Üç paytaxtın vahid strateji baxışı

post-img

Cənubi Qafqazda davamlı təhlükəsizliyin gələcəyi İstanbulda müəyyən edilir

Dünən İstanbul şəhərində keçirilən Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü regional təhlükəsizlik arxitekturasının gücləndirilməsi baxımından mühüm tarixi addım hesab olunur. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin iştirak etdiyi konfrans regional tərəfdaşlığın institusional səviyyədə möhkəmlənməsinə xidmət edən strateji platformadır.

Regional və beynəlxalq səviyyədə gərginliyin artdığı, qarşıdurmaların dərinləşdiyi hazırkı mərhələdə üç qonşu dövlətin xarici siyasət idarələrinin rəhbərlərinin toplantısı regional sabitliyi təhdid edən risklərin qarşısının alınması istiqamətində ortaq iradənin nümayişidir. Azərbaycan dövlətinin xarici siyasət kursu qonşu ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişaf etdirilməsinə yönəlir ki, İstanbul görüşü həmin hədəflərə çatmaq üçün əlverişli zəmin formalaşdırır.

Sözügedən görüşün gündəliyini təşkil edən əsas məsələlər regional sabitliyin qorunması, xarici siyasi təhdidlərin neytrallaşdırılması və üçtərəfli formatda yeni layihələrin müzakirəsindən ibarət idi. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov media nümayəndələrinə açıqlamasında qeyd etdi ki, hazırda həyata keçirilən layihələrin cari vəziyyəti, habelə gələcəkdə icrası planlaşdırılan yeni layihələr geniş təhlil edildi. Nazir xüsusilə vurğuladı ki, müasir dönəmdə ortaya çıxan mövzular kontekstində yeni icra olunan layihələr barədə geniş fikir mübadiləsi aparıldı və ortaq çağırışlar nəzərə alındı. Qeyd olunan layihələr, sadəcə, nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi ilə məhdudlaşmır, həm də regionun təhlükəsizlik çətirinin möhkəmləndirilməsinə xidmət edir. Üçtərəfli əməkdaşlıq çərçivəsində reallaşan layihələr kənar güclərin regiona neqativ müdaxilə imkanlarını məhdudlaşdırır və region ölkələrinin suverenliyini gücləndirir.

C.Bayramov onu da bildirdi ki, olduqca vacib məqam beynəlxalq və regional münaqişələrin, həmçinin artan gərginliyin Cənubi Qafqaza təsiri ilə bağlıdır: “Bölgənin neqativ tendensiyalardan kənar qalması qeyri-realdır və həmin proseslərin nəticələri artıq göz önündədir. Qlobal arenada qarşıdurmaların intensivləşdiyi, beynəlxalq hüquq normalarının zəiflədiyi şəraitdə Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada yerləşən ölkələr təhlükəsizlik riskləri ilə üz-üzə qalır. Xüsusilə Ukraynadakı müharibə, Yaxın Şərqdə davam edən gərginlik və böyük güclərin rəqabəti Cənubi Qafqazın daxili dinamikasına da təsir göstərir. Belə şəraitdə regional sabitliyin qorunması, kənar müdaxilələrin neytrallaşdırılması yalnız regional dövlətlərin fəal koordinasiyası sayəsində mümkündür”. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri məhz həmin reallığı diqqətə çatdıraraq, koordinasiyalı addımların atılmasını zəruri hesab etdiyini bildirdi.

***

Türkiyə–Azərbaycan–Gürcüstan əməkdaşlığı artıq institusional xarakter alan real prosesdir. İstanbulda reallaşan 10-cu görüş həmin əlaqələrin davamlı olduğunu, geosiyasi sınaqlara qarşı dayanıqlığını təsdiqlədi. Ankara, Bakı və Tbilisi arasında qurulan strateji ittifaq Cənubi Qafqazın təhlükəsizlik xəritəsini formalaşdıran əsas trenddir. Hər üç dövlət regional sabitliyin təmin edilməsində fərqli, lakin tamamlayıcı rollar oynayır. Türkiyə regional güc və NATO üzvü kimi hərbi-siyasi çəkiyə malikdir. Azərbaycan isə mühüm strateji mövqeyi və fəal diplomatiyası ilə regional təhlükəsizliyin əsas sütunudur. Gürcüstan isə Avropa İttifaqı və Avroatlantik məkana inteqrasiya xətti tutsa da, regiondakı strateji layihələrin və təhlükəsizlik konseptlərinin ayrılmaz hissəsidir.

