcili ehtiyac duyulduğunu göstərir. İdxalda isə aqrar emal məhsulları xammala nisbətən demək olar ki, iki dəfə üstünlük təşkil edir.

Məhsul istehsalında intensiv əkinçiliyin əhəmiyyətinin diqqətdə saxlanılması da mühüm əhəmiyyətə malikdir. Bu məsələ ilə bağlı onu qeyd edə bilərəm ki, ərzaqlıq buğdada ölkə ortalaması 3,2 ton olduğu halda, müasir suvarmaya malik təsərrüfatlarda ortalama məhsuldarlıq 5,8 ton olub. Açıq sahədə tərəvəz əkinində ortalama məhsuldarlıq 20 ton olduğu halda, müasir suvarma ilə 60 tona, istixanalarda isə 300 tona çatır. Bəzi uğurla fəaliyyət göstərən təsərrüfatlarda bu rəqəm 4 min 500 sentnerə yüksəlir. Bu da istixanalar hesabına çox kiçik bir sahədə böyük istehsal həcmi, məşğulluq imkanı yaradıla biləcəyini göstərir.

Heyvandarlıqda da intensivləşmənin səmərəliliyi sübut olunub. Belə ki, ailə təsərrüfatında yerli cins inək ildə 1800 litr süd verirsə, intensiv təsərrüfatlarda bu göstərici 7500 litrə, bəzi təsərrüfatlarda isə 10-12 min litrə çatır.

Əfsanə Heydərova:

– Son 5 ildə nominal ifadədə aqrar sektora dövlət dəstəyi çoxalıb, lakin dünya bazarında istehsal vasitələrinin qiymətinin artması real ifadədə dəstəyin azalmasına səbəb olub. Dövlət dəstəyi mexanizmlərinin 74 faizi bitkiçiliyə, 20 faizi texnika dəstəyinə, cəmi 6 faizi heyvandarlığa yönəldilib. Gələcəkdə dəstəyin məhsuldarlığın, fermer gəlirlərinin, aqrar emalın və ixracın artırılmasına daha çox yönəldilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, subsidiyaların çox çevik mexanizm olması, hər il məhsul və rayon üzrə yenidən nəzərdən keçirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.

Dövlətimizin başçısı çıxışında, eyni zamanda, torpaqların dəqiq analizinin aparılması, hər bir əkin üçün yararlı torpaq sahəsinə pasport verilməsi, süni intellekt, peyk imkanları və yerli tədqiqatların tətbiqinin diqqətdə saxlanılması zəruriliyini xatırladıb. Ölkə rəhbəri nitqində, həmçinin fermerlərin metodik tövsiyələr, treninqlər vasitəsilə müvafiq sahə üzrə məlumatlarının zənginləşdirilməsinin, eləcə də maarifləndirmə prosesinin və sığorta məsələlərinin təkmilləşdirilməsinin davam etdirilməsinin önəmini vurğulayıb.

Dövlət Proqramında qlobal trendlərin əhəmiyyəti də diqqətə çatdırılır. Məsələn, dünyada əhalinin sayının 2030-cu ildə 8,5 milyard nəfərə çatacağı gözlənilir və qlobal ərzaq tələbatının qarşılanması üçün 2050-ci ilədək ərzaq istehsalının 50 faiz artırılması tələb olunur. Proqramda Niderland, Danimarka və Almaniya təcrübəsinə əsaslanan dəyər zənciri yanaşmasının genişlənməsi, İsrail və ABŞ-da innovativ texnologiyalar, sensor sistemləri, aqrodronlar və süni intellekt əsaslı idarəetmə həllərinin tətbiqi, Norveç, Çin və Vyetnamda intensiv akvakultura texnologiyalarının öyrənilməsi nəzərdə tutulur.

Aqrar sahədə data əsaslı effektiv idarəetmənin təşkili üçün süni intellekt həllərinin genişləndirilməsi, modulların sayının 30-a çatdırılması, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən subyektlərini zəruri xidmətlər və məlumatlarla təmin edən vahid platformaya çevrilməsi hədəflənir.

Proqram çərçivəsində aqrar elm və təhsil sahələrinin inkişafı da prioritet tədbirlər sırasında yer alır. Aqrar ixtisaslar üzrə ikili diplom proqramlarının genişləndiriləcəyi, təqribən, 500 məzun hazırlanacağı, bir xarici universitetlə birgə ali təhsil müəssisəsinin yaradılacağı nəzərdə tutulur. Bundan əlavə, elmi tədqiqatların sayının artırılması, indeksləşdirilmiş jurnallarda çap olunan məqalələrin sayının 2027-ci ildən başlayaraq hər il 10 faiz artırılması, gənclər arasında elmi-tədqiqatların aparılmasına marağın artırılması da proqramda yer alır.

Elşan Əhmədov:

– Bu gün dünyada rəqabət üstünlüyü artıq təkcə torpaq, su və ya kapital resursları ilə deyil, həm də məlumatların idarə olunması və texnologiyalardan istifadə səviyyəsi ilə müəyyənləşdirilir. Azərbaycan da rəqəmsal transformasiya strategiyası çərçivəsində kənd təsərrüfatı, balıqçılıq, akvakultura və su təsərrüfatında innovativ həllərin tətbiqini genişləndirməklə davamlı və inklüziv inkişafın yeni modelini formalaşdırır.

Dövlət Proqramının digər mühüm üstünlüyü onun “yaşıl” iqtisadiyyat prinsiplərinə uyğunluğudur. İqlim dəyişmələrinin təsirlərinin artdığı bir dövrdə su ehtiyatlarından səmərəli istifadə, torpaq resurslarının qorunması və ekoloji dayanıqlığın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan proqram həm iqtisadi artımı, həm də ekoloji məsuliyyəti bir araya gətirən inkişaf modelini təşviq edir.

Eyni zamanda, proqramın regionların sosial-iqtisadi inkişafına da mühüm töhfə verəcəyi gözlənilir. Bundan başqa, kənd yerlərində gəlirlərin artması, yeni istehsal və emal müəssisələrinin yaradılması, logistika və xidmət sektorlarının inkişafının regionlararası inkişaf fərqlərinin azaldılmasına müsbət təsir göstərəcəyi proqnozlaşdırılır. Hesab edirəm ki, 2026-2030-cu illər üçün Dövlət Proqramı həm də ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi, regionların inkişafı və davamlı iqtisadi artımın təmin olunması baxımından mühüm strateji əhəmiyyət daşıyan kompleks inkişaf modelidir. Nəticə etibarilə, proqramın uğurlu icrası Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da güclənməsinə, ixrac potensialının genişlənməsinə, kənd əhalisinin rifahının yüksəlməsinə və ölkənin davamlı və inklüziv inkişaf məqsədlərinə nail olunmasına mühüm töhfə verəcək.

Eyyub Kərimli:

– Kənd təsərrüfatında yüksək gəlirliliyin təmin olunmasının əsas yollarından biri xammal ixracından emal olunmuş məhsul ixracına keçiddir. Bu baxımdan yerlərdə emal müəssisələrinin sayının artırılması Dövlət Proqramının ən vacib istiqamətlərindən biri hesab edilir. Emal müəssisələrinin bölgələrdə yerləşdirilməsi məhsul itkisini azaldacaq, logistika xərclərini aşağı salacaq və kənd yerlərində yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Meyvə-tərəvəz, süd məhsulları, ət emalı, balıqçılıq və akvakultura məhsullarının emalı üzrə müəssisələrin genişləndirilməsi də əlavə dəyər zəncirinin formalaşmasına və ixrac gəlirlərinin artmasına mühüm töhfə verəcək.

Kənd təsərrüfatında məhsul itkilərinin qarşısının alınması üçün müasir logistika infrastrukturunun yaradılması da mühüm əhəmiyyət daşıyır. Son illərdə bu istiqamətdə ciddi addımlar atılsa da, yeni Dövlət Proqramı soyuducu anbarların tikintisinin davam etdirilməsini prioritet vəzifələrdən biri kimi müəyyənləşdirir. Müasir saxlama infrastrukturu fermerlərə məhsullarını uzun müddət keyfiyyətini itirmədən saxlamağa imkan verir. Bu isə mövsümi qiymət dalğalanmalarını azaltmaqla yanaşı, bazara məhsulun daha planlı şəkildə çıxarılmasına şərait yaradır.

Heyvandarlığın inkişafı üçün yem bazasının möhkəmləndirilməsi əsas şərtlərdən biridir. Bu səbəbdən Dövlət Proqramında yemçiliyin xüsusi diqqətdə saxlanılması təsadüfi deyil. Çünki son illərdə yem məhsullarına olan tələbatın artması bu sahənin strateji əhəmiyyətini daha da yüksəldib. Yem bitkilərinin əkin sahələrinin genişləndirilməsi, məhsuldar sortların tətbiqi və müasir yem istehsalı müəssisələrinin yaradılması heyvandarlığın rentabelliyini artıracaq. Eyni zamanda, örüş yerləri ilə bağlı mövcud problemlərin həlli də proqramın mühüm istiqamətlərindəndir. Otlaq sahələrinin səmərəli idarə olunması, deqradasiyaya məruz qalmış ərazilərin bərpası və yeni örüşlərin dövriyyəyə cəlb edilməsi heyvandarlığın dayanıqlı inkişafına xidmət edəcək.

İqlim dəyişiklikləri, quraqlıq, dolu və digər təbii risklər kənd təsərrüfatında sığorta mexanizmlərinin əhəmiyyətini artırır. Bu baxımdan aqrar sığorta sisteminin sadələşdirilməsi və fermerlər üçün daha əlçatan edilməsi xüsusi aktuallıq daşıyır.

Sığorta prosedurlarının asanlaşdırılması, müraciət və ödəniş mexanizmlərinin operativləşdirilməsi fermerlərin risklərdən qorunmasını gücləndirəcək və investisiya fəallığını artıracaq.

Digər mühüm məsələ isə aqrar sahənin kadr təminatıdır. Müasir kənd təsərrüfatı artıq yalnız ənənəvi təcrübəyə deyil, elmi biliklərə və innovativ texnologiyalara əsaslanır. Buna görə də kənd təsərrüfatı mütəxəssislərinin işlə təmin olunmasına həssas yanaşılması, onların bölgələrdə fəaliyyətə cəlb edilməsi və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi sektorun gələcək inkişafı üçün vacib amillərdəndir.

Beləliklə, sözügedən Dövlət Proqramı ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin yol xəritəsidir. Sənəd, eyni zamanda, istehsalın, sadəcə, artırılmasına deyil, keyfiyyətli, rəqabətqabiliyyətli və ixracyönümlü aqrar sistemin formalaşdırılmasına xidmət edir. Proqramda nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi kənd təsərrüfatının modernləşdirilməsinə, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, kənd yerlərində rifahın yüksəlməsinə və qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfə verəcək. Azərbaycanın zəngin aqrar potensialının tam reallaşdırılması isə ölkənin iqtisadi qüdrətinin artmasına və regionun aparıcı aqrar istehsal mərkəzlərindən birinə çevrilməsinə geniş imkanlar açacaq.

Dəyirmi masanın söhbətini hazırladı:
Vaqif BAYRAMOV,
Cavid QAÇAYEV (foto)
XQ















Sosial həyat