Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.
XQ xəbər verir ki, tədbirdə Küveyt Xarici İşlər Nazirliyinin rəsmiləri, hakim ailənin üzvləri, diplomatik korpusun nümayəndələri, ictimai-siyasi və akademik dairələrin təmsilçiləri, Azərbaycanda təhsil almış küveytli məzunlar, türk icmasının nümayəndələri, eləcə də Küveytdə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər. Tədbirin əsas qonağı qismində Küveyt Dövlətinin xarici işlər nazirinin müavini Həməd Süleyman Məşəan əl-Məşəan iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycan və Küveytin Dövlət himnləri səsləndirilib. Daha sonra Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov çıxış edərək Müstəqillik Gününün Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıdığını bildirib. O, 1918-ci il mayın 28-də Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, qısa müddətdə dövlət təsisatlarının formalaşdırıldığını və milli dövlətçilik ənənələrinin əsasının qoyulduğunu diqqətə çatdırıb. Səfir qeyd edib ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra mürəkkəb siyasi və iqtisadi çətinliklərlə üzləşsə də, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin olunub, inkişaf və tərəqqi mərhələsinə qədəm qoyulub. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, 1994-cü ildə İslam Konfransı Təşkilatının Kasablankada keçirilmiş Zirvə Konfransı çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilə Küveyt Əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabah arasında keçirilmiş görüş zamanı əsası qoyulmuş Azərbaycan–Küveyt münasibətləri son illərdə dinamik inkişaf edir. Qeyd olunub ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, siyasi məsləhətləşmələr və birgə iqtisadi təşəbbüslər iki ölkə arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Səfir iqtisadiyyat, investisiya, turizm, kənd təsərrüfatı və ticarət sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirib. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ildə Küveyt Dövlətinə rəsmi səfərindən sonra ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.
Emil Kərimov Küveyt vətəndaşlarının Azərbaycana marağının artdığını diqqətə çatdıraraq, ötən il ölkəmizə 32 mindən çox Küveyt vətəndaşının səfər etdiyini deyib. Hazırda “Kuwait Airways” və “Jazeera Airways” tərəfindən Bakı ilə əl-Küveyt arasında birbaşa uçuşların həyata keçirildiyi qeyd olunub.
Küveyt Dövlətinin xarici işlər nazirinin müavini Həməd Süleyman Məşəan əl-Məşəan 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, həmçinin müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib.
Tədbir çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti və turizm potensialını əks etdirən fotostendlər təşkil olunub, videoçarxlar nümayiş etdirilib. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib, milli geyimlərdə iştirak edən icma üzvləri tərəfindən ölkəmizin mədəni irsi tanıdılıb. Tədbir iştirakçılarına “IRS Heritage” jurnalı və digər təbliğat materialları paylanılıb.
Sonda tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.