Geosiyasi cəhətdən qiymətləndirdikdə, regional layihələrin həyata keçirilməsi həm iqtisadi, həm də böyük siyasi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyənin fəal iştirakı ilə formalaşan tranzit xətləri Gürcüstanın da strateji əhəmiyyətini yüksəldir. Rəsmi Tbilisi yaxşı anlayır ki, dövlət maraqlarının qorunması və xarici siyasi təzyiqlərə tab gətirmək üçün Bakı və Ankara ilə sıx əməkdaşlıq həyati əhəmiyyət kəsb edir.

Qeyd edilən neqativ tendensiyalar sırasına həm də regional münaqişələrin alovlandırılmasına yönələn xarici siyasi cəhdlər daxildir. Bəzi qərb dairələrinin Cənubi Qafqazda sülh prosesini pozmağa, Ermənistanı silahlandırmaqla yeni qarşıdurma ocağı yaratmağa çalışması sirr deyil. Belə cəhdlər regionun daxili işlərinə müdaxilə xarakteri daşıyır və sülh quruculuğuna mane olur. Azərbaycanın və Türkiyənin xarici siyasətində isə əksinə, regional sahiblik prinsipi əsas götürülür. Regional sahiblik prinsipi bölgədəki problemlərin yalnız regional dövlətlər tərəfindən həll edilməsini nəzərdə tutur. Hakan Fidan və Ceyhun Bayramovun görüşlərində dəfələrlə vurğulanan əsas tezis ondan ibarətdir ki, Cənubi Qafqazın təhlükəsizliyi kənar güclərin subyektiv maraqlarına qurban verilməməlidir. Gürcüstanın da həmin mövqeyə yaxın olması regional sabitliyin təmini üçün əlavə zəmanət yaradır.

***

Milli təhlükəsizlik strategiyalarının qarşılıqlı əlaqələndirilməsi üçtərəfli formatın əsas məqsədlərindən sayılır. İstanbul görüşü çərçivəsində tərəflərin fərdi təhlükəsizlik qayğıları və regional təhdidlərlə bağlı apardıqları müzakirələr həmrəyliyin göstəricisidir. Hazırda Gürcüstanın daxili siyasi həyatında baş verən hadisələr və xarici siyasi təzyiqlər fonunda rəsmi Tbilisinin Bakı və Ankara tərəfindən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycan Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə hər zaman qəti dəstək nümayiş etdirdi. Gürcüstan isə müvafiq olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasına və regional sülh təşəbbüslərinə hər zaman müsbət yanaşdı. Həmin qarşılıqlı dəstək strukturu regionda hər hansı güc boşluğunun yaranmasının qarşısını alır.

Qeyd etmək lazımdır ki, Maka Boçorişvilinin Gürcüstanın xarici işlər naziri qismində İstanbul görüşünə qatılması rəsmi Tbilisinin regional əməkdaşlığa sadiqliyini təsdiq edən vacib göstəricidir. Gürcüstanın xarici siyasətində baş verən müəyyən çalarlara baxmayaraq, regional formatlardan imtina edilməsi heç vaxt müzakirə mövzusu olmadı. Gürcüstan rəhbərliyi regional təhlükəsizlikdən məsul olan Azərbaycan və Türkiyə ilə əlaqələrin alternativsiz olduğunu dərk edir. Maka Boçorişvilinin bəyanatda regional layihələrin dəstəklənməsi, habelə qonşu dövlətlərlə təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi xüsusi yer tutdu. Beləliklə, İstanbul sammiti Gürcüstanın regional tərəfdaşlıq fəaliyyətini növbəti mərhələyə daşıdı.

Türkiyə, Azərbaycan, Gürcüstan xarici işlər nazirlərinin İstanbul görüşü Cənubi Qafqazın geosiyasi gələcəyini müəyyən edən strateji mərhələdir. Beynəlxalq və regional gərginlik fonunda bölgənin neqativ təsirlərdən uzaq qalması qeyri-realdır. Lakin Ankara, Bakı və Tbilisinin nümayiş etdirdiyi ortaq iradə, koordinasiyalı addımlar və müttəfiqlik münasibətləri regional dövlətlərin suverenliyini qorumaq üçün ən effektiv vasitədir. Bölgədə sabitliyin təmin edilməsi və xarici müdaxilələrin qarşısının alınması baxımından sözügedən format regional və beynəlxalq arenada fəal və təsirli mexanizm kimi çıxış etməkdə davam edəcək. Həmin formatın güclənməsi Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik üçün alternativsiz təməldir.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət