Rəqəmsal gələcəyin inqilabi strategiyası

post-img

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) yaranmasından 5 il ötür

Rəqəmsal transformasiyanın sürətləndiyi, innovasiyaların iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrildiyi bir dövrdə Azərbaycan da bu qlobal trendlərə uyğun strateji addımlar atır. Bu istiqamətdə ölkədə həyata keçirilən təşəbbüslərin mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində 5 il əvvəl fəaliyyətə başlamış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) dayanır. Mərkəz rəqəmsal iqtisadiyyatın inkişafı və insan kapitalının gücləndirilməsi baxımından mühüm rol oynayır. Bəs bu proseslər hansı mərhələdədir və qarşıda hansı hədəflər dayanır? Bu və digər suallara aydınlıq gətirmək üçün 4SİM-in icraçı direktoru Fariz Cəfərovla həmsöhbət olduq.

– 4SİM-in əsas missiyası nədən ibarətdir? Mərkəz Azərbaycanda Dördüncü Sənaye İnqilabının çağırışlarına necə cavab verir ?

– Dünya iqtisadiyyatı Dördüncü Sənaye İnqilabı mərhələsindədir. Süni intellekt, 5G və 6G, əşyaların interneti, rəqəmsal əkiz, ağıllı şəhərlər, robotlar və avtomatlaşdırma texnologiyaları iqtisadi modelləri və idarəetmə yanaşmalarını köklü şəkildə dəyişir. Qlobal qiymətləndirmələrə görə, süni intellekt bazarının həcmi 2025-ci ildə 240 milyard ABŞ dollarını ötüb və 2040-cı ilədək onun qlobal iqtisadiyyata töhfəsinin 22 trilyon ABŞ dollarını keçəcəyi proqnozlaşdırılır. Rəqəmsal transformasiyanı sürətlə həyata keçirən ölkələr yeni iqtisadi reallıqlarda rəqabət üstünlüyü qazanırlar.

Azərbaycan üçün bu proses iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və insan kapitalının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. 2021-ci ildə dövlət başçısının Fərmanı ilə yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ölkənin qlobal texnoloji trendlərə sistemli və koordinasiyalı şəkildə cavab verməsini təmin edən əsas institusional platformadır. 4SİM, eyni zamanda, Dünya İqtisadi Forumunun 27 mərkəzdən ibarət Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Mərkəzidir.

4SİM-in missiyası Dördüncü Sənaye İnqilabının imkanlarını milli prioritetlərlə uzlaşdırmaq, innovativ texnologiyaların sektorlar üzrə tətbiqini təşviq etmək, bu istiqamətdə dövlət-özəl sektor əməkdaşlığını koordinasiya etmək və Azərbaycanın rəqəmsal iqtisadiyyat üzrə mövqeyini gücləndirməkdir.

4SİM fəaliyyətini beş əsas istiqamət üzrə qurub: qlobal texnoloji trendlərin monitorinqi və beynəlxalq təcrübənin ölkəyə transferi; innovativ texnologiyaların sektoral tətbiqinin təşviqi; rəqabətədavamlı insan kapitalının formalaşdırılması; rəqəmsal iqtisadiyyat üzrə strateji sənədlərin hazırlanması və icrasının koordinasiyası; eləcə də ictimai maarifləndirmə. Mərkəz rəqəmsal iqtisadiyyat, süni intellekt, rəqəmsal ticarət, əşyaların interneti və digər qabaqcıl texnologiyalar üzrə həm beynəlxalq tərəfdaşlarla, həm də yerli maraqlı tərəflərlə sistemli əməkdaşlıq həyata keçirir.

– Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün strategiya qəbul olunub. Bu sahəyə xarici investisiya qoyuluşu istiqamətində hansı işlər görülüb, gələcək planlar nədən ibarətdir ?

– 2025-ci ildə Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “2026-2029-cu illər üzrə Azərbaycan Respublikasında Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya” milli iqtisadiyyatın sahələrində rəqəmsal transformasiyanın sistemli və ölçüləbilən şəkildə həyata keçirilməsini nəzərdə tutan əsas çərçivə sənədidir. Strategiyada üç əsas istiqamət üzrə - dövlət, biznes və cəmiyyət - ümumilikdə 50 təşəbbüs müəyyən edilib. Onlardan 8-i yüksək təsir gücünə malik prioritet istiqamətlər kimi seçilib. Məqsəd rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, real sektorun texnoloji modernləşdirilməsi və innovasiya əsaslı inkişaf modelinə keçidin sürətləndirilməsidir.

Strategiyada 9 prioritet istiqamətdən biri məhz investisiya mühitinin yaxşılaşdırılması və qlobal bazarlara inteqrasiyanın gücləndirilməsidir. Bu çərçivədə rəqəmsal iqtisadiyyat sahəsində tənzimləyici mühitin təkmilləşdirilməsi, innovasiya və texnologiya şirkətləri üçün əlverişli biznes şəraitinin yaradılması, beynəlxalq texnologiya tərəfdaşlıqlarının genişləndirilməsi, ixracyönümlü rəqəmsal məhsul və xidmətlərin təşviqi, eləcə də ölkənin regional rəqəmsal hab kimi mövqeləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, xarici investorlar üçün “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərəcək xüsusi müşayiət və məlumatlandırma (concierge) xidmətinin yaradılması planlaşdırılır. Bu mexanizm vasitəsilə ölkəyə maraq göstərən investorlar bütün zəruri məlumatları, prosedur dəstəyi və əlaqələndirmə xidmətlərini vahid platformadan əldə edə biləcəklər. Məqsəd Azərbaycanı qlobal rəqəmsal dəyər zəncirlərinə daha fəal inteqrasiya etmək və yüksək texnologiyalar sahəsinə xarici investisiya axınını artırmaqdır.

4SİM bu strategiyanın icrasında dövlət qurumları, biznes subyektləri və beynəlxalq tərəfdaşlar arasında əlaqələndirmə rolunu həyata keçirir, real sektor üçün pilot mexanizmlər formalaşdırır və təşəbbüslərin praktik tətbiqini dəstəkləyir. Xüsusilə Sənaye 4.0, süni intellekt, data əsaslı idarəetmə, rəqəmsal bacarıqlar və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətləri üzrə konkret layihələr icra olunur.

Strategiya nəticəyönümlü yanaşmaya əsaslanır və konkret göstəricilər müəyyən edir. 2029-cu ilədək 300 müəssisənin rəqəmsal keçid proqramlarına cəlb edilməsi əsas hədəflərdən biridir. Strategiya çərçivəsində rəqəmsal bazarlara çıxış əldə edən KOB-ların sayının 200-ə çatdırılması, 250 yeni startapın formalaşdırılması və 40 min nəfərin rəqəmsal bacarıqlar üzrə təlimlərdən keçməsi əsas hədəflər sırasındadır. Eyni zamanda, sənəd əmək bazarında aktiv əhalinin ən azı 2 faizinin yüksəkixtisaslı İKT mütəxəssislərindən ibarət olmasını strateji məqsəd kimi müəyyən edir. Bu məqsədlə beynəlxalq sertifikat proqramları üzrə vətəndaşların təlim xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi də nəzərdə tutulur.

– Hazırda Azərbaycanın Dünya İqtisadi Forumunun “Sənaye klasterlərinə keçid” qlobal təşəbbüsünə qoşulması 4SİM-ə uyğun olaraq həyata keçirilir. Təşəbbüsün məqsədləri və gözlənilən nəticələri barədə nə deyə bilərsiniz? 4SİM-in enerji sahəsində süni intellekt tətbiqləri üzrə həyata keçirilən pilot layihə bu prosesə hansı töhfə verir?

– Cari ilin yanvar ayında Davos İqtisadi Forumunun 55-ci illik toplantısı çərçivəsində ilk dəfə “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda birgə sessiya təşkil etdik.

Builki sessiya zamanı Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” qlobal təşəbbüsünə qoşulması ölkəmizdə sənayenin karbonsuzlaşması, rəqəmsal transformasiya və dayanıqlı inkişaf baxımından mühüm addımdır. Bu qərar “2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya”nın prioritetlərinə - sənaye klasterlərinin formalaşdırılması, beynəlxalq təşəbbüslərə inteqrasiya və yaşıl iqtisadiyyatın inkişafına tam uyğundur. Azərbaycanın təşəbbüsə qoşulmasına dair Niyyət Məktubu Davos Forumu çərçivəsində imzalanıb və proses 4SİM-in koordinasiyası ilə həyata keçirilir.

DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü eyni bölgədə yerləşən və dəyər zənciri üzrə əlaqəli müəssisələrin karbonsuzlaşma, rəqəmsal texnologiyaların tətbiqi və dayanıqlı istehsal modeli üzrə koordinasiyalı fəaliyyətini nəzərdə tutur. Hazırda təşəbbüsə 19 ölkədən 39 klaster qoşulub və Azərbaycan bu şəbəkəyə daxil olan 20-ci ölkədir. Qoşulmuş klasterlər qlobal miqyasda 877 milyon ton CO₂ ekvivalentinin azaldılmasına, 508 milyard ABŞ dolları həcmində ÜDM töhfəsinə və 4,6 milyon iş yerinin dəstəklənməsinə imkan yaradır ki, bu da təşəbbüsün strateji əhəmiyyətini göstərir.

Bu çərçivədə İqtisadi Zonaların İnkişafı Agentliyi ilə birgə Sumqayıt Sənaye Parkında “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələrinin iştirakı ilə “NextGen” sənaye klasteri formalaşdırılıb. Klaster istehsal xərclərinin optimallaşdırılmasını, rəqabətqabiliyyətli məhsul istehsalını və ixrac potensialının artırılmasını hədəfləyir. Məqsəd sənaye müəssisələrini daha səmərəli, rəqəmsal və aşağı karbonlu istehsal modelinə keçidə təşviq etmək və Azərbaycanın qlobal sənaye transformasiyası prosesində fəal iştirakını təmin etməkdir.

Bu transformasiya prosesində enerji səmərəliliyinin artırılması və emissiyaların azaldılması üçün süni intellekt əsaslı həllər xüsusi əhəmiyyət kəsb edir. Qlobal miqyasda enerji sektoru artıq süni intellekt əsaslı transformasiya mərhələsinə daxil olub. Binalar hazırda dünya üzrə ümumi enerji istehlakının üçdəbirindən çoxunu təşkil edir və enerji ilə bağlı emissiyaların təxminən 26-30 faizi bu sektorun payına düşür (Beynəlxalq Enerji Agentliyi, 2023). Süni intellektin enerji bazarında payının 2025-2030-cu illər üzrə illik orta artım tempinin 30 faizdən çox olacağı proqnozlaşdırılır və bazar həcmi artıq 11,3 milyard ABŞ dollarına çatıb (Grand View Research, 2023). Eyni zamanda, süni intellekt əsaslı optimallaşdırma həlləri enerji israfını 40 faizədək azaltmaq potensialı nümayiş etdirir. Bu tendensiya süni intellekti enerji təhlükəsizliyi, xərclərin optimallaşdırılması və karbonsuzlaşma baxımından strateji alətə çevirir.

Azərbaycanda isə binalar ümumi enerji istehlakının, təxminən, 41,7 faizini (Beynəlxalq Enerji Agentliyi, 2023) təşkil edir ki, bu da qlobal orta göstərici olan 35 faizdən xeyli yüksəkdir (Dünya Bankı, 2024). Məhz bu səbəbdən 4SİM Dünya İqtisadi Forumunun “Süni İntellektin Enerji Təsiri” (AI Energy Impact) təşəbbüsü çərçivəsində milli pilot layihə həyata keçirib. Pilot layihə kommersiya təyinatlı binalarda süni intellekt əsaslı optimallaşdırma həllərinin tətbiqini nəzərdə tutub və real vaxt müşahidə, proqnozlaşdırıcı analitika və adaptiv idarəetmə mexanizmləri üzərində qurulub. Seçilmiş həll üzrə beynəlxalq nəticələr göstərir ki, HVAC (havalandırma, isitmə və soyutma) sistemlərində enerji istehlakını 25 faizədək azaltmaq, emissiyaları isə 20-40 faiz intervalında aşağı salmaq və investisiyanın geri dönüşünü 6-18 ay ərzində təmin etmək mümkündür (BrainBox AI tədqiqatları).

Layihənin nəticələri “Piloting the Future: Azerbaijan’s AI-Energy Playbook” (“Gələcəyin sınaqdan keçirilməsi: Azərbaycanın süni intellekt və enerji üzrə yol xəritəsi”) adlı hesabatda sistemləşdirilib və cari ildə dərc ediləcək. Hesabat 4SİM və Dünya İqtisadi Forumunun Enerji və Materiallar Mərkəzi ilə birgə hazırlanıb və süni intellektin bina sektorunda enerji səmərəliliyinə tətbiqi üzrə milli yol xəritəsini təqdim edir. Nəticələr göstərir ki, uyğun infrastruktur şəraitində süni intellektin tətbiqi enerji istehlakının əhəmiyyətli azalmasına, emissiyaların aşağı salınmasına və qısa müddətdə iqtisadi səmərəliliyin əldə edilməsinə real imkan yaradır.

Beləliklə, həm “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü, həm də enerjidə süni intellekt tətbiqləri Azərbaycan sənayesində rəqəmsal transformasiya, enerji səmərəliliyi və aşağı karbonlu iqtisadi modelə keçid üçün qarşılıqlı tamamlayıcı və strateji əhəmiyyətli istiqamətlər kimi çıxış edir.

– Mərkəz 20-dən çox özəl müəssisəyə texnoloji keçidə dair yol xəritələri hazırlayır. Bu sənədlər hansı meyarlar əsasında formalaşdırılır? Müəssisələrin süni intellekt və digər qabaqcıl texnologiyalara uyğunlaşma zamanı ən çox rast gəlinən çətinliklər hansılardır?

– “Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya” çərçivəsində əsas təşəbbüslərdən biri 4SİM tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”dır. Qeyd edim ki, daha əvvəl biz pilot layihə olaraq “Sənaye 4.0 Hazırlıq Proqramı”nı icra etdik və 5 müəssisədə texnoloji və yaşıl transformasiya ilə bağlı diaqnostika apardıq. Pilot mərhələdə proqrama qoşulan müəssisələr üçün fərdi yol xəritəsi tərtib olundu və artıq onlar yol xəritəsinin icrasına başlayıblar.

2026-cı ildə bu proqrama pərakəndə satış, qida sənayesi, tikinti və sənaye malları, metallurgiya və istehsal kimi müxtəlif sektorları təmsil edən 15 müəssisə qoşulub. Proqram praktik nəticələrə əsaslanır və hər bir müəssisə üçün ilkin mərhələdə texnoloji hazırlıq və dayanıqlı inkişaf üzrə yerində diaqnostika aparılıb. Bu diaqnostika zamanı müəssisələrin rəqəmsal hazırlıq səviyyəsi, mövcud texnoloji infrastrukturu, məlumatların idarə olunması imkanları və dayanıqlı inkişaf potensialı qiymətləndirilib. Diaqnostikanın nəticələrinə əsasən fevral ayında texnoloji transformasiya üzrə fərdi yol xəritələri hazırlanıb və müəssisələrə təqdim edilib.

Təcrübə göstərir ki, müəssisələrin süni intellekt və digər qabaqcıl texnologiyalara adaptasiyası zamanı əsas çətinliklər rəqəmsal bacarıq çatışmazlığı, köhnəlmiş infrastruktur, strukturlaşdırılmış məlumat bazasının olmaması və dəyişikliklərə institusional müqavimət ilə bağlıdır. Yol xəritələri məhz bu boşluqları aradan qaldırmaq üçün mərhələli və ölçüləbilən fəaliyyət planı təqdim edir. Proqramda iştirak tamamilə ödənişsizdir və sənaye müəssisələri industry4.az platforması vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Strateji hədəf 2030-cu ilədək 65 sənaye müəssisəsinə texnoloji transformasiya istiqamətində dəstək göstərməkdir. Ümumilikdə isə Strategiya çərçivəsində 300 müəssisənin texnoloji transformasiyası planlaşdırlır. Nəticə etibarilə, proqramda iştirak edən şirkətlərdə enerji səmərəliliyinin artırılması, əməliyyat xərclərinə qənaət, karbon emissiyasının azaldılması, avadanlıqların boşdayanma müddətinin minimuma endirilməsi və ümumi gəlirliliyin yüksəlməsi üzrə orta hesabla 10-20 faiz aralığında müsbət fərq formalaşdırılması gözlənilir. Bununla yanaşı, əməliyyat effektivliyinin artması hesabına müəssisələrin EBİTDA göstəricisində 5-8 faiz bəndi həcmində artım potensialı proqnozlaşdırılır ki, bu da texnoloji transformasiyanın birbaşa iqtisadi nəticə yaratdığını göstərir.

– ABŞ-ın “Coursera” şirkəti ilə birgə yaradılan “4Sİ Akademiyası–Milli Proqram”ın uğurları nədən ibarətdir ?

– 4SİM rəqəmsal iqtisadiyyata keçidin əsas dayağının insan kapitalı olduğunu nəzərə alaraq bu istiqamətdə sistemli layihələr həyata keçirir. 2023-cü ildə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılan “4Sİ Akademiyası” vətəndaşlarımıza dünyanın ən böyük onlayn tədris platformasında ödənişsiz təhsil imkanı təqdim edib. Bu imkanlar 4SİM tərəfindən dövlət və özəl sektor tərəfdaşlarından cəlb olunan vəsaitlər hesabına təmin olunur və beləliklə, beynəlxalq bazarda yüksək qiymətlərlə təqdim olunan kurslar geniş vətəndaş kütləsi üçün əlçatan olur.

Pilot mərhələdə biz 10 min vətəndaşı əhatə edən proqramla başladıq və bir il ərzində istifadəçilər 4200-dən çox beynəlxalq sertifikat əldə etdilər. “4Sİ Akademiyası” 2024-cü ildə “Coursera” şirkətinin “Süni intellekt innovasiyası” nominasiyası üzrə 42 ölkədən təqdim olunan 180 layihə arasında “Üstün nailiyyət mükafatı”na layiq görülüb.

Layihə pilot mərhələdə uğur əldə etdikdən sonra 2025-ci ilin aprel ayından etibarən biz onu daha geniş istifadəçi kütləsi üçün “Milli proqram” adı altında həyata keçirməyə başladıq. Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

Soydaşlarımız yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq “Coursera” onlayn təhsil platformasında 375-dən çox aparıcı universitet və texnologiya şirkətinin 18 mindən artıq kursuna çıxış əldə ediblər. Bir il ərzində 70 minə yaxın Azərbaycan vətəndaşı 320 mindən çox təlimə qoşularaq süni intellekt, proqramlaşdırma, data analitikası və digər qabaqcıl texnologiyalar üzrə bilik və bacarıqlarını artırıb. Təlimləri uğurla başa vuranlar 108 minə yaxın beynəlxalq sertifikat əldə ediblər. Proqram ölkənin bütün regionlarını əhatə edib. Regionlar üzrə Bakıdan sonra ən aktiv bölgələr Abşeron-Xızı, Gəncə-Daşkəsən və Naxçıvan regionlarıdır.

İstifadəçilər ən çox idarəetmə və biznes, süni intellekt, data analitikası və maşın öyrənməsi, təhsil və dil bacarıqları, həmçinin kibertəhlükəsizlik və İT sahələri üzrə təlimlərə üstünlük veriblər. Xüsusilə, idarəetmə və biznes istiqaməti ən yüksək nəticə ilə seçilir – bu sahədə təxminən 43 min sertifikat əldə olunub. Süni intellekt, data analitika sahələri üzrə bu göstərici 17 min, təhsil və dil bacarıqları sahəsində isə 10 minə yaxındır. Digər texnoloji sahələr də ümumi nəticədə əhəmiyyətli paya malikdir.

“Milli proqram” çərçivəsində əlçatanlığın artırılması məqsədilə “Coursera” platformasında 2 min 500 təlim Azərbaycan dilində altyazı ilə təqdim olunub, ən çox tələb olunan 15 təlim süni intellekt əsaslı texnologiya ilə dublyaj edilib və platformanın interfeysi Azərbaycan dilində istifadəyə verilib. Azərbaycan dilində təqdim olunan təlimlərə 18 min 500-dən çox istifadəçi müraciət edib və onlar 41 mindən çox təlimi uğurla tamamlayıblar.

İstifadəçilərin böyük əksəriyyəti aktiv əmək bazarı iştirakçısıdır. “Milli Proqram”a maraq göstərənlər arasında akademik sektor üstünlük təşkil edib (təxminən, 48 faiz). Təxminən 21 faizdən çox istifadəçi sənaye sektorunda (o cümlədən 10 faizi neft, qaz və enerji sahəsində), 20 faizi isə xidmət sahəsində fəaliyyət göstərir. Bu isə proqramın təhsil sistemi, dövlət idarəçiliyi, həm də biznes mühitində bacarıqların inkişafına paralel şəkildə töhfə verdiyini göstərir. Bununla yanaşı, iştirakçıların 10 faizi işsiz və ya əmək bazarına yeni daxil olan şəxslərdir ki, bu da onların məşğulluq imkanlarının artırılmasına xidmət edir.

Qeyd edək ki, proqramdan yararlananların 25 faizi dövlət sektorunda çalışanlar, 18 faizi isə özəl sektor təmsilçiləri olub. Bu nəticələr göstərir ki, “4Sİ Akademiyası – Milli Proqram” təkcə təlim təşəbbüsü deyil, ölkədə rəqəmsal bacarıqların kütləviləşdirilməsinə və inklüziv inkişafın təmin edilməsinə xidmət edən strateji platformadır.

– 4SİM-in gələcək fəaliyyəti ilə bağlı hansı prioritetlər müəyyənləşib? Hədəflər nələrdir ?

– 2026-cı ildən etibarən 4SİM-in fəaliyyət prioritetləri birbaşa “2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya”nın icrası ilə bağlıdır və əsas diqqət sənəddə müəyyən edilmiş təşəbbüslərin praktik həyata keçirilməsinə yönələcək. Bu çərçivədə sənaye və biznes mühitində süni intellekt, data analitikası, rəqəmsal əkiz və digər sənaye 4.0 texnologiyalarının tətbiqinin genişləndirilməsi, müəssisələrin transformasiya proqramlarına cəlbi və data əsaslı idarəetmənin gücləndirilməsi prioritet olacaq.

Eyni zamanda, insan kapitalının inkişafı strategiyanın əsas hədəflərindən biri kimi diqqət mərkəzində qalır. “4Sİ Akademiyası – Milli Proqram”ın daha bir il davam etdirilməsi planlaşdırılır. Layihəyə yerli şirkətlərin tərəfdaş qismində qatılması istiqamətində işlər aparılıb. Bu əməkdaşlıq çərçivəsində daha çox vətəndaşın beynəlxalq səviyyəli rəqəmsal bacarıqlar əldə etməsi və dəyişən əmək bazarının ehtiyaclarına uyğun bilik və bacarıqlar əldə etməsi üçün əlavə imkanlar yaradılacaq.

Ümumilikdə, məqsəd strategiyanın hədəflərinə uyğun olaraq texnologiyanı real iqtisadi dəyərə çevirmək və Azərbaycan iqtisadiyyatının rəqəmsal transformasiya prosesinə sistemli şəkildə töhfə verməkdir.

Müsahibəni qələmə aldı:
Nurlan ABDALOV
XQ





Müsahibə