Aprelin 6-10-da Bakı şəhərində yerləşən Zərgərpalan hamamında Beynəlxalq Mədəni İrs Ustad Məktəbi çərçivəsində təşkil olunan dərs proqramlarının beşinci tematik qrupu - “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” üzrə təlimlər keçirilib.
XQ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi baş tutub.
Beş gün davam edən və ümumilikdə 20 saatlıq tədrisi əhatə edən proqram layihə əsaslı öyrənmə (Project-Based Learning - PBL) metodologiyası əsasında təşkil olunub. Tədris proqramı çərçivəsində iştirakçılar Azərbaycan xalq sənətkarlığının mühüm istiqamətləri - Lahıc misgərlik sənəti, sədəf sənətkarlığı, miniatür sənəti və illüminasiya sənəti (təzhib) üzrə nəzəri biliklər əldə etməklə yanaşı, praktiki məşğələlər vasitəsilə bu sənət növlərinin texniki və estetik xüsusiyyətlərini mənimsəyiblər.
Proqramın əsas məqsədi qeyri-maddi mədəni irs anlayışının sənətkarlıq kontekstində dərindən mənimsənilməsi, Azərbaycan xalq sənətkarlığının tarixi və estetik xüsusiyyətlərinin öyrənilməsi, ənənəvi sənət növlərinin texniki və bədii prinsiplərinin tətbiqi şəkildə təqdim olunması, bu irsin qorunması və ötürülməsi mexanizmlərinin təhlili olub. Təlimin əsas tədqiqat sualı isə “Azərbaycan xalq sənətkarlığı nümunələri qeyri-maddi mədəni irs kontekstində müasir dövrdə necə qoruna və davam etdirilə bilər?” kimi müəyyən edilib.
Proqramın ilk günü - 06 aprel tarixində qeydiyyat və ümumi tanışlıq Məleykə Hüseynova tərəfindən aparılıb. Daha sonra Prof.Dr. Şikar Qasımov (Bakı Mühəndislik Universiteti) “Qeyri-maddi mədəni irs anlayışı” mövzusunda məruzə ilə çıxış edib. Günün əsas mövzusu olan Lahıc misgərlik sənəti Nəzər Əliyev (“Lahıc” Dövlət Tarix və Mədəniyyət Qoruğu) tərəfindən təqdim olunub və mis üzərində işləmə texnikaları üzrə ustad dərsi keçirilib.
07 aprel tarixində keçirilən ikinci modul illüminasiya sənətinə - təzhibə həsr olunub. Dr. Şəhla Xəlilli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) “Təzhib sənətinin tarixi və mahiyyəti. Əlyazma mədəniyyəti və bəzək üslubları” mövzusunda çıxış edib. Gün ərzində qızıl suyu ilə işləmə texnikası, kompozisiya və ahəng prinsipləri üzrə ustad dərsi keçirilərək iştirakçılar tərəfindən sadə təzhib elementləri tətbiq olunub.
08 aprel tarixində keçirilən üçüncü modul miniatür sənətinə həsr edilib. Nərmin İmanova (“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi) “Azərbaycan miniatür sənətinin tarixi və inkişaf mərhələləri” mövzusunda təqdimat edib. Praktiki hissədə Pərinisə Əsgərova (miniatür rəssamı) tərəfindən klassik miniatür nümunələrinin təhlili, eskizlərin hazırlanması və rəngləmə texnikaları üzrə ustad dərsi keçirilib.
09 aprel tarixində keçirilən dördüncü modul sədəf sənətkarlığına həsr olunub. Balabəy Balabəyov tərəfindən sədəf sənətinin tarixi, mahiyyəti və tətbiq sahələri barədə məlumat verilib. Praktiki məşğələdə iştirakçılar sadə ornament nümunələrinin hazırlanmasında iştirak ediblər.
10 aprel tarixində keçirilən yekun modul çərçivəsində mövzular üzrə ümumiləşdirmə və interaktiv müzakirələr aparılıb. Sənətkarlıq ənənələrinin müasir dövrdə yaşadılması, usta-şagird münasibətlərinin rolu və gənc nəslin bu sahəyə cəlb olunması məsələləri geniş şəkildə müzakirə edilib. İştirakçılar seçdikləri sənət növü üzrə hazırladıqları yaradıcılıq işlərini təqdim edərək iş prosesini izah ediblər.
İştirakçıların layihələri elmi və tarixi əsaslandırma, texniki icra, estetik quruluş, yaradıcılıq yanaşması və təqdimat bacarıqları üzrə qiymətləndirilib. Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyıb.
Proqramın sonunda iştirakçılar Azərbaycan xalq sənətkarlığının əsas növlərini tarixi və estetik baxımdan təhlil etmək, bu sənət növlərinin texniki xüsusiyyətlərini tətbiq etmək və qeyri-maddi mədəni irs elementlərinin qorunması yollarını əsaslandırmaq bacarıqları əldə ediblər.















